“Avrasiyanın səsləri” Avropada eşidiləcək

Xəbər verdiyimiz kimi, TÜRKSOY Gənclik Kamera Orkestri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 25 illiyi münasibətilə musiqi turnesinə çıxıb. Orkestr Türkiyənin Bolu və Safranbolu şəhərlərində böyük məşqlərdən sonra İngiltərənin London və Oksford, Şotlandiyanın Edinburq və Qlazqo, İtaliyanın Forli və Pesaro şəhərlərində “Avrasiyanın səsləri” adlı konsert proqramları təqdim edəcək. İlk konsert proqramı iyulun 25-də Oksfordda Şeldon Teatrında gerçəkləşib.
Kollektiv iyulun 18-də Boluda Abant İzzet Baysal Mədəniyyət Mərkəzində ilk məşqlərini edib.
İyulun 21-də Boluda orkestrin dirijorları Anvar Akbarov (Qazaxıstan) və Mustafa Mehmandarovun (Azərbaycan) idarəsi ilə konsert proqramı gerçəkləşdi.
Konsertin izləyiciləri arasında TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bolu Bələdiyyəsinin başqanı Ələddin Yılmaz, əsərləri ifa edilən türkdilli respublikaların bəstəkarları və media nümayəndələri vardı. Proqramda dünya klassikləri ilə yanaşı türk dünyası bəstəkarlarının əsərləri də ifa edildi.
Konsertdən sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bolu Bələdiyyəsinin başqanı Ələddin Yılmaz türkdilli respublikaların bəstəkarları və orkestrin üzvləri ilə görüşdülər.
Ələddin Yılmaz türk dünyasının musiqiçilərinə xoş diləklərini çatdırdı. “Musiqi dünyada tərcüməyə ehtiyacı olmayan dildir. Bundan sonrakı illərdə təkcə burda deyil, Bolunun başqa yerlərində də çalışmalarınızı təmin edəcəyik. Sizin adınızı gələcəkdə daha da yüksəklərdə görmək istəyirik”, - deyə o bildirdi.
Düsen Kaseinov da kollektivə uğurlar arzuladı: “Ümid edirəm ki, TÜRKSOY Gənclik Kamera Orkestrinin fəaliyyəti bundan sonrakı illərdə də davam edəcək. Türkdilli respublikalardan gələn bu gəncləri görüncə, onların musiqisini dinləyincə, qürur hissi keçirirsən. Biz Avropanı türkdilli xalqların musiqisi ilə tanış etməklə yanaşı, onların diqqətini bizim musiqimizə yönəldəcəyik. Məqsədimiz avropalı tamaşaçıları türk xalqlarının musiqi incəsənəti ilə tanış etməkdir”.

Təəssüratlar, düşüncələr...

Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Qidirbek:
- Gənc istedadlardan təşkil olunan bu orkestr çox möhtəşəmdir. Konsertdə kollektiv mənim “Deşti-Qıpçaq” (qıpçaq çölü - red.) əsərimi də ifa etdi. “Deşti-Qıpçaq” türk ulusunun yaşadığı nəhəng coğrafiyada qədim ümumtürk dövləti olub. Əgər nəzərə alsaq ki, bu orkestr türk dövlətlərinin gənclərindən ibarətdir, sanki bu gənclər də həmin ümumtürk dövlətinin övladlarıdır. Mən belə bir kollektivin ərsəyə gəlməsində TÜRKSOY-un baş katibi Düsen Kaseinova minnətdarlığımı bildirirəm”.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Rauf Əliyev:
- Bu gün Türkiyənin Bolu şəhərində türkdilli ölkələrin bəstəkarlarının əsərlərindən ibarət konserti dinlədik. Bu əsərlərin məhz TÜRKSOY-un təşəbbüsü ilə qurulan Kamera Orkestrinin ifasında səslənməsi xüsusi bir hadisəyə çevrildi. Bir bəstəkar kimi bu gənc musiqiçilərin belə peşəkar səviyyədə ifalarından çox məmnun oldum. Müəllifi olduğum “Coşqu” əsərimi, həqiqətən, də böyük coşqu ilə təqdim etmələri məni məmnun etdi. Ümumiyyətlə, TÜRKSOY-un türk xalqlarının mədəniyyətini dünyada tanıtması çox önəmlidir. Orkestrə böyük uğurlar diləyirəm”.

Qırğızıstan Milli Musiqi Akademiyasının prezidenti, bəstəkar Muratbek Begaliyev:
- Artıq bir neçə dəfədir ki, TÜRKSOY-un tədbirlərində iştirak edirəm. TÜRKSOY yaradıcı insanların özlərini tapdıqları yüksək qurumdur. Düsen Kaseinov isə xüsusilə musiqiçi olduğuna görə çox yaradıcı və enerjili bir insandır. TÜRKSOY Gənclik Kamera Orkestri də çox gözəl layihədir. Çünki onun tərkibində ən istedadlı gənclər birləşib”.

Bəstəkar Sukan Tuiliyev (Türkmənistan):
- Türkdilli respublikaların gənclərindən ibarət bu kollektivin ifası çox qürurvericidir. Onlar mənim də bəstəçisi olduğum bir əsəri ifa etdilər və çox bəyəndim. Türk dünyasını birləşdirən körpüləri həm də mədəniyyətlə quracağıq”.

Almatı Konservatoriyasının (Qazaxıstan) professoru, dirijor Anvar Akbarov:
- Türkdilli xalqların gənc istedadlarından ibarət orkestr Avropa ölkələrində və Amerikada konsert proqramları ilə çıxış edir və türk gəncliyinin nəyə qadir olduğunu nümayiş etdirir. Türk musiqisi hər yerdə çox isti qəbul edilib. Orkestrdə konservatoriyaların ən istedadlı tələbələri yer alıb. Ona görə də kollektivi idarə etmək çox rahat və zövqvericidir”.

Vyana Konservatoriyasının tələbəsi, «Xəzər virtuozları» kamera orkestrinin bədii rəhbəri və dirijoru Mustafa Mehmandarov:
- TÜRKSOY Gənclik Kamera Orkestrinin 2010-cu ildən üzvüyəm. Bir sıra qastrol səfərlərimiz və konsertlərimiz olub. Bu kollektiv demək olar ki, mənim ikinci ailəmdir. Son layihədə isə artıq məni orkestrin dirijoru kimi dəvət etdilər. Mənim dirijorluq fəaliyyətim də bu kollektivlə başlayıb. İlk dəfədir ki, TÜRKSOY Gənclik Kamera Orkestri olaraq türk respublikaları bəstəkarlarının yeni əsərlərini ifa edirik. Adətən birinci hissədə klassik musiqi, ikinci hissədə isə türkdilli xalqların musiqisi olurdu. Bu dəfə isə yeni əsərlərə də yer verdik. Orkestrin Avropa turnesi başlayır. Bundan əvvəl də belə konsertlər olub və inanıram ki, bu səfərimiz də uğurla gerçəkləşəcək”.

Bəstəkarlar Safranboluda yaşayıb-yaradacaq

İyulun 22-də isə türk dünyasının bəstəkarları Türkiyənin qədim və tarixi şəhəri Safranboluda bir araya gəldilər. Şəhərin bələdiyyə başqanı Necdet Aksoy, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, türkdilli ölkələrin bəstəkarlarının iştirakı ilə mətbuat konfransı keçirildi, layihə ilə bağlı daha geniş məlumat verildi.
Necdet Aksoy bildirdi ki, türk dünyasının müxtəlif ölkələrindən gələn bəstəkarlar Safranboluda əsərlər bəstələyərək onları xüsusi musiqi albomunda toplayacaqlar: “Bəstəkarlar 10 gün Safranboluda yaşayacaqlar. Onların TÜRKSOY Gənclik Kamera Orkestri üçün yazdıqları əsərlər “Safranbolunun səsi” adlı albomda toplanacaq və bütün türk dünyasına tanıdılacaq. Ümid edirəm ki, bəstəkarların Safranboluda bəstələdikləri bu musiqilər onların ən gözəl bəstələri olacaq”.
Layihənin rəhbəri Düsen Kaseinov bildirdi ki, “Safranbolunun səsi” albomunu bütün türk dünyasına paylamaq istəyirlər: “Bu şəhərlə daha öncə də birgə uğurlu layihələrimiz olub. Türk dünyasının yaradıcı insanlarını - fotoqrafları, rəssamları Safranboluya dəvət edib, onlarla birlikdə çalışmışıq. Bu şəhərdə yenə olmağımızdan məmnunuq”.
TÜRKSOY-un baş katibi bildirdi ki, bəstəkarlar öz fəaliyyətlərini bitirdikdən sonra onların işləri konsert şəklində təqdim olunacaq. Eyni zamanda TÜRKSOY-la birgə əməkdaşlıq çərçivəsində 17-ci Beynəlxalq “Qızıl Safran” Sənədli Film Festivalı da düzənlənəcək.
Bəstəkarlar da öz növbələrində onların yaradıcılığına belə şərait yaratdıqları üçün TÜRKSOY-a və Safranbolu Bələdiyyəsinə minnətdarlıqlarını bildirdilər.
Tədbirdən sonra bəstəkarlar Safranbolunun bir sıra tarixi yerlərinə, Yörük kəndinə, qədim bazar və karvansaralara infotur etdilər, tarixi və mədəni məkanlarla tanış oldular.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar