Artıq öz işini başa vuran Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Bakı Konfransı Avropa və qonşu regionlar arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı təşəbbüsləri daha da sürətləndirmək istəyi ilə də yadda qaldı. Bu heç də təsadüfi deyil. Çünki qeyd olunan məqsəd gerçəkləşmədikdə hər hansı yaxınlaşmadan, mədəni mübadilədən danışmaq əhəmiyyətsiz olar.
Digər tərəfdən isə dünyada istənilən sahələrdəki ayrı-ayrı maraqların zamanla iflasa uğraması və vahidlik prinsiplərindəki çalxantılar bu dəfə hər kəsi müəyyən məsələlərdə ümumi maraqlardan çıxış etməyə çağırır, dolayısıyla "hamı bir dünyada yaşayır və bu dünyanı qorumaq lazımdır" şüarını ortaya atır. Sivilizasiyaların toqquşmasına qarşı sığorta tədbirinin başlanğıcı olan bu prinsipdən dünya, xüsusən də Avropa özü çox şey gözləyir. Bunu da artıq tarixə çevrilən Mədəniyyət Nazirlərinin Bakı Konfransına müvafiq olaraq demək olar.
Amma məsələdə bir məqam da var. Bu da hər bir ölkənin ümumi maraqlar kodeksindəki milli maraqları. Düşünülmüş və sivil forma olan metoddan da yararlana bildik desək, yanılmarıq. Çünki mədəniyyətlərarası dialoqda Bakı prosesinin iştirakçıları bir fikirdə yəqin oldular ki, konfrans Azərbaycanın həm yerləşdiyi bölgə, həm də dünyada artan nüfuzuna mühüm töhfədir. Amma bütün bunlarla yanaşı bu tip toplantılar Azərbaycan həqiqətlərinin, onun məruz qaldığı etnik və maddi-mənəvi fundamental bilgilərlə çatdırılmasına da zəmin yaradır.
Mötəbər konfransın bir məqsədi də həm Avropa Şurası, həm də İSESKO-ya üzv kimi xüsusi statusa malik ölkəmizin bu fürsətdən yararlanaraq sivilizasiyaların toqquşma konteksində Şərqlə Qərb, Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü rolunu oynamasını təmin etməkdir. Bu çərçivədə iki sivilizasiya arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan "Bakı prosesi"nin əsasını qoymaqla Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirmək imkanları da yetərli sayıla bilər.
Bu fikir konfransın məğzini təşkil etməklə yanaşı, həm də ölkəmizin beynəlxalq nüfuzunun artmasına, Azərbaycan həqiqətlərinin bu və ya digər vasitələrlə geniş arenaya çatdırılmasına da dəlalət edir. Konfrans iştirakçıları çıxışları, rəyləri ilə isbat etdilər ki, sivilizasiyalararası dialoq dəstəklənməlidir. Təbii ki, bu da öz növbəsində dünyanı narahat edən bir sıra problemlərin həllinə yardımçı olacaq. Azərbaycan isə bu tədbirdə geosiyasi mövqeyi baxımından xüsusi önəm kəsb edir. Bunu konfransın yekunları ilə bağlı rəylərində qeyd edən qonaqlar Azərbaycanın mədəniyyətlərarası dialoqa hazır ölkə olduğunu dedilər.
Avropa Şurasının mədəniyyətlərarası koordinatoru Qabriella Battaini-Draqoni Avropa Şurasının "Ağ kitab"ında yeni mədəniyyət siyasətinin təlqin edildiyini söylədi: "Kitabdakı əsas fikirlər isə bunlardır: "Mədəniyyətlərarası dialoq yalnız mədəni müxtəliflik tərəfindən demokratik idarə oluna bilər. Demokratik vətəndaşlıq hamı üçün təmin olunmalı, mədəniyyətlərarası rəqabət təhsildə də tətbiq edilməlidir ki, insanlar biri-birinin dilini, mədəniyyətini anlayıb qəbul edə bilsinlər. Belə olduqda nə sivilizasiyaların toqquşma təhlükəsinin fəsadları, nə də bu proseslərdəki dözümsüzlük, irqi və milli ayrıseçkilik tendensiyaları müşahidə olunmaz".
Norveçin mədəniyyət və kilsə işləri üzrə nazirinin xüsusi nümayəndəsi Halvard İngebirikutsen isə qəbul olunan "Bakı Bəyannaməsi"nin böyük əhəmiyyətə malik olduğunu vurğuladı: "Layihə nəzəri cəhətdən Avropa Şurasının əvvəlki təcrübələrinə əsaslansa da, ilk dəfə olaraq sənəddə Avropa ilə onun qonşu regionları arasında dialoqun praktik vasitələrlə həyata keçirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq prosesinin əsasının Bakıda qoyulması xüsusi əhəmiyyətə malikdir".
İtaliyanın Mədəni İrs və Fəaliyyəti Nazirliyinin baş katibi dialoqun digər xalqların mədəniyyəti ilə tanışlıq vasitəsilə qurulmasının zəruriliyini önə çəkdi.
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri isə Şərqlə Qərb arasında mədəni dialoqun əldə olunmasında ölkəmizin mövqeyini alqışladı: "Azərbaycan hökuməti həmişə belə konfransların keçirilməsinə töhfə verir. Çünki burada xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Ekstremizm və digər xoşagəlməz halların aradan qaldırılması üçün bu cür dialoqa ehtiyac var. Gələn ildə də paytaxtınızda bir çox möhtəşəm tədbirlərin keçiriləcəyini bilirəm. Çünki Bakı İslam mədəniyyətinin mərkəzlərindəndir".
Mədəniyyətlərarası dialoq məfhumu ilk dəfə Avropa Şurasının 1995-ci ildə milli azlıqların mühafizəsinə dair öhdəlik kimi yaranıb. Avropa Şurası hesab edir ki, Avropa daxilində dialoqun əldə edilməsi qonşu ölkələrin iştirakı olmadan mümkün deyil. Bununla yanaşı, bu dialoqun əldə olunması üçün mədəniyyətlərarası müxtəliflik əldə edilməli və bunun üçün yeni məkanlar yaradılmalıdır. Bu baxımdan konfransda iştirak edən qonaqlar “Bakı prosesi”nin özündə bir sıra vacib məqamları ehtiva etdiyini bildirdilər.
İordaniyanın mədəniyyət naziri Nansi Bakir Naguez konfransın qənaətbəxş nəticələr verdiyini dedi: "Tədbir məzmun və təşkilati işlər baxımından maraqlıdır. Azərbaycan öz qonaqpərvərliyini və yüksək təşkilatçılıq fəaliyyətini bir daha nümayiş etdirdi. Burada hamı sizə minnətdardır. Çünki bu konfransın məhz Bakıda keçirilməsi əhəmiyyətli idi. Beynəlxalq təşkilatlar bu strateji mövqedə geniş rol oynayır. "Ağ kitab"ın qəbulu gələcəkdə mədəniyyət sahəsində əməkdaşlıq üçün zəmin yaradacaq. Onu da qeyd edim ki, tədbir vasitəsilə sizin dövlət və onun mədəniyyəti ilə də tanış olmaq imkanı qazandıq. Bu, eyni zamanda ikitərəfli əlaqələrə və xalqlar arasındakı yaxınlaşmaya gətirib çıxarır. Azərbaycanla İordaniya arasındakı saziş və icraedici proqram əsasında bundan sonra da əlaqələrimizi davam etdirəcəyik. Burada əsasən incəsənətin kino, teatr, folklor və təsviri incəsənət sahələri nəzərdə tutulur. Bundan başqa, biz qarşılıqlı mədəniyyət proqramlarında iştirakda maraqlıyıq. Ümumilikdə Bakı haqqında çox eşidib - oxumuşdum. Amma ən yaxşısı gəlib öz gözünlə görməkdir. Gördüklərim məndə unudulmaz təəssüratlar yaratdı. Bundan sonra da Bakıya gəlmək istərdim. Mən ərazilərinizin bir hissəsinin işğal olunmasını və oradakı mədəniyyət abidələrinizin dağıdılması faktından da xəbərdaram. Hesab edirəm ki, mədəniyyət ümumilikdə bəşəriyyətin məhsuludur. Ona təcavüz etməyə heç kəsin haqqı yoxdur".
Tədbirdə mədəniyyətlərarası dialoqda qadınların rolunun gücləndirilməsinə dair iyun ayında Bakıda keçirilən konfrans da xatırlandı. Vurğulandı ki, bu mövzudakı növbəti beynəlxalq tədbirin təşkili Azərbaycanın dialoqa verdiyi əhəmiyyətini aydın nümayiş etdirir. İştirakçılar azərbaycanlıların bəşəriyyətə verdiyi dəyərlərdən də danışdılar. Dialoqun qurulmasında ölkəmizin rolunun böyük olduğunu dedilər.
Qətərin mədəniyyət naziri Həməd Aziz Alkavari Azərbaycanın bu işdəki xidmətini yüksək dəyərləndirdi: "Azərbaycan günümüzün mövzusu olan mədəniyyətlərarası dialoqa parlaq nümunədir. İslam və Qərb dəyərlərini özündə yüksək formada təcəssüm etdirən bu ölkə ilə bundan sonra daha sıx əməkdaşlıq edəcəyik".
ALEKSO-nun baş direktoru Mongi Busnina isə 22 ölkənin təmsil olunduğu bu təşkilatın mədəni mübadilə kontekstində milli-mənəvi dəyərlərin qorunması ilə təbliğinə çalışacaqlarını dedi: ”Konfrans bundan sonrakı əməkdaşlığın inkişafında mühüm əhəmiyyətə malikdir. Yaşadığımız əsrdə mədəniyyətlərin, dinlərin bir-birini tanıması və dialoqu önəmlidir. Avropa Şurası çərçivəsində baş tutan tədbir ölkə haqqındakı həqiqətlərin çatdırılmasına xidmət edir. Bu mənada dövlət başçınızın əsaslı və ətraflı nitqi ölkənizin Ermənistan tərəfindən işğal olunan əraziləri, oradakı mədəniyyət abidələri barədə də aydın təsəvvür yaratdı. Bizim bildiyimiz və pislədiyimiz bu qanunauyğunsuzluğu qoy dünya bir daha eşitsin və buna, nəhayət, qərəzsiz reaksiya versin.
Həmidə NİZAMİQIZI