Paytaxtımızın son illərdə sürətlə böyüdüyü, genişləndiyi, yeni tikilən çoxmərtəbəli, müasir tipli binaların gündən-günə çoxaldığı, bir sözlə, dünyanın nəhəng neft mərkəzlərindən olan Bakının əvvəlki simasını büsbütün dəyişdiyi göz qabağındadır. Bəs, bu yeniləşmənin, inkişafın, tərəqqinin ab-havası məişətimizdə, yaşam tərzimizdə də hiss olunurmu? Şəhər həyatına xas olan birgəyaşayış mədəniyyətinə yiyələnə bilmişikmi? Məhz indi, Avropaya inteqrasiya yolu tutduğumuz bir zamanda bu suallar daha aktual səslənir…
Günümüzün gerçəkliyi
Yaşadığımız bazar iqtisadiyyatı dövründə daşınmaz əmlak bazarında fərdi evlərin, mənzillərin, binaların, mülk və tikililərin alqı-satqısı böyük vüsət alıb. Bu mənzillərin sırasında keçmiş sovet dövründə inşa olunmuş və ən azı 50-60 ildən bəri istismarda olan «stalinka», «xruşşovka», «Kiyev» və «Leninqrad» layihəli çoxmərtəbəli, monolit binalar da az deyil. Belə binaların texniki vəziyyətinin hansı səviyyədə olduğunu müəyyənləşdirmək isə mütəxəssis rəyi tələb edən vacib problem olaraq qalmaqdadır. Təsadüfi deyil ki. son vaxtlar istismar müddəti ötmüş, köhnəlmə faizi normadan artıq həddə olan, texniki baxımdan yaşayış üçün potensial təhlükə mənbəyinə çevrilmiş bina və mənzillərlə bağlı şikayətlərin sayı da xeyli çoxalıb. Əslində qeyd olunan faktlar obyektiv amil kimi dəyərləndirilsə də, köhnəlmiş çoxmərtəbəli yaşayış binalarının bərbad hala düşməsində subyektiv amillər də az rol oynamır. Müşahidələr göstərir ki, çoxmərtəbəli monolit binalardakı mənzillər çox vaxt məhz sakinlərin özləri tərəfindən kor-koranə aparılan qanunsuz yenidənqurma və təmir işləri zamanı zədələnir, bərbad hala salınır. Son zamanlar bir sıra çoxmərtəbəli ictimai yaşayış binalarında baş verən hadisələr deyilənləri bir daha təsdiqləyir..
Nə qədər paradoksal görünsə də, mənzil və binalarda baş verən belə bədbəxt hadisələrdən sonra hamı səbəb axtarır. Bu «səbəb»lərin ən başlıcası isə əksər sakinlərin birgəyaşayış mədəniyyəti və birgəyaşayış qaydalarına münasibəti, daha doğrusu, biganəliyi, laqeydliyidir.
İctimaidə fərdilik...
Bu da bir həqiqətdir ki, şəhər həyatının özəlliklərindən biri (kaş ki, həm də gözəlliklərindən olaydı) məhz birgəyaşayış mədəniyyəti və birgəyaşayış qaydalarıdır. Bu qaydaları bilmədən, kollektiv birgəyaşayış mədəniyyətinə yiyələnmədən ümumiyyətlə mədəni, müasir insan olmaq mümkün deyil. Təəssüf ki, bu gün fərdi mənzil alıb satanların böyük əksəriyyəti, öz mənzillərində layihəyə zidd yenidənqurma işləri aparır, özbaşına və qanunsuz artırıb-əksiltmələr edir, arakəsmələri götürür, monolit sütun və dayaqları qopararaq otaqları «genişləndirir», eyvan, qapı və pəncərələrin standart ölçülərini necə gəldi dəyişərək, istədikləri şəklə salır, bir sözlə, təkcə özlərini deyil, həmin binada yaşayan yüzlərlə ailənin də həyatını təhlükəyə məruz qoyurlar. Nəticədə kiminin mənzilinə qaz sızır, başqa birisinin otaqlarını su basır, yaxud elektrik xətti qırılır, digərinin tavanı, divarları yuxarı mərtəbədəki zərbələrdən çat verir və sair.…
Əlbəttə, bu problemin texniki tərəfidir. Əgər məsələyə etik-əxlaqi baxımdan yanaşsaq belə bir həqiqəti də dilə gətirməliyik ki, mənzillərində qanunsuz, layihədən kənar yenidənqurma işləri aparanlar həm də ictimai asayişi pozur, sakinlərin rahatlığına və istirahətinə xələl gətirir, yaşlı və xəstə insanların, uşaqların sağlamlıq durumuna böyük zərbə vurur, diskomfort yaradırlar. Belələri çox vaxt - «şəxsi evimdir, nə istəsəm, onu da edərəm» - məntiqi ilə davranır; nə mehriban qonşuluq münasibətlərinə, nə mövcud qayda-qanunlara, nə də «Mənzil Məcəlləsi»nin müddəalarına məhəl qoyurlar. Bəs görəsən, ictimai yaşayış binalarında baş alıb gedən bu xaos və hərc-mərcliyə nəzarət edən qurum, yaxud təşkilat yoxdurmu? Bu yerdə çox vaxt «JEK»ləri, yəni keşmiş sovetlər zamanından qalma - mənzil istismar idarələrini günahlandırırlar. Bəziləri isə yerli özünüidarə orqanı olan bələdiyyələrin fəaliyyətsizliyini önə şəkir. Bəs kimdir günahkar? Qanunsuz yenidənqurma işləri aparan sakinlər, yoxsa...…
Problemə mütəxəssis münasibəti
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisi Cahangir Qocayevin sözlərinə görə, qeyd olunan məsələ bu günümüzün ən aktual problemlərindən biridir:
«Təəssüfləndirici haldır ki, ictimai yaşayış binalarına, mənzillərə texniki nəzarət istənilən səviyyədə deyildir. Qeyd etmək istəyirəm ki, mənzil nəzarəti dövlət nəzarətinin bir növüdür, həm də çox mühüm növüdür. Əvvəllər bu funksiyanı Mənzil və Kommunal Təsərrüfatı Nazirliyi həyata keçirirdi. İndi o nazirlik ləğv olunub. Onun funksiyalarını isə bir ara Dövlət Tikinti və Arxitektura Komitəsi aparırdı. Çox təəssüf ki, həmin qurumda da bu məsələ ilə ciddi məşğul olan olmayıb. Mən bu barədə dəfələrlə demişəm, yenə də qeyd etmək istəyirəm ki, nəqliyyat vasitələri hər il texniki baxışdan keçirildiyi kimi, ictimai yaşayış binaları da hər il texniki baxışdan keçirilməli, onun yararlılığı ilə bağlı məlumatlar rəsmən sakinlərə elan olunmalıdır. Bu, çox mühüm məsələdir.Tutaq ki, nəqliyyata keçirilən texniki baxış 3-5 adamın taleyi ilə bağlıdırsa, ən adi ictimai yaşayış binasının texniki vəziyyəti onlarla, yüzlərlə insanın taleyi ilə bağlıdır. Bəzən bir binanın bünövrəsində, yaxud hansısa bir hissəsində olan zədə o binanın uçması və insanların kütləvi şəkildə tələfatı ilə nəticələnə bilər. Bu, çox ciddi problemdir, ona dırnaqarası yanaşmaq olmaz. Son vaxtlar paytaxtda, eləcə də ayrı-ayrı bölgələrdə binaların qəzalı vəziyyətə düşməsi ictimai yaşayış binalarına texniki baxış keçirməyin nə qədər vacib olduğuna əyani nümunədir».
Mütəxəssisin sözlərinə görə, çoxmərtəbəli yaşayış binalarında aparılan hər bir qanunsuz yenidənqurma işi böyük təhlükələrə zəmin yaradır. Məsələn, mənzillərdəki dəhlizləri, sütunları, arkaları «kuvalt»la, pnevmatik çəkic və digər inşaat texnikasının köməyi ilə uçurub-dağıdanlar, standart otaqları özbaşına genişləndirənlər həm də binanın ümumi layihəsinə, yanğın təhlükəsizliyinə, ən nəhayət estetikasına, interyer və eksteryerinə xələl gətirirlər. Elə ictimai binalar da var ki, onların zirzəmilərindən qanunsuz olaraq iaşə obyekti kimi istifadə olunur. Bu isə yanğın təhlükəsizliyi baxımından yolverilməzdir. Faktlar göstərir ki, qaz yığılması, elektrik naqillərinin qısa qapanması ilə nəticələnən partlayışların, bədbəxt hadisələrin böyük əksəriyyəti məhz belə zirzəmilərdə baş verir.
Nəzarət də vacibdir...
İnşaatçı peşəkarların sözlərinə görə, monolit binalarda dəmir-beton panellərə, əsas dayaqlara vurulan güclü zərbə gizlin çatlar yaradır. Sonradan həmin binalar təsadüfi bir silkələnmə, rezonans, yaxud seysmik titrəyiş nəticəsində uçub-tökülə bilər.. Bu titrəyişlər çoxmərtəbəli monolit yaşayış binalarında ona görə daha təhlükəlidir ki, belə tikililər adından da göründüyü kimi, bütöv konstruksiyalar, yəni dəmir- beton panellər əsasında inşa edilir və zərbəyədavamlılığı müəyyən həddə qədər hesablanır. Lakin bu həddi aşdıqda qəza vəziyyəti qaçılmaz olur.
Yeri gəlmişkən, daha bir məsələyə aydınlıq gətirmək istərdik. Söhbətlərdən aydın olur ki, bəzi sakinlər şəxsi mülkiyyətlə, xüsusən ictimai binalardakı özəlləşdirilmiş mənzillərlə bağlı məsələlərdə yanlış təsəvvürə malikdirlər.
Xatırladaq ki, çoxmərtəbəli ictimai binalardakı özəlləşdirilmiş yaşayış mənzillərinə olan mülkiyyətçi hüquqları ilə həyətyanı sahəsi olan kənd tipli fərdi ev və mülklərə olan sahibkarlıq arasında spesifik fərqlər mövcuddur. Bu iki mülkiyyət hüququnu eyniləşdirmək olmaz. Məsələ burasındadır ki, fərdi torpaq sahələrində tikilən binalar, mülklər bütünlüklə mülkiyyətçinin iradəsindən asılıdır və həmin şəxsin arzusu ilə sökülə, dağıdıla, satıla, uçurula, tikinti materialları kimi başqa yerə aparıla bilər. Çoxmərtəbəli ictimai yaşayış binalarındakı özəlləşdirilmiş mənzil sahiblərinin isə belə bir səlahiyyəti yoxