Heydər Əliyev Fondunun mədəniyyət sahəsində ən böyük layihələri sırasında 2009-cu ildə əsası qoyulan Qəbələ Beynəlxalq Musiqi Festivalı xüsusi yer tutur.

Ötən müddətdə dünya musiqi festivalları xəritəsinə daxil olan layihə müxtəlif ölkələrdən musiqi kollektivləri, tanınmış ifaçı, dirijor və bəstəkarların görüş yerinə çevrilib. İyulun 30-da başlanan VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı da iştirakçı coğrafiyası, tanınmış simaları, zəngin konsert proqramları ilə diqqət çəkir.
Festival çərçivəsində artıq sayca 6-cı dəfə gənc pianoçuların beynəlxalq müsabiqəsi də keçirilir.
Avqustun 2-də “Qafqaz Resorte” hotelində müsabiqənin ilk dinləmələri keçirilib. Yarışmanın ilk günü Rusiya və Azərbaycanın gənc istedadlı pianoçuları bacarıqlarını nümayiş etdiriblər.
Avqustun 5-dək davam edəcək müsabiqənin münsiflər heyətinin sədri Oksana Yablonskaya, üzvləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, İrina Starodub, Valida Suk, Maryam Malekidir. İki turdan ibarət olan müsabiqədə I, II və III yerə çıxan pianoçular müvafiq olaraq 5000, 3000 və 2000 ABŞ dolları ilə mükafatlandırılacaq.
Avqustun 2-də VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsertlər də keçirilib.
Heydər Əliyev Konqres Mərkəzindəki kamera zalında Azərbaycan mədəniyyətinin Avropada təbliğində xidmətlər göstərmiş mərhum diplomat Fuad İsmayılovun xatirəsinə həsr olunmuş musiqi proqramı təqdim olunub. Konsertdə gənc pianoçu Müşfiq Quliyev İ.S.Bax, F.Şopen, A.Skryabin və F.Listin əsərlərini səsləndirib.
Məlumat verilib ki, 2012-ci ildə İtaliyada keçirilən gənc ifaçıların “XXI əsrin incəsənəti” müsabiqəsində iki nominasiya üzrə qalib gələn, 2014-cü ildə III Stokholm Beynəlxalq Müsabiqəsinin laureatı olan istedadlı gənc pianoçu Müşfiq Quliyev 2013-cü ildə mərhum səfir Fuad İsmayılovun xatirəsinə yaradılan “Gələcəyə doğru” Xeyriyyə Fondunun təqaüdünə layiq görülüb. Fondun dəstəyi ilə Avstriyanın Y.Haydn adına Konservatoriyasına daxil olan pianoçu hazırda həmin təhsil ocağında, eyni zamanda Bratislava Musiqi və İfaçılıq Sənəti Universitetində təhsilini davam etdirir.
Axşam isə Kubanın “Gənc klassiklər” ansamblının konserti olub.
Avqustun 3-4-də “Kiyev virtuozları” orkestri musiqisevərlər qarşısına çıxacaq. Kollektivin bədii rəhbəri dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonskidir.
Orkestri avqustun 3-də baş dirijor Dmitri Yablonski, habelə Emil Tabakov, avqustun 4-də isə israilli bəstəkar, dirijor və pianoçu Gil Şohat idarə edəcək. Avqustun 4-də həmçinin Cavid Səmədov (bariton), Murad Adıgözəlzadə, Nərgiz Oruclu (hər ikisi fortepiano) Umila Abbasova (skripka) və Arkadi Şilkloperin (alphorn) ifaları dinləniləcək.
Avqustun 5-də festival çərçivəsində növbəti piano musiqisi axşamı təşkil olunacaq. Festival həmin gün “Kiyev virtuozları” orkestrinin konserti ilə başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar