Azərbaycan udu ayrı özəlliklərə malikdir

Azərbaycan Milli Konservatoriyasının (AMK) “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasının müdiri Məmmədəli Məmmədov bir neçə musiqi aləti üzərində işlərin başa çatdığını bildirib.

Onun sözlərinə görə, bu il laboratoriyada Azərbaycan udu, saxsı zərb və akkord tar hazırlanıb: “Dünyada müxtəlif xalqlara məxsus udlar var. İndiyə kimi bizdə başqalarının udundan istifadə olunub. İki il öncə Azərbaycan udunu hazırlamağa başladım və bu yaxınlarda başa çatdırdım”.
Laboratoriya müdiri yeni alətin özəlliklərindən də söz açıb: “Alət qoz ağacından düzəldilib, üzərinə isə balıq dərisi çəkilib. Ənənəvi udun üzəri taxtadan olur, mən onu dəridən etdim. Düzəltdiyim ud müxtəlif səs tembrlərinə malikdir. O həm də elektron səslənmə imkanlıdır, səsi öncəkilərdən daha yüksək çıxır. Üstəlik, alətdə çalğı zamanı yaranan mexaniki səs dalğaları gec sönür. Milli udun çanaq içi bütünlüklə yenidir, elmi əsaslarla yığılıb. Kəllədə simlərin aşıqlara bağlanma ardıcıllığı dəyişməyib, yəni 11 sim, 11 aşıq olaraq qalıb”.
Bundan başqa laboratoriyada gövdəsi saxsıdan olan zil-bəm zərb aləti də düzəldilib. Onun hər iki tərəfi dana dərisindəndir.
Yeni düzəldilən alətlərdən biri də akkord tardır. Bu alətin səs diapazonu isə 4 oktava olmaqla gitaranın bütün imkanlarını özündə bir araya gətirir. Bütün bu alətlər AMK-nin nəzdində yaradılması nəzərdə tutulan Azərbaycan milli musiqi alətləri orkestrində istifadə ediləcək. Orkestrin səs diapazonu simfonik orkestrdəki kimi 7 oktava olacaq.
Qeyd edək ki, M.Məmmədovun “Çalğı alətlərimizin elmi əsaslarla bərpası və təkmilləşdirilməsi” adlı kitabı da yaxın günlərdə işıq üzü görəcək.

S.Qaliboğlu







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar