TÜRKSOY Gənclik Kamera Orkestri britaniyalıları heyrətləndirib
Türkdilli ölkələrin gənc musiqiçiləri öz ifaları ilə ən tələbkar auditoriyanın belə qəlbini fəth etməyi bacarırlar. İyulun 25-də Oksfordda TÜRKSOY-un gənclərdən ibarət kamera orkestrinin ifasını dinləməyə gələn klassik musiqi həvəskarları da bu faktın şahidi olublar.
Türk dünyasının fərqli ölkələrindən seçilmiş istedadlı ifaçılardan ibarət TÜRKSOY Gənclik Kamera Orkestri builki Avropa turuna Böyük Britaniyadan başlayıb. “Avrasiyanın səsləri” adlı konsertlər silsiləsi postsovet məkanın beş türk respublikasının - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 25 illiyinə həsr olunub.
Kollektiv ilk konsertini Oksford Universitetinin Şeldon Teatrında təqdim edib. Musiqi axşamına 500-ə yaxın sənətsevər qatılıb.
Orkestr dirijorlar Ənvər Əkbərov (Qazaxıstan) və Mustafa Mehmandarovun (Azərbaycan) idarəsi ilə dünya klassikləri ilə yanaşı türk dünyası bəstəkarlarının əsərlərini də ifa edib.
350 il öncə görkəmli ingilis memar Kristofer Ren tərəfindən inşa edilmiş Şeldon Teatrında hər il dünyaca ünlü Oksford Universitetini bitirən tələbələrin məzun törəni keçirilir. Orkestrin üzvləri Britaniyadakı çıxışlarına Oksforddan başlamalarını da sevinclə qarşılayıblar: “Oksfordun birinci olması çox yaxşı oldu! Əgər bu konsertə epiqraf seçilsəydi, çox güman ki, belə səslənərdi: türk dünyasının konservatoriya tələbələri məşhur universitet şəhərciyində!”
Orkestrin çıxışını müşayiət edən alqışlar tələbə musiqiçilərin mötəbər səhnədə sənət imtahanından uğurla çıxdıqlarını göstərib.
İyulun 26-da isə TÜRKSOY Gənclik Kamera Orkestrinin növbəti konsert məkanı London olub.
Tarixi Ceyms Kafedralında gerçəkləşən bu konserti də 500-dək tamaşaçı, o cümlədən Londonda fəaliyyət göstərən diplomatik missiyaların təmsilçiləri də izləyib.
Növbəti çıxış ünvanı Şotlandiyanın Edinburq şəhəridir. Türk dünyasının gəncləri həmçinin Qlazqo şəhərində İSME (Beynəlxalq Musiqi Təhsil Birliyi) dünya konfransında müxtəlif ölkələrdən gələn musiqişünasların qarşısında xüsusi konsert proqramı ilə çıxış edəcəklər.
Kamera orkestri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Başqırdıstan, Tatarıstan və Xakasiyadan olan gənc musiqiçilərdən ibarətdir.
Orkestrin repertuarına Edvard Qriq, Antonio Vivaldi, Pyotr Çaykovski, Alfred Şnitke, Qara Qarayev, Muratbek Berqaliyev, Suxan Tuqliyev, Mansur Saqatov və Almas Serkebayevin əsərləri daxildir.
Xatırladaq ki, orkestr TÜRKSOY-un baş katibi Düsen Kaseinovun təşəbbüsü ilə 2010-cu ildə yaradılıb. Məqsəd türk musiqisinin özünəməxsusluğunu həm də klassik janrlarda təbliğ etməkdən ibarətdir.
Orkestrin ilk konserti maestro Fuad Mənsurovun xatirəsinə həsr olunub və 2010-cu ildə Ankarada baş tutub. O vaxtdan etibarən orkestrin üzvləri 9 dəfə bir araya gəliblər və dünyanın müxtəlif ölkələrində 40 konsert veriblər.
Budəfəki səfər turu Britaniyadan sonra İtaliyanın Forli və Pesaro şəhərlərində davam edəcək. “Avrasiyanın səsləri” konsert proqramları avqustun 3-də başa çatacaq.
Mehparə Sultanova
Ankara