Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş növbəti beynəlxalq musiqi festivalı keçirilir

Sentyabrın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət, incəsənət xadimləri, musiqisevərlər iştirak edirdilər.
Açılış mərasimi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dahi bəstəkarın “Koroğlu” operasından uvertüranın səsləndirilməsi ilə başlandı. Proqramda daha sonra Soltan Hacıbəyovun “Böyük orkestr üçün konsert” və Aqşin Əlizadənin “Azərilər” kantatası ifa olundu. Konsertin bədii rəhbəri və baş dirijoru Xalq artisti Rauf Abdullayev idi.
Gecədə həmçinin Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının ifasında Yohannes Bramsın fortepiano və orkestr üçün əsəri ifa olundu. Solist rusiyalı pianoçu Peter Laul idi.
* * *
Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının növbəti konsert proqramı sentyabrın 20-də Kamera və Orqan Musiqisi Zalında təqdim olundu. Konsertdə gənc ifaçılar Mahir Tağızadə (bariton), Kamilla İmanova (soprano), Rauf Babayev (tenor), Fatimə Cəfərzadə (soprano), Dilarə Kərimova (piano), Kristina Rəhimova (soprano) çıxış etdilər.
Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin və Əsgərin ariyaları, "Sevgili canan", "Sənsiz", Müslüm Maqomayevin "Odlar yurdu Azərbaycan", Cakomo Puççininin "Toska" operasından Kavardosinin ariyası, Antonin Dvorjakın "Su pərisi" operasından Su pərisinin ariyası, Françesko Çileanın "Orleanlı qız" operasından "Federikonun ariyası və digər əsərlər səsləndirildi. Tamaşaçılar gənc ifaçıların çıxışlarını alqışlarla qarşıladılar.
Xatırladaq ki, 2009-cu ildən Üzeyir Hacıbəylinin doğum günündə beynəlxalq musiqi festivalına start verilir. Ölkəmizin mədəni həyatında özünəməxsus yer tutan festivalda müxtəlif ölkələrdən tanınmış musiqiçi və kollektivlər iştirak edir.
Sentyabrın 27-dək davam edəcək budəfəki festivalda ümumilikdə 30-dan artıq tədbir planlaşdırılıb. Paytaxtımızın müxtəlif mədəniyyət ocaqlarında keçiriləcək bu tədbirlərdə musiqisevərlər Üzeyir Hacıbəyli ilə yanaşı, digər tanınmış bəstəkarlarımızın da əsərlərini dinləmək şansı əldə edəcəklər.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar