Festival iştirakçılarının ürək sözləri

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı orkestrimizin üzvlərində xoş təəssüratlar yaratdı. Xüsusilə də tamaşaçıların konsertimizə marağı bizi ruhlandırdı. Azərbaycanlı tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış etdik.
Bu sözləri Avstriyanın “Vayner Akademiya” Kamera Orkestrinin dirijoru Martin Heselbök deyib.
Məşhur dirijor azərbaycanlı musiqisevərlərə heyran qaldığını bildirib: “Rəhbərlik etdiyim ansambl ötənilki Qəbələ festivalında da uğurla çıxış etmişdi. Qəbələ səhnəsindəki ikisaatlıq konsertimizdən sonra tamaşaçıların ayaq üstə davamlı olaraq alqışlaması bizi yaxşı mənada təəccübləndirmişdi. O anları yenidən yaşadığımız üçün xoşbəxtik”.
Martin Heselbök festivalın təşkilatçılarını belə bir uğurlu layihə münasibətilə təbrik edərək deyib: “Burada konsertlər çox möhtəşəm keçir. Belə musiqi festivalı ilə hər bir ölkə fəxr edə bilər. Bəzi Avropa ölkələrində bu cür, yəni açıq havada möhtəşəm festival hələ də yoxdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya festivalın təşkilinə görə minnətdarlığımı bildirirəm”.

* * *
Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkil edilib. Musiqisevərlər bir həftə davam edəcək festivalda bir çox dünya şöhrətli musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq almaq imkanı əldə edirlər.
Bu sözləri festivalda iştirak edən xalq artistləri Fidan və Xuraman Qasımova bacıları deyib. Azərbaycanın görkəmli opera müğənniləri musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ festivalının builki proqramının da zəngin olduğunu bildiriblər: “Dünyanın məşhur musiqiçiləri hər il Qəbələyə gəlirlər. Bu il də festivalın iştirakçıları və qonaqları arasında məşhur kollektivlər, ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli sənətkarlar var”.
Qeyd olunub ki, Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri ilə, məşhur musiqiçilərlə yaxından tanış edir.

* * *
Qəbələ festivalının təməli yaxşı qoyulub, uğurları inkişaf etdirmək lazımdır. Bu sözləri jurnalistlərə müsahibəsində festivalın xüsusi qonağı olan bəstəkar və müğənni, Xalq artisti, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
O, Qəbələ səhnəsinə oğlu, gənc dirijor Murtuza Bülbülün idarə etdiyi Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxdığını, yerli və xarici tamaşaçılar qarşısında xalq və bəstəkar musiqilərini səsləndirdiyini, buna görə özünü xoşbəxt hesab etdiyini qeyd edib.
“Bu festivalın böyük potensialı var. Hətta deyərdim ki, gözəl təbiət qoynunda ənənəvi olaraq keçirilən bu festivalı parlaq gələcək gözləyir. Festivalın təməli yaxşı qoyulub, ötən 8 ildə böyük uğurlar əldə olunub, indi isə onu inkişaf etdirmək lazımdır” - deyə Polad Bülbüloğlu bildirib.
Qeyd olunub ki, Qəbələ festivalı artıq dünyada tanınır və qəbul olunur: “Bu musiqi tədbirində iştirak etmək bir çox musiqiçilərin arzusuna çevrilib və onlar dəvət gözləyirlər. Dünyanın tanınmış musiqiçiləri, solistləri Qəbələ səhnəsində konsert verirlər. Təbii ki, həmin əcnəbi musiqiçilər öz ölkələrinə qayıdanda Azərbaycan barədə, Qəbələ haqqında danışırlar. Bu da Azərbaycanın dünyada daha da tanınmasına kömək edir. Azərbaycanın paytaxtından və bölgələrindən insanlar bu festivalın konsertlərinə gəlirlər, Qəbələdə dincələn xarici turistlərin axşamlar klassik musiqi dinləmək üçün necə həvəslə festivala gəldiyini görürəm. Mən inanıram ki, bu festival hələ uzun illər yaşayacaq və böyük uğurlar əldə edəcək”.
Atası ilə birgə Qəbələ festivalında uğurlu çıxışına görə çox sevindiyini deyən gənc dirijor Murtuza Bülbül atasının və babasının musiqi sahəsində yolunu davam etdirəcəyini, Moskvada imtahan verərək dirijorluq üzrə məktəbə daxil olduğunu, sentyabrdan isə təhsil almağa başlayacağını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar