Bakıda başa çatan Rostropoviç adına II Beynəlxalq Musiqi Festivalını yola salmağa hazırlaşdığımız 2008-ci ilin ən möhtəşəm musiqi tədbirlərindən biri hesab etmək olar. Xatırladaq ki, ABŞ, Rusiya, Fransa, İtaliya və Macarıstan kimi ölkələrdən paytaxtımıza təşrif buyuran adlı-sanlı musiqiçilərin cəm olduğu festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Rostropoviç Fondu təşkil etmişdi. Qeyd edək ki, bu tədbirin Azəraycan Dövlət Filormoniyasındakı açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və festivalın bədii rəhbəri, Rostropoviç Fondunun prezidenti, məşhur musiqiçinin qızı Olqa Rostropoviç çıxış ediblər. Bildirilib ki, festivalın yüksək səviyyədə keçirilməsi üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çox iş görmüşdür.

Festival çərçivəsində musiqisevərlər Azərbaycan bəstəkarlarının əsərlərini, “Moskva solistləri” kamera orkestrinin konsertini dinləmişlər.
Konsertdə Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin solistləri də çıxış ediblər.


Festivalın bir günü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edildi. Bu münasibətlə Heydər Əliyev Sarayında Cüzeppe Verdi Milano orkestri və xorunun ifasında dünyaşöhrətli italyan bəstəkarın - C.Verdinin “Rekviyem” əsəri səsləndirildi. Bundan başqa sarayda M.Rostropoviçin həyat və yaradıcılığına həsr olunan sərgi də açıldı. Festival proqramının sonuncu günündə Bakının opera sənəti həvəskarları Avropanın ən yaxşı orkestrlərindən birinin müşayiəti ilə məşhur müğənnilərin ifasından zövq alıblar. Verdi, Puççini, Bize və Maskaqninin əsərlərini dirijor Yucin Konun rəhbərlik etdiyi C.Verdi Milano orkestri və xoru, habelə “Opera ulduzları” Anjela Kyar, Katarina Karneus, Silvio Zanon, Makvala Kasraşvili, İrina Dubrovskaya, Badri Maysuradze və həmyerlimiz Elçin Əzizov ifa ediblər.