Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının konsert proqramları davam edir.
Sentyabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına simfonik orkestrinin və Cahangir Cahangirov adına xorun (bədii rəhbər - Əməkdar artist Ramil Qasımov) iştirakı ilə “Musiqi çələngi” adlı konsert oldu.
Konsertdə solistlər Anar Şuşalı, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Taleh Yəhyayev, Gülnaz İsmayılova, İnarə Babayeva, Zemfira İsmayılova, Ayşən Mehdiyeva və Çinarə Şirin çıxış etdi.
Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Nigarın ariyası, “Arşın mal alan operettası”ndan Gülçöhrənin ariyası, F.Əmirovun “Simfonik rəqslər”, “Sevil” operasından Balaşın nəğməsi, M.Maqomayevin “Şah İsmayıl” operasından Aslan şahın ariyası, Q.Qarayevin “Yeddi gözəl” baleti və başqa əsərlərdən fraqmentlər, xalq və bəstəkar mahnıları səsləndirildi.
* * *
Sentyabrın 22-də festival çərçivəsində daha bir konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirildi. Akademiyada təşkil olunan fortepiano musiqisi konsertində BMA-nın professoru Ülviyyə Hacıbəyovanın ifasında maraqlı proqram təqdim edildi.
Konsertdən əvvəl Ülviyyə Hacıbəyova tamaşaçıları salamlayaraq təşəkkürünü bildirdi. Vurğuladı ki, Üzeyir musiqi günü münasibətilə respublikamızda müxtəlif konsertlər, tədbirlər, sərgilər təşkil olunur. O, konsert proqramı barədə dinləyicilərə məlumat verdikdən sonra fortepiano arxasına keçdi.
İ.S.Bax, A.Motsart, Ü.Hacıbəyli, F.Qarayev və digər bəstəkarların əsərlərindən ibarət konsert maraqla qarşılandı.
* * *
Sentyabrın 23-də Üzeyir Hacıbəylinin ev-muzeyində “Konsert-görüş” adlı tədbir keçiriləcək. Konsertdə Fərhad Aşımov (violin) və Zülfiyyə Sadıqova (fortepiano) çıxış edəcəklər. Konsertin proqramına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir.
Həmin gün Azərbaycan Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası klassik musiqi əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcək. Konsertin bədii rəhbəri və dirijoru Xalq artisti Gülbacı İmanova, solistləri Haqay Şaham (skripka, İsrail) və Nina Makarovadır (metso-soprano).
* * *
Sentyabrın 24-də “Furioso” kvarteti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında səhnəyə çıxacaq. Konsertdə Səid Məmmədov (skripka), Süleyman Babakişizadə (skripka), Üzeyir Mahmudbəyli (viola), Kəmalə Neymanova (fortepiano), Murad İbrahimov (violonçel) çıxış edəcək. Konsertdə K.Debüssinin, A.Dvorjakın və Q.Qarayevin fortepiano üçün əsərləri səsləndiriləcək.
Həmin gün Azərbaycan Dövlət Filarmoniyasında Almaniyanın Millətlər Filarmoniyasının orkestri konsert proqramı təqdim edəcək. Tanınmış dirijor Yustuz Frantzın idarə edəcəyi konsertdə L.Bethoven, Q.Qarayev və başqalarının əsərləri ifa olunacaq.
Sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqə laureatı Nərgiz Əliyarovanın solo konserti olacaq.
Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı sentyabrın 27-dək davam edəcək.
Lalə
Savalan