XIX əsrin sonu, XX əsrin əvvəllərində milli-mədəni  dəyərlərimiz üzərindən acı yellər əsir. Elmi-mədəni, ictimai-siyasi xadimlərimiz  haqsız  ittihamlara, təqiblərə məruz qalır. Bu səbəbdən də mühacirət  edirlər.
Öyrəndik ki, yazıçı-jurnalist Vasif  Quliyev tarixi araşdırmaları zamanı  maraqlı bir faktla qarşılaşıb; Türkiyədə milliyyətcə azərbaycanlı olan  ilk qadın vəkil haqqında məlumat toplayıb...  Vasif müəllim hadisə haqda bunları dedi:
”Axtarış və araşdırma zamanı öyrəndim ki, Türkiyədə ilk vəkil qadın milliyyətcə azərbaycanlı olub. Bu fakt məni çox maraqlandırdı və bu  istiqamətdə axtarışları davam etdirdim. Məlum oldu  ki, bu qadın  xalqımızın görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun qızı Sürəyyə xanım Ağayevadır”.

Bəs bu, necə olub ?

İran-Rusiya (1803 -1813), (1826 -1828 ) müharibələri zamanı bugünkü Qafqaz ərazisi itirilir. Ruslar həmin ərazidə müstəmləkəçilik siyasəti aparır. Ziyalılar təqib və haqsız ittiham edilir. Bu səbəbdən də qabaqcıl maarifçilər, ictimai-siyasi xadimlər mühacirət edirlər. Həmin mühacirlərdən  biri də Əhməd bəy Ağaoğlu olur. O, haqsız təqiblərdən yaxa qurtarmaq və gələcək ictimai-siyasi fəaliyyəti üçün münasib yer arayır. Bu məqsədlə də Türkiyəyə gedir və İstanbulda məskunlaşır. Onu da qeyd edim ki, o, İstanbula gedərkən ailəsi Bakıda qalır... İşlərini sahmana salandan sonra həyat yoldaşı Sitarə xanım Vəzirovaya məktub yazır. Bildirir ki, tezliklə Türkiyəyə gəlin. Sitarə xanım da ona cavab yazır : " Sən harda olsan , mən də orda olacağam. Uşaqları gətirirəm , bizi qarşıla!" Onlar Batum şəhərindən  İstanbula yola düşürlər.


İllər bir-birini əvəz edir. Uşaqları böyüyür. O, övladlarını elmli, bilikli görmək istəyir. Ona görə də böyük qızı Sürəyyəni  Kolbenin fransız məktəbinə qoyur. Onunla özü fərdi şəkildə məşğul olur... Ancaq şox çəkmir Sürəyyə " İttihad " məktəbinə dəyişilir. Bu məktəb də hansı səbəbdənsə bağlanır. Ona görə də "Bəzmi-aləm" qız liseyində təhsilini davam etdirir...
Sürəyyənin  mənəvi inkişafında və dünyagörüşündə təkcə məktəb həyatı yox, eyni zamanda ailə mühitinin - yəni evlərində keçirilən yığıncaqların böyük təsiri olmuşdu... Belə ki, Türkiyənin ən görkəmli tarixçiləri, ictimai-siyasi xadimləri tez- tez  onlarda bir masa arxasında otururdular. Bu söhbətləri dinləyən  Sürəyyə sonralar onların  bəziləri ilə  ailəvi dost olur. "Türk ocağı" toplantıları onların daimi getdiyi yer olur.  Belə bir mühitdə böyüyən və yetkinləşən Sürəyyə ali təhsil almaq məqsədilə sənədlərini İstanbul Universitetinin hüquq fakültəsinə verir.   Qeyd edim ki, o vaxt  bu fakültədə  yalnız oğlanlar oxuyurdu. Sürəyyə Ağayevanın sənədlərini ora verməsi şəhərdə əks-səda doğurur... O , universitetdə böyük səylə oxuyur. Bir neçə xarici dil - fransız, ingilis dillərini mükəmməl öyrənir. Praktiki biliyini artırmaq üşün məhkəmələrdə cinayət proseslərini izləyir. Beləliklə o, tez bir zamanda İstanbulun hüquq aləmində tanınır...  Ona qeyri-rəsmi  iş tapşırılır. Vaxtilə demokratik cümhuriyyətin daxili işlər naziri olmuş Behbud bəy Cavanşir Avropaya gedərkən yolüstü İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı olur. Sonra onu erməni terrorçusu Misak Torlakyan öldürür. Həmin qətlin məhkəmə prosesinə Sürəyyə də dəvət olunur. Ona məsuliyyətli bir iş - ingilis dilindən tərcümələrə nəzarət etmək tapşırılır. O da bu işi yüksək səviyyədə yerinə yetirir. Daha sonra bir neçə məhkəmədə iştirak edir.Tapşırılan işin öhdısindən bacarıqla gəlir... Beləliklə, aidiyyəti təşkilatlarda tanınır və etimad qazanır...


Sürəyyə Ağayeva 1925-ci ildə təhsilini uğurla başa vurur.  Atasının məsləhəti ilə Ankarada Camal Nazim bəyin yanında çalışır. Həmin vaxt SSRİ-nin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri M.Suriç onu Rusiya ilə Türkiyə arasında ticarət işləri ilə məşğul olan  "Neftsindikat" şirkətində vəkil işinə dəvət edir. O, əvvəlki işi qalmaq şərtilə orada işləməyə də razılıq verir. Səriştəli və savadlı bir vəkil kimi daim Türkiyənin hüquq-məhkəmə həyatında çətin və ağır məhkəmə proseslərinə dəvət edilir. 1930-cu ildə Dövlət Şurasında işə qəbul olunur. Bir müddət "Tənzimat" dairəsində nizamnamə hazırlamaq işi ilə məşğul olur.


O, Türkiyənin ilk vəkil qadını kimi hüquq aləmində gündən-günə məşhurlaşır. Təcrübəli bir hüquqşünas kimi beynəlxalq tədbirlərə dəvət olunur. Uzun müddət müxtəlif komissiyaların rəhbəri, Azadlıq fikirlərini yayma cəmiyyətinin, türk-Amerika universitetləri dərnəyi və ali təhsilli türk qadınları dərnəyinin yaradıcılarından biri olur. Ümumdünya Hüquqşünas Qadınlar Assosiasiyasının vitse-prezidenti, Uşaq Dostları Dərnəyinin sədri seçilir. O, öz vəsaiti hesabına uşaq evi açır. Əlbəttə , təsadüfi deyil ki, Sürəyyə xanim dünya ictimaiyyəti arasında uşaqların yaxın dostu və qadın hüquqlarının alovlu müdafiəçisi kimi tanınır.


Sürəyyə Ağayeva həm də dövri mətbuatda görkəmli bir publisist kimi də tanınır. Onun  "Bir ömür də belə keçdi" və ingilis  dilində çap olunan  "Lendradada gördüklərim" adlı kitabların müəllifidir. Bu əsərlər, sözsüz ki, oxucuların rəğbətini qazanmışdı.


Sürəyyə Əhməd bəy qızı Ağayeva 86 illik ömrünün 80 ilini Türkiyədə yaşayır. 1989-cu ilin (1903-1989) dekabrında dünyasını dəyişir. Ölümündən bir il qabaq -1988-ci ildə yaxın qohumu Nigar xanım Axundova ilə görüşür. Söhbət əsnasında deyir: "Məndən soruşurlar ki, vətənin haradır? Deyirəm: - Şuşada doğulmuşam , orada dil açmış , addım atmış və yerimişəm. İlk dəfə orada ulduzlu səmanı seyr etmişəm, güllərin ətrini duymuşam. Azərbaycanlı səsi, musiqisi eşidəndə uşaqlıq illərim yadıma düşür. Xatirələr məni qoynuna alır".

Söhbəti qələmə aldı:
Savalan Fərəcov