Sentyabrın 19-da Fikrət Əmirov adına 6 saylı onbirillik Uşaq incəsənət məktəbində “Əbədi iftixarımız - Üzeyir Hacıbəyli” adlı tədbir keçirildi.
Tədbiri məktəbin direktoru, Əməkdar müəllim Adilə Yusifova açaraq dahi bəstəkarın şəxsiyyəti və yaradıcılığı barədə danışdı. Qeyd etdi ki, Ü.Hacıbəylinin Azərbaycanda musiqi təhsilinin təşkilində, Dövlət Konservatoriyasının yaradılmasında müstəsna rolu var. O, 1926-cı ildən konservatoriyada elementar nəzəriyyə, harmoniya və Azərbaycan xalq musiqisinin əsasları fənlərindən dərs deyib. Dünya konservatoriyalarının təcrübəsinə əsaslanaraq ilk dəfə olaraq konservatoriyada Şərq musiqisi kafedrasını açır. Burada xalq alətlərində çalmaq, həm də xanəndəlik dərslərini öyrənmək məsələsini gündəmə gətirir, xalq musiqi alətlərində notla çalmaq sistemini yaradır, milli kadrların yetişməsində böyük səylər göstərir.
Məktəbin nəzəriyyə şöbəsinin müəllimi Kəmalə İsgəndərli “Üzeyir Hacıbəyli və Azərbaycan kinosu” mövzusunda çıxış edərək dahi bəstəkarın əsərləri əsasında çəkilmiş filmlərdən söz açdı. “O olmasın, bu olsun” filmindən bəhs edərkən bildirdi ki, yarım əsrdən artıq ömrü olan kinolent illər keçdikcə öz təravətini itirmir, böyük maraqla seyr edilir.
Çıxışlardan sonra məktəbin V sinif şagirdləri Nigar Həsənli və Xədicə Əliyeva fortepianoda Ü.Hacıbəylinin əsərlərindən parçalar səsləndirdilər.
Sonda “Əbədi iftixarımız” bədii-sənədli televiziya filmi nümayiş olundu. Filmin ssenari müəllifi Sərdar Fərəcov, quruluşçu rejissoru Tahirə Hüseynovadır.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar