Dekabrın 2-də Bakıda, “Gülüstan” sarayında Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda ikigünlük konfransı başlandı. Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılışında iştirak etdi. Konfransda Avropa Şurasının üzvü olan, habelə müşahidəçi ölkələrin, Avropa Mədəniyyət Konvensiyasını imzalamış dövlətlərin, Avropanın qonşu regionlarını təmsil edən 10 ölkənin, habelə Avropa Komissiyasının və YUNESKO-nun, İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO), Ərəb Dövlətləri Liqası ölkələrinin Elm, Mədəniyyət və Təhsil Təşkilatının (ALEKSO) yüksək rütbəli rəsmiləri, müxtəlif fondların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ümumilikdə, 250-dən çox nümayəndə, o cümlədən 16 nazir, 18 nazir müavini, 10 beynəlxalq təşkilatın başçısı iştirak edirdi.

Son illərdə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə mədəniyyət və turizm sahələrinin inkişafı, dünya miqyasında təbliği üçün 100-dən çox fərman və sərəncam imzayıb. 2004-2008-ci illərdə bu istiqamətdə 71 beynəlxalq saziş və konvensiya imzalanıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mədəni irsimizin qorunması və dünya təbliği sahəsində məqsədyönlü fəaliyyət göstərir. Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin, habelə onun tərkib hissəsi olan İslam mədəniyyətinin böyük daşıyıcılarından biri olduğuna görə, Bakı şəhəri 2009-cu il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilib. Bu baxımdan, Avropa Şurasının üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Bakı Konfransı, nəinki Azərbaycanın və Qərbin, eyni zamanda, Şərqin mədəni həyatında mühüm hadisədir. Bunu yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyevin bu il noyabrın 4-də imzaladığı sərəncama əsasən, konfransın hazırlanması və keçirilməsini təmin etmək məqsədi ilə baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılmışdı.

Konfrans münasibətilə “Gülüstan” sarayının foyesində təşkil olunmuş sərgidə ölkəmizin qədim, zəngin mədəniyyəti barədə kifayət qədər dolğun təsəvvür yaradan eksponatlar - xalçalar, silah nümunələri, musiqi alətləri, xalq sənəti nümunələri nümayiş etdirilirdi. Respublikamızın turizm imkanlarını, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənətə göstərdiyi diqqət və qayğını göstərən fotoşəkillər qonaqlarda böyük maraq doğurdu. Sonra konfransın rəsmi açılışı oldu. Salona toplaşanlar Prezident İlham Əliyevi və Avropa Şurasının baş katibi Terri Devisi alqışlarla qarşıladılar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Şurası ilə Azərbaycanın birgə təşkil etdiyi konfransı açaraq dedi ki, müasir dövrdə sivilizasiyaların arasında dialoq qlobal səviyyədə bəşəriyyətin ən vacib ehtiyaclarından birinə çevrilib. Bu konfrans müxtəlif xalqlar və dövlətlər arasında dialoqu möhkəmləndirməyə və daha da inkişaf etdirməyə yönələn fəaliyyətin bariz nümunəsidir. Ölkəmizdə son illər çoxlu beynəlxalq forumların və mədəniyyətlərarası dialoqa həsr edilmiş tədbirlərin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirən nazir dedi ki, bu beynəlxalq konfrans Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə dəstəyi və müvafiq göstərişi ilə təşkil olunub. Buna görə, Prezidentə təşəkkürünü bildirən Ə.Qarayev vurğuladı ki, Azərbaycan öz siyasətində mədəniyyətlərarası dialoqa böyük önəm verir və şəxsən dövlətimizin başçısının rəhbərliyi altında həyata keçirilən tədbirlər həm ölkəmizin daxilində, həm də beynəlxalq aləmdə dialoqun səmərəli inkişafına böyük töhfələr verib. Dövlətimizin başçısı konfransda nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi - Hörmətli cənab baş katib! Hörmətli xanımlar və cənablar! Əziz qonaqlar! Mən, ilk növbədə, sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram. Bu gün Azərbaycan paytaxtında, Bakı şəhərində çox önəmli bir tədbir keçirilir. Əminəm ki, mədəniyyətlərarası dialoqun möhkəmlənməsi işində bu konfransın çox böyük və müsbət rolu olacaqdır. Biz bu gün müxtəlif ölkələrdən olan mədəniyyət nazirlərinin konfransını keçirməklə bir daha onu göstəririk ki, son illər ərzində Azərbaycan dini tolerantlıq, milli və etnik tolerantlıq məsələlərində çox böyük uğurlara nail olmuşdur. Əslində, bizim ölkəmizdə bütün insanlar müxtəlif dövrlərdə, ictimai-siyasi quruluşundan asılı olmayaraq, həmişə bir ailə kimi yaşamışlar. Burada bütün dinlərin nümayəndələri həmişə dostluq, qardaşlıq şəraitində yaşamışlar.

Bir daha qeyd etmək istəyirəm ki, bu, bizim ölkəmizə xas olan çox mühüm bir amildir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, əlbəttə, millətlərarası münasibətlərə, milli və dini tolerantlığın möhkəmlənməsi işinə çox böyük diqqət verilmişdir. Bu gün Azərbaycan sözün əsl mənasında dostluq, qardaşlıq məkanıdır. Burada bütün xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Mən əminəm ki, Azərbaycanın bu istiqamətdə əldə etdiyi təcrübə çox önəmlidir. Şübhə etmirəm ki, konfrans zamanı bu barədə geniş söhbət açılacaqdır. Mən çox şadam ki, bu konfransda dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr iştirak edirlər. Bildiyiniz kimi, konfrans Avropa Şurası ilə Azərbaycan tərəfindən təşkil olunmuşdur. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan səkkiz ilə yaxındır Avropa Şurasının üzvüdür. Bu dövr ərzində ölkəmizdə gedən siyasi və iqtisadi islahatlar, Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi nəticəsində Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəli getmişdir. Ölkədə aparılan siyasi və iqtisadi islahatlar, qanunun aliliyinin bərqərar olunması, Azərbaycanda mütərəqqi təcrübənin tətbiq edilməsi - bütün bunlar son illər ərzində baş vermiş mühüm hadisələrdir.

Biz Avropa Şurası ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıqdan çox razıyıq. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə uğurla davam etdiriləcək və bizə əlavə imkanlar yaradacaqdır. Eyni zamanda, bizim qonaqlarımızın arasında İslam Konfransı Təşkilatının üzvləri vardır. Biz buna da çox sevinirik və çox şadıq ki, bu gün Şərqlə Qərbin kəsişdiyi yerdə, Bakıda müxtəlif ölkələrdən müxtəlif dinlərin nümayəndələri iştirak edirlər. Biz buna çox böyük önəm veririk. Bunun çox böyük əhəmiyyəti var. Çünki indiki zamanda bir çox hallarda sivilizasiyalararası, mədəniyyətlərarası dialoqdan danışılır, ancaq bununla bərabər, dünyada gedən proseslər, əfsuslar olsun ki, bəzi hallarda gərginliyin artmasına gətirib çıxarır. Mən çox istəyirəm ki, bu gün Azərbaycanda başlanan Bakı prosesi mədəniyyətlər arasında olan dialoqun, dostluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə öz dəyərli töhfəsini versin.

Bir sözlə, Azərbaycanın həm tarixi, həm coğrafi vəziyyəti, həm də müxtəlif beynəlxalq təşkilatlarda iştirakı, əlbəttə, bizim imkanlarımızı daha da genişləndirir. Mən əminəm ki, ölkəmizin uğurlu inkişafı bundan sonra da davam etdiriləcək və bu inkişafı şərtləndirən təkcə siyasi, yaxud da iqtisadi islahatlar deyildir. Eyni zamanda, bayaq qeyd etdiyim kimi, Azərbaycanda hökm sürən çox gözəl ictimai-siyasi ab-hava, burada yaşayan bütün millətlərin hüquqlarının qorunması və hər bir insanın, hər bir millətin nümayəndəsinin Azərbaycanda rahat yaşamasıdır. Bizim ölkəmizin çox zəngin və böyük tarixi vardır. Minilliklər bundan əvvəl Azərbaycanda insanlar yaşayıb yaratmışlar. Bunu əks etdirən tarixi abidələr Azərbaycan dövləti tərəfindən lazımınca qorunur. Biz öz mədəni və tarixi irsimizə çox bağlıyıq. Mədəni irsimizin qorunması üçün çox böyük işlər görürük. Azərbaycan xalqı əsrlər boyu müstəqillikdən məhrum idi. Biz yalnız qısa bir müddət ərzində öz taleyimizi özümüz müəyyən edirdik.

Ancaq buna baxmayaraq, bizim tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, ana dilimiz – bu amillər azərbaycanlıları bir millət kimi assimilyasiyadan qorudu və bu gün müstəqil ölkəmizdə Azərbaycan xalqı öz taleyinin sahibidir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdə ölkədə vəziyyət həddindən artıq ağır idi. Həm siyasi böhran, həm iqtisadi böhran, həm də Ermənistanın Azərbaycana qarşı təcavüzü və bunun nəticəsində torpaqlarımızın bir hissəsinin işğal altına düşməsi – bütün bu amillər Azərbaycanda vəziyyətin nə qədər ağır və çətin olduğunu göstərir. Ancaq buna baxmayaraq, biz öz səylərimizlə, işimizlə, Azərbaycan xalqının iradəsi ilə bu çətin və ağır sınaqlardan şərəflə çıxdıq. Bu gün Azərbaycan, demək olar ki, tam şəkildə öz müstəqilliyini təmin edibdir. Azərbaycan müstəqil siyasət aparır. Biz həm iqtisadi, həm də siyasi sahədə çox böyük və əhəmiyyətli nailiyyətlərə nail olmuşuq.

Azərbaycan xalqı rahat yaşayır, təhlükəsizlik, sülh şəraitində yaşayır. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və möhkəmlənməsi istiqamətində çox önəmli addımlar atılmışdır. Ölkəmizdə əsas inkişaf istiqamətləri ilə əlaqədar cəmiyyətdə fikir ayrılığı yoxdur, əksinə, bizim cəmiyyətimiz ümumxalq amalları ətrafında birləşibdir: azərbaycançılıq fəlsəfəsi, müasirlik, öz tarixi köklərimizə, ənənələrimizə bağlılıq. Eyni zamanda, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə çox böyük hörmət vardır. Yəni bizim ölkəmizi bu gün ictimai-siyasi baxımdan şərtləndirən amillər bunlardır. Müstəqillik əldə olunandan və ölkəmiz dünya birliyinə inteqrasiya edəndən sonra Azərbaycanda müasir siyasi sistem formalaşıbdır. Ancaq bu sistem hələ daha da təkmilləşməlidir. Ölkədə aparılan iqtisadi islahatlar bizim iqtisadi gücümüzü əhəmiyyətli dərəcədə artırmışdır. Son dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından dünya miqyasında birinci ölkədir. Bizim iqtisadiyyatımız son beş il ərzində təxminən üç dəfə artıbdır. Büdcə xərcləri 12 dəfə artıb, sənaye istehsalı böyük dərəcədə artıbdır. Bizim imkanlarımız genişlənibdir. Yoxsulluqla mübarizədə böyük uğurlar əldə edilibdir. Dörd il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşüb və əminəm ki, bu ilin yekunlarına görə daha da aşağı düşəcəkdir. Azərbaycanda uzun illər ərzində ən böyük və çətin problem olan işsizliklə mübarizə uğurla gedir. Son beş il ərzində 740 mindən artıq yeni iş yeri açılmışdır. Bütün bölgələrdə quruculuq, inkişaf gedir. Bir sözlə, Azərbaycan özünü iqtisadi cəhətdən tam şəkildə təmin edir. Eyni zamanda, bizim enerji sahəsindəki uğurlarımız nəinki ölkə üçün, həm də bölgə üçün çox böyük dəyərdir. Azərbaycanın enerjidaşıyıcıları bu gün Avropa və dünya bazarlarına çıxarılaraq, enerji təhlükəsizliyi məsələlərində müsbət rol oynayır. Bu istiqamətdə Avropa İttifaqı ilə Azərbaycan arasında müvafiq sənədlər imzalanıbdır. Digər beynəlxalq təşkilatlarda fəal iştirak edirik. Enerji təhlükəsizliyini təmin etməklə bağlı Azərbaycanda vaxtaşırı beynəlxalq forumlar keçirilir və bu forumların nəticələri nəinki region üçün, dünya üçün də çox böyük əhəmiyyət kəsb edir. Bir sözlə, biz gələcəyə çox böyük nikbinliklə baxırıq. Siyasi və ictimai-siyasi vəziyyət baxımından Azərbaycan çox sabit ölkədir və Azərbaycana birbaşa xarici investisiyaların qoyulması bunu əks etdirir. İqtisadi potensialın möhkəmlənməsində uğurlar göz qabağındadır. Eyni zamanda, bütün bu nailiyyətlərə baxmayaraq, Azərbaycanda islahatlar davam etdirilir və etdirilməlidir. Həm siyasi sahədə, həm də iqtisadi sahədə. Çox sevindirici haldır ki, ən böyük maliyyə qurumu olan Dünya Bankı bu il Azərbaycanı dünya miqyasında bir nömrəli islahatçı ölkə kimi tanıyıbdır. Bu onu göstərir ki, bizim islahatlarımız həqiqətən çox cəsarətlidir, uğurludur və əhəmiyyətlidir. Bununla bərabər, Azərbaycanda maliyyə sektorunda şəffaflığın tam şəkildə təmin olunması istiqamətində böyük addımlar atılıbdır. Keçən il Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Dövlət Neft Fondunu şəffaflığa görə, şəffaflıq işində əldə etdiyi uğurlara görə mükafatla təltif edibdir. Yəni bütün bunlar çox ciddi hadisələrdir. Dünyanın ən böyük beynəlxalq təşkilatlarının Azərbaycana, Azərbaycanda gedən proseslərə verdiyi qiymətdir. Eyni zamanda, Azərbaycanda dini və milli tolerantlığın, dözümlülüyün yüksək səviyyədə olması və bütün xalqların rahat, mehriban şəkildə yaşaması, əlbəttə ki, bizi daha da gücləndirir. Bax, bu amillər hər bir ölkənin inkişafı üçün çox vacibdir. Mən çox istəyirəm ki, bizim ölkədə bu vaxta qədər əldə olunan nailiyyətlər bundan sonra da uğurla davam etdirilsin. Bunu etmək üçün, əlbəttə ki, bölgədə sülh tam şəkildə bərqərar olunmalıdır. Biz çox istəyirik ki, Qafqaz regionunda bütün münaqişələr, nəhayət öz həllini tapsın, sülh bərqərar olunsun və beləliklə, bölgədə əməkdaşlıq üçün imkanlar açılsın. Bu, hər bir ölkə üçün çox önəmlidir. Xüsusilə Cənubi Qafqazda baş verən hadisələr bir daha onu göstərir ki, beynəlxalq hüquq normaları tam şəkildə təmin olunmalıdır. Beynəlxalq hüquq normaları pozulduqda, əfsuslar olsun ki, çox ciddi və təhlükəli proseslər baş verir. Bizim bölgədə ən böyük təhlükə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Uzun illər ərzində bizim torpaqlarımız işğal altındadır. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində, təcavüzkar separatizm nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşübdür. Bu işğaldan əziyyət çəkən 1 milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıbdır. Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon tamamilə işğal altındadır və oradan deportasiya edilmiş soydaşlarımız bundan çox əziyyət çəkirlər. Bu, böyük ədalətsizlikdir. Birləşmiş Millətlər Təşkilatının qərarları, Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistanın silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan buna əməl etmir. Bu ilin mart ayında BMT-nin Baş Məclisində qəbul edilmiş qərarda qeyd olunur ki, Azərbaycan torpaqları işğal altındadır və bu işğala son qoyulmalıdır. Buna da əməl olunmur. Avropa Şurası hələ bir neçə il bundan əvvəl münaqişə ilə bağlı, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı qətnamə qəbul edibdir. O da icra olunmur. İslam Konfransı Təşkilatı da buna oxşar qərarlar qəbul edibdir. Yəni, bölgədə biz onun şahidi oluruq ki, beynəlxalq hüquq normaları tamamilə pozulur və əfsuslar olsun ki, beynəlxalq təşkilatların, xüsusilə çox mötəbər təşkilatların qərarları icrasız qalır. Bu, bölgədə gedən proseslərə ən böyük təhlükədir. Biz şübhə etmirik ki, beynəlxalq hüquq normaları tam şəkildə bərqərar olunmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işğal olunmuş torpaqlar tezliklə işğalçı qüvvələrdən boşaldılmalıdır. Bu işğal və hərbi təcavüz, eyni zamanda, bizim mədəni irsimizə də çox böyük ziyan vurubdur. İşğal olunmuş torpaqlarda hər şey dağıdılıbdır. Bunu həm biz deyirik, həm də beynəlxalq təşkilatlar təsdiq edir. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrində monitorinq keçirmişdir. Bu monitorinq əsasında məruzə hazırlanmış və təqdim edilmişdir. Məruzədə göstərilir ki, orada hər şey dağıdılıb, bir dənə salamat bina qalmamışdır. Bütün binalar, bütün tarixi abidələr Ermənistan tərəfindən dağıdılıbdır. Mədəniyyət ocaqları dağıdılıbdır, bizim muzeylərimizdə nümayiş etdirilmiş bütün eksponatlar oğurlanıb, muzeylər talan edilibdir. Əcdadlarımızın qəbirləri, bizim məscidlərimiz dağıdılıbdır. Bütün bunları Ermənistan dövləti edibdir. ATƏT-in faktaraşdırıcı missiyası bütün bunları təsdiqləyib və öz məruzəsində göstəribdir. Biz isə Azərbaycanda yaşayan bütün xalqların mədəni irsinə, tarixi irsinə çox böyük hörmətlə yanaşırıq. Bakıda və ölkəmizin digər yerlərində qorunub saxlanılan bütün dinlərin məbədləri, abidələri və onların bərpası bunun əyani sübutudur. Əziz dostlar! Mən sizi bir daha bu konfransın keçirilməsi münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm ki, biz bu konfransın keçirilməsinə Azərbaycanda çox böyük əhəmiyyət veririk. Əminəm ki, konfransın çox gözəl nəticələri olacaq və bu nəticələr hesabına mədəniyyətlərarası dialoqun möhkəmlənməsi prosesi daha da güclənəcəkdir. Mən çox istərdim ki, bu gün başlanan “Bakı prosesi” uzunmüddətli olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, konkret fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin. Ümid edirəm ki, sizin müzakirələriniz çox uğurlu olacaq və biz qarşımıza qoyduğumuz məqsədə çatacağıq. Sizin hamınızı bir daha ürəkdən salamlayır, konfransın işinə uğurlar arzulayıram! Sonra Avropa Şurasının baş katibi Terri Devisə söz verildi. Avropa Şurasının baş katibi Terri Devisin çıxışı - Zati aliləri cənab Prezident! Xanımlar və cənablar! Mənim bu gün hamıya ünvanlayacağım sual çox sadədir. Biz dialoqa hazırıqmı? Nazirlər səviyyəsində keçirilən konfransın mövzusu Avropa Şurasının əsas məqsədini əks etdirir. Məhz insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin qorunması və təbliğ olunması, 2005-ci ildə dövlət və hökumət başçılarının 3-cü sammitində təsdiqlədiyimiz kimi, mədəniyyətlərarası dialoq siyasi bir prioritetdir. Lakin Bakıda keçirilən bu konfrans dialoqla bağlı bizi narahat edən bir sıra məsələləri özündə ehtiva edir. Nə üçün? Çünki bu, Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin ilk konfransıdır və bu tədbir Avropa Şurasının coğrafi sərhədləri ilə məhdudlaşmayaraq, qonşu region ölkələrinin nazirlərinin iştirakı ilə təşkil olunmuşdur. Bu, özünü sülhün və dayanıqlı inkişafın əsası hesab olunan mədəniyyətlərarası dialoqda və gələcək fəaliyyətlər üçün birgə mövqedə göstərir. Bakı, Azərbaycan qeyri-adi bir məkandır. Bura tarix boyu müxtəlif mədəniyyətlərin qovuşma nöqtəsi, Şərq və Qərb, Şimal və Cənub arasında təbii bir körpü olubdur. Bu, çox xüsusi tədbirdir, çünki bu ilin may ayında Avropa Şurası özünün mədəniyyətlərarası dialoqa dair “Ağ kitabı”nı yaradıbdır. Bu, əsas qanunlar sənədinin hazırlanmasından sonra nazirlər səviyyəsində ilk konfransdır və biz bunun necə həyata keçirilməsini düşünməliyik. Dialoqdan dialoq haqqında və dialoqa. Bu səbəbdən mən Azərbaycan Prezidenti cənab İlham Əliyev, Avropa Şurası Nazirlər Komitəsinin İspaniyadan olan rəhbəri, habelə YUNESKO, ALEKSO və İSESKO-dan olan hörmətli həmkarlarımla birgə burada olmağımdan çox məmnunam. Deməliyəm ki, mədəniyyətlərarası dialoq İspaniyanın sədrlik etdiyi Nazirlər Komitəsinin prioritet məsələlərindən biridir. Təsadüfi deyil ki, Bakıdakı konfrans bir həftədən də az bir müddət öncə İspaniyanın Avropa Şurasına sədrliyə başlamasından sonra keçirilən ilk tədbirdir. Biz burada təcrübə mübadiləsi aparmaq və birgə irəliləyişə nail olmaq üçün bir araya gəlmişik. Biz hamımız çoxmillətli cəmiyyətlərdə bu və ya digər yolla, mədəniyyətin müxtəlifliyinə daha da meyilliyik. Bir çox hallarda təbii müxtəliflik ətraf mühit üçün nə qədər vacibdirsə, mədəniyyət müxtəlifliyi də bəşəriyyət üçün bir o qədər vacibdir. Lakin biz hələ də bəzi hallarda milli, etnik, linqvistik stereotiplər haqqında düşünürük. Davamlı mədəniyyətlərarası dialoq cəmiyyətlərimizin içərisində ehtiyac duyduğumuz bir sosial möhürdür. Bu dözümsüzlüyə, parçalanmaya və zorakılığa qarşı bir müalicə vasitəsidir. Dialoq təkcə ideologiya deyil, həmçinin müəyyən siyasi kontekstlərdən irəli gələn süni yanaşmalar üçün bir reseptdir. Lakin biz müxtəlifliyin dəyərləndirildiyinə və müxtəlif fərdlərin bir-biri ilə ümumi ünsiyyət qurduğuna və insanların dialoq aparmaq üçün imkanlarının olduğuna əmin olsaq, onda hamımız, gələcək nəsillər üçün qarşılıqlı hörmət, ədalət və təhlükəsizlik şəraitində daha yaxşı dünyada yaşamaq imkanı olar. Mədəniyyət bu istiqamətdə bir yardımçıdır. Mədəniyyət hissiyyatımızı, bir-birimizi görmək, görüşmək və anlamaq qabiliyyətimizi qidalandırır və bu işdə ürəyimiz, idrakımız və bədənimiz əlaqəlidir. Bu səbəbdən, yaxşı qanunlar bir çox bu cür mədəniyyətlərarası məkanlara və imkanlara şərait yaradır. Bizim yerində və spesifik olmağımız xüsusilə vacibdir. İnsanların bir-biri ilə ünsiyyət qurması həmişə yaxşıdır, lakin mədəniyyətlərarası dialoq beynəlxalq seminarlarda xeyriyyəçilik səviyyəsinə endirilməməlidir. Məqsəd real həyatda real insanlar arasında real problemlər haqqında dialoqun qurulmasına sövq etməkdir. Fəaliyyətimizin meyarları keçirilən beynəlxalq konfransların sayı və ya hazırlanan kitabçalarla deyil, insanların həyat tərzinə, evdə, məktəbdə, işdə, küçədə, məsciddə, kilsədə və ya sinaqoqda üzləşdikləri problemləri necə həll etdiklərinə təsir göstərməklə ölçülür. Zati aliləri cənab Prezident! Xanımlar və cənablar! Mən bütün insanlar arasında bərabər hörmət, insan hüquqları, qanunun aliliyi və demokratik prinsiplər olmadan həyata keçməsi mümkün olmayan bu dialoqa cəlb edilməyinizi istəyirəm. Bu dəyərlər qarşılıqlı hörmət və anlaşmanı təmin edir və bu, dialoqun gücün arqumenti ilə deyil, arqumentin gücü ilə idarə olunmasını təmin etmək üçün çox əhəmiyyətlidir. Təşəkkür edirəm. Hörmətli sədr, icazə verin, konfrans iştirakçılarının diqqətinə çatdırım ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu konfrans əlamətdar hadisədir. Lakin son bir neçə saat ərzində bu, daha da əlamətdar oldu. Çünki bildyiniz kimi, Prezident Əliyev ilk dəfə baba olmuşdur. Prezident Əliyev ikiqat baba olmuşdur. Təsəvvür edirəm, əkiz nəvələr. Siz ikiqat mükafatlandırılmısınız. Sizi bir daha konfrans iştirakçıları adından təbrik edirəm. X X X Avropa Şurasının baş katibi Prezident İlham Əliyevə gül dəstəsi təqdim etdi. X X X Prezident İlham Əliyev təşəkkür edərək dedi: - Təbriklərə görə təşəkkür edirəm. Dünən mənim və ailəm üçün çox xoşbəxt bir gün oldu. Bizim qızımız iki gözəl oğlan uşağını dünyaya bəxş etdi. Bu təbriklərə görə sizə təşəkkür etmək istəyirəm. Bütün Azərbaycan və dünya uşaqlarına cansağlığı və xoşbəxtlik arzulayıram. X X X Sonra çıxış edən Avropa Şurası Nazirlər Komitəsinin İspaniyadan olan rəhbəri Gilyermo Koral Van Damm bildirdi ki, Bakıda keçirilən konfrans mədəniyyətlərərası dialoqla bağlı ideyaların irəli sürülməsi və müzakirəsi baxımından mühüm mərhələ olacaq. Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin nümayəndəsi Farid Muxametşin Azərbaycanın Avropa strukturlarında fəal rolunu vurğuladı. O, mədəniyyətlərarası dialoqda fəallığın artırılmasının əhəmiyyətindən danışdı. Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi, Milli Məclisin deputatı Rafael Hüseynov çıxışında dedi ki, gələn il Avropa Şurasının 60 illiyidir. Azərbaycan isə bu təşkilatda 8 ildir təmsil olunur. “Mədəniyyətlərin ali məqsədi insanları və xalqları bir-birinə daha da yaxınlaşdırmaq üçün körpüdür” - deyən Rafael Hüseynov vurğuladı ki, dünyanın gələcək inkişafı məhz bu cür dialoq üzərində qurulmalıdır. ALEKSO-nun baş direktoru Mongi Busnina rəhbərlik etdiyi təşkilatda 22 dövlətin təmsil olunduğunu dedi. O bildirdi ki, ALEKSO da mədəniyyətlərarası dialoqda mühüm nəticələr əldə edib. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri isə diqqəti Şərqlə Qərb arasında mədəni dialoqun əldə olunmasına cəlb etdi. Bildirdi ki, indi dünyanın vacib mövzularından olan bu məsələyə İSESKO da öz töhfələrini verir. Əbdüləziz bin Osman əl-Tüveycri mədəniyyətlərarası dialoqda xidmətlərinə görə Avropa Şurasının baş katibi Terri Devisin İSESKO-nun qızıl medalına layiq görüldüyünü bildirdi və medalı ona təqdim etdi. YUNESKO-nun Mədəniyyət siyasəti və beynəlxalq dialoq bölməsinin direktoru xanım Katerina Stenou da Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu bildirdi. O vurğuladı ki, Avropa Şurasının üzvü olan ölkələrin mədəni dəyərləri dialoqun əldə olunmasında mühüm vasitədir. Çıxış edənlər belə bir ümumi fikir söylədilər ki, Avropa və qonşu regionların mədəni inteqrasiyasına əsaslanan “Bakı prosesi” ölkələrarası dialoqun praktik inkişafı, yeni, real və səmərəli fəaliyyət mexanizminin müəyyənləşdirilməsi, müxtəlif sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun təşviqinə yönələn tədbirlərin həyata keçirilməsi sahəsində müstəsna imkanlara malikdir. Xüsusi vurğulandı ki, konfransın mövzusu, iştirakçıların tərkibi, əhatə etdiyi regionların miqyasına görə Avropa və İslam ölkələrinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda ilk beynəlxalq tədbirdir. Bu tədbirin uğurlu nəticələrindən asılı olaraq yaranacaq yeni format gələcəkdə beynəlxalq əhəmiyyətli tədbirlər üçün də nümunə ola bilər. Daha sonra Azərbaycan Uşaq Xoru konfrans iştirakçıları qarşısında çıxış etdi. X X X Sonra konfransda nazirlərin “Mədəniyyətlərarası uyğunluqlar haqqında” mövzusunda “dəyirmi masa”sı keçirildi. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Avropa Şurasının beynəlxalq mədəniyyətlərarası əlaqələndiricisi xanım Qabriella Batteni-Draqoni, BMT-nin sivilizasiyaların ittifaqı ofisinin direktoru Mark Şuer və başqaları mövzu ilə bağlı fikirlərini açıqladılar. Onlar beynəlxalq mədəni əməkdaşlığın ən müxtəlif aspektlərinə nəzər salaraq vurğuladılar ki, Avropada və onun qonşu regionlarında davamlı inkişafın və sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin imkanlarının araşdırılması zərurdir. X X X Fasilədən sonra konfransın davamı olaraq, nazirlərin işçi qrupunun “Mədəniyyət siyasəti (proqramlar və təşəbbüslər) və mədəniyyətlərarası dialoq: müxtəlif mədəniyyətlərin idarəedilməsinə dair yeni konsepsiya” mövzusunda birinci, “İrs və mədəniyyətlərarası dialoq - hamımız birgə milli irsdən dünyəvi irsə doğru” mövzusunda ikinci iclasları oldu. Çıxış edənlər Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu bildirərək söylədilər ki, bu tədbir Avropa mədəni proseslərində yeni bir istiqamətin – “Bakı prosesi”nin əsasını qoyacaq. Son on il ərzində mədəniyyətlərarası dialoq mədəniyyət məsələlərinə məsul olan nazirlərin, eləcə də hökumətlərin qarşısında prioritet məsələ kimi meydana çıxıb. İndi mədəni müxtəlifliyə qarşılıqlı hörmət və hüquqların qorunması elə bir prinsipə çevrilib ki, mədəniyyətlərarası dialoqun qurulması üçün siyasətlər, proqramlar və yeni konsepsiyalar buna əsaslana bilər. Millətlərin bütün dəyərlərini göstərən milli irs xalqlar və insanlar arasında mədəniyyətlərarası dialoqa, habelə regionların davamlı inkişafına rəvac verən bir vasitədir. Bakı konfransı mədəniyyətlərarası dialoqun genişləndirilməsində mühüm mərhələdir Dekabrın 3-də “Gülüstan” sarayında Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransı işini davam etdirdi. Avropa Şurasının üzvü olan, habelə müşahidəçi ölkələrin, beynəlxalq təşkilatların, müxtəlif fondların və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, ümumilikdə, 250-dən çox nümayəndənin iştirak etdikləri konfransın ikinci iş günündə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakçılara müraciəti çatdırıldı. Müraciətdə vurğulanır ki, Şərqlə Qərbin qovuşuğunda yerləşən bir ölkə kimi çoxmədəniyyətli Azərbaycan mədəniyyətlərarası dialoqun inkisafına daim öz töhfəsini verib. Fondun prezidenti əmin olduğunu bildirir ki, ölkəmizdə keçirilən konfrans mədəniyyətlərarası dialoqun təşviq olunmasında yeni bir mərhələnin başlanmasına, habelə Avropa və onun qonşu regionlarını təmsil edən dövlətlərin bu əməkdaşlıq prosesinə yaxından cəlb edilməsinə səbəb olacaq. Bu proses dialoq sahəsində daha çox praktik fəaliyyətləri özündə əks etdirəcək, həm dövlətlər, həm də beynəlxalq təşkilatlar arasında daha konstruktiv əməkdaşlığın yaranmasına və inkişafına gətirib çıxaracaq. Konfransda tədbirin birinci gününün yekunları müzakirə olundu. Bildirildi ki, Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin bu toplantısı yekun deyil, yeni əməkdaşlıq prosesinin başlanğıcıdır. Avropa və onun qonşu regionlarının mədəni inteqrasiyasına əsaslanan Bakı prosesi ölkələrarası dialoqun praktik inkişafı, yeni, real və səmərəli fəaliyyət mexanizminin müəyyənləşdirilməsi, müxtəlif sivilizasiyalar arasında dialoqun təşviqinə yönələn tədbirlərin həyata keçirilməsi sahəsində geniş imkanlara malikdir. Bildirildi ki, konfrans mövzusuna, iştirakçıların tərkibinə, əhatə etdiyi regionlara və miqyasına görə Avropa və müsəlman ölkələrinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda ilk belə beynəlxalq tədbirdir. Konfransda müxtəlif qitələrin və dinlərin nümayəndələrinin təmsil olunması dövlətlərarası və təşkilatlararası mədəni əməkdaşlıq münasibətlərinin yeni mexanizmini formalaşdırır. Avropa Şurasının Mədəniyyət, mədəni və təbii irs üzrə direktorluğunun rəhbəri Robert Palmer vurğuladı ki, dialoq digərini dinləmək bacarığıdır. Bu konfrans real dialoq nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə keçirilən konfransda beynəlxalq mədəni əməkdaşlığın müxtəlif aspektlərinə nəzər salındı, Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin imkanları araşdırıldı. Respublika mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan tərəfindən əsası qoyulan “Sənətçilər dialoq naminə” layihəsi haqqında məlumat verdi, digər dövlət və beynəlxalq təşkilatları bu təşəbbüsə qoşulmağa çağırdı. S.Məmmədəliyeva dedi ki, müxtəlif ölkələrin sənətçiləri arasında mübadilənin aparılması məqsədi daşıyan layihə ilə bağlı xüsusi isçi qrupu da yaradılacaq. O, konfransda təmsil olunan dövlətləri Bakıda keçirilən beynəlxalq mədəni tədbirlərə, o cümlədən “Sərq-Qərb” və caz festivallarında iştiraka dəvət etdi. Mədəniyyət layihələrinin bəşəriyyət üçün əhəmiyyətini vurğulayan İordaniyanın mədəniyyət naziri Nensi Bəkir Bakı toplantısının insan dəyərlərinin açıqlanmasında böyük rol oynadığını bildirdi. O dedi ki, əgər hamı səyləri birləşdirsə, sivilizasiyalararası toqquşmaların qarşısı alınar. Malayziyanın mədəniyyət nazirinin müavini Bun Sun Tenq ölkəsinin mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən danışdı, bu işdə tolerantlığa və təhsilə xüsusi önəm verildiyini bildirdi. Mədəniyyətlərarası dialoq vasitəsi kimi təhsilə diqqətin vacibliyini vurğulayan Niderland təmsilçisi Yan Kornelis Henenman Bakı konfransının sivilizasiyalararsı dialoqun inkişafına töhfəsini vurğuladı, tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkür etdi. Avstriyanin federal təhsil, incəsənət və mədəniyyət naziri Norbert Ridl isə konfransın əhəmiyyətini qeyd edərək dedi ki, biz “Bakı prosesi”ni artıq əməli işlərlə davam etdirə bilərik. Avropa Şurasının “Aralıq dənizində mədəniyyət” proqramının direktoru Fifi Benaboud konfransda təmsil olunan dövlətləri Aralıq dənizinin şimal və cənubu ilə əməkdaşlığa dəvət etdi. Əbülfəs Qarayev konfransda iştirak edən nümayəndə heyətlərinin başçıları ilə görüşüb Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin konfransı çərçivəsində Polşanın mədəniyyət naziri Boqdan Zdrayevski, Misirin mədəniyyət naziri Hüsni Fərux, ABŞ dövlət katibi mədəniyyət məsələri üzrə köməkçisinin müavini Alina Romanovski və digər qonaqlarla görüşüb. Görüşlərdə konfransın yüksək səviyyədə təşkil olunduğu bildirilərək vurğulanıb ki, Bakı forumu mədəniyyətlər arasında dialoqun inkişafına töhfə verəcək. Əbülfəs Qarayev konfransda iştirak