Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr ölkəmizdə ənənəvi olaraq Milli musiqi günü kimi təntənə ilə qeyd olunur.
Mədəniyyət tariximizin bu əlamətdar günündə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək Üzeyir Hacıbəylinin məzarını ziyarət etdilər.
Mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq, məzarları üzərinə tər çiçək dəstələri düzdülər.
Milli musiqi günündə həmçinin Müslüm Maqomayev, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Tofiq Quliyev kimi görkəmli sənətkarların məzarları ziyarət olundu.
Üzeyir bəyin məzarı başında
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını Milli musiqi günü münasibətilə təbrik edərək bildirdi ki, bu gün sadəcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır: “Bu gün Azərbaycan Dövlət himninin bəstəkarı, musiqimizi dünyaya tanıdan, Şərqdə ilk operanı yaradan dahi Üzeyir Hacıbəylinin doğum günüdür. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli musiqi günü kimi qeyd olunur”.
Bildirildi ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Ötən müddətdə böyük əks-səda doğuran festival bu il 8-ci dəfə keçiriləcək. Nazir vurğuladı ki, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı sentyabrın 18-dən sentyabrın 27-dək davam edəcək.
Mərasimdə Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” parçası səsləndirildi.
Milli Konservatoriyada konsert proqramı
Tədbir daha sonra Azərbaycan Milli Konservatoriyasında konsert proqramı ilə davam etdi.
Konsertdən öncə çıxış edən konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi Milli musiqi gününün əhəmiyyətindən, dahi Üzeyir bəyin həyat və yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında xidmətlərindən söz açdı.
Musiqi bayramı münasibətilə hər kəsi təbrik edən nazir Əbülfəs Qarayev Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının əhəmiyyətini, bu tədbirin ölkəmizin dünyada tanınmasında rolunu diqqətə çatdırdı. Bildirdi ki, Üzeyir Hacıbəyli musiqi irsimizin tədqiqi ilə yanaşı, gənc milli kadrların yetişməsinə xüsusi önəm verib. Onun milli musiqimizin inkişafında xidmətləri əvəzsizdir.
Sonra tədris ocağının Xalq çalğı alətləri orkestrinin ifasında dahi bəstəkarın “Koroğlu” operasından uvertüra və “Qarabağ şikəstəsi” ifa olundu.
“Güllələnmiş heykəllər”i ziyarət
Sonra mərasim iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan “Güllələnmiş heykəllər”i ziyarət etdilər. Bir vaxtlar doğma şəhərləri Şuşada ucalan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri işğaldan sonra Bakıda, bu məkanda qərar tutub. Abidələr önünə tər güllər düzüldü, xatirələri hörmətlə anıldı.
Növbəti məkan Bakı Musiqi Akademiyası oldu
Daha sonra tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında davam etdi.
Nazir Əbülfəs Qarayev əlamətdar gün barədə danışaraq bildirdi ki, hər il olduğu kimi, bu il də dahi bəstəkarın doğum günü geniş şəkildə qeyd olunur. Bu il də Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində teatr, konsert salonlarında, muzeylərdə, musiqi məktəblərində müxtəlif tədbirlər keçiriləcək.
Nazir vurğuladı ki, bu gün Azərbaycan musiqiçiləri Avropada, dünyanın digər yerlərində çıxış edir, festivallarda və müsabiqələrdə uğurlar qazanırlar: “Üzeyir Hacıbəylinin adı Azərbaycan xalqının yaddaşında silinməz hərflərlə yazılıb və heç zaman unudulmayacaq. Sentyabrın 18-i Azərbaycan musiqisinin digər nümayəndəsi, böyük bəstəkarımız Müslüm Maqomayevin də ad günüdür. Bizim milli musiqimizin zəngin ənənələri bu gün də inkişaf etməkdədir. Azərbaycan musiqisi bu gün ölkəmizin hüdudlarını aşaraq dünyanın müxtəlif ölkələrində təqdim olunur”.
Tədbirdə Müdafiə Nazirliyinin Nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olundu.
Fariz Hüseynov