“Mənim dünyam” adlı konsert proqramı keçiriləcək
Sentyabrın 29-da Heydər Əliyev Sarayında tanınmış bəstəkar Ələkbər Tağıyevin bəstələdiyi mahnılardan ibarət konsert proqramı təqdim olunacaq.
Sarayın mətbuat xidmətindən bildirilib ki, “Mənim dünyam” adlı konsert proqramında xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Səkinə İsmayılova, Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, Bilal Əliyev, Gülyaz və Gülyanaq Məmmədovalar, Faiq Ağayev, Nazpəri Dostəliyeva, əməkdar artistlər Mətanət İsgəndərli, Aygün Bəylər, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Bəyimxanım Mirzəyeva, Yadigar Muradov, müğənnilər Nazim, Arzu Rzayev, Tacir Şahmalıoğlu, Mirkamil Mirkamilov, Könül Məmmədli və Yaşar Muradov iştirak edəcəklər.
Müğənniləri səhnədə Nəsib Məhərrəmovun rəhbərliyi ilə “Şuşanın səsi” instrumental ansamblı müşayiət edəcək.
Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib.
Onun bəstələdiyi mahnıların ilk ifaçılarından biri SSRİ Xalq artisti Zeynəb Xanlarova olub. Bəstəkar xalq artistləri Məmmədbağır Bağırzadə, Nisə Qasımova və digərləri ilə əməkdaşlıq edib. Ələkbər Tağıyevin mahnıları bu sənətkarların yaradıcılığında xüsusi yer tutub. Bəstəkarın “Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnıları dəfələrlə xarici müğənnilərin repertuarına daxil olub.
Konsertin biletlərini şəhərin mərkəzi kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.