etdiklərinə görə nümayəndə heyətlərinin başçılarına təşəkkür edərək əmin olduğunu bildirib ki, forum çərçivəsində keçirilən görüşlər və diskussiyalar dünyada mədəniyyətlərarası dialoqun fəallaşdırılması istiqamətində atılan daha bir addım olacaq. Nazir Bakı ilə Qahirə arasında birbaşa təyyarə reysinin açılmasının əhəmiyyətini diqqətə çatdıraraq deyib ki, bu, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə kömək edəcək. O, konfransda iştirak edən mədəniyyət xadimlərini Bakıda təşkil olunan festivallarda, sərgilərdə və digər mədəni tədbirlərdə iştiraka dəvət edib. X X X Mədəniyyət nazirlərinin konfransı çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiyanın Mədəniyyət Nazirliyi arasında 2009-2011-ci illər üçün mədəni əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni nazirlər Əbülfəs Qarayev və Aleksandr Avdeyev imzalayıblar. Müqavilədə hər iki ölkənin muzeyləri arasında əməkdaşlıq, mədəniyyət günlərinin keçirilməsi, eləcə də mədəniyyət xadimlərinin qarşılıqlı səfərləri nəzərdə tutulur. Azərbaycanın mədəniyyət və turizm naziri Ə.Qarayev deyib ki, bu müqavilə iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olacaq. Nazir qeyd edib ki, iki dövlət arasında mədəni əlaqələrin qədim tarixi kökləri var. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi Azərbaycan ilə Rusiya arasında sıx əlaqələri nümayiş etdirir. A.Avdeyev qeyd edib ki, imzalanmış sənəd ölkələrimiz arasında əməkdaşlığın miqyasına uyğundur. O vurğulayıb ki, bu müqavilə Bakıda keçirilən konfransın mövzusunu, yəni mədəniyyətlərarası dialoqu əks etdirir. X X X Dekabrın 3-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çexiya mədəniyyət nazirinin müavini Frantişek Mikeş ilə görüşüb. Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində münasibətlərin genişləndirilməsinin vacibliyi vurğulanıb, Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən konfransının əhəmiyyəti qeyd edilib. Tərəflər ölkələrimizin müvafiq qurumları arasında qarşılıqlı səfər və təcrübə mübadiləsinə, əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar. X X X Polşa Azərbaycanla dolğun, qarşılıqlı faydalı əlaqələrin inkişafında çox maraqlıdır. Bu sözləri Bakıda səfərdə olan Polşanın mədəniyyət və milli irs naziri Boqdan Zdroyevski söyləyib. Nazir azərbaycanlı həmkarı Əbülfəs Qarayevlə görüşdə mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərini, Şərqi Avropa ilə Cənubi Qafqaz regionunu bir-birinə daha da yaxınlaşdırmaq yollarını müzakirə etdiklərini bildirib. Bakı ilə tanış olmaq imkanı əldə etdiyinə görə çox məmnun olduğunu vurğulayan polşalı nazir deyib ki, Bakı möhtəşəm arxitektura tarixinə malikdir: «Bu işdə polyak arxitektorlarının da rolunun olmasından çox şadam”. Qonaq həmçinin Azərbaycan abidələrinin bərpa və konservasiya olunmasında polşalı mütəxəssislərin yardım göstərməyə hazır olduğunu bildirib. X X X Azərbaycan ilə Qətərin mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri möhkəmlənəcək. Bunu Bakıda keçirilən Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin konfransında iştirak edən Qətərin mədəniyyət naziri Həməd bin Əbdüləziz əl-Kavari söyləyib. Nazir deyib ki, 2009-cu ildə Azərbaycanda Qətər mədəniyyət həftəsinin keçirilməsi nəzərdə tutulub: “2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan olunub. Bizim mədəniyyət həftəmiz də həmin proqram çərçivəsində həyata keçiriləcək. Çox istərdik ki, ölkələrimiz arasında mədəni əməkdaşlıq genişlənsin. Hesab edirəm ki, Azərbaycan ilə mədəniyyət sahəsində görüləcək işlər çoxdur”. Qonaq səfər çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdüyünü, ölkələrimiz arasında mədəni əməkdaşlıq məsələlərini müzakirə etdiklərini bildirib. X X X Konfrans çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti adından Avropada memarlıq irsinin mühafizəsi haqqında Konvensiyanı imzalayıb. Sənədin imzalanma mərasimində Avropa Şurasının baş katibi Terri Devis iştirak edib. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev islam ölkələri mədəniyyət nazirlərinin 6-cı konfransına hazırlıq barədə saziş imzalayıblar. Əbülfəs Qarayev bildirib ki, Azərbaycan bu konfransda Avropanın 10 ölkəsinin iştirakı ilə bağlı Avropa Şurasına müraciət göndərib. Həmin gün Azərbaycan və Slovakiya Mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanıb. Slovakiya tərəfindən sənədi bu ölkənin mədəniyyət nazirinin müavini Cozef Lanq imzalayıb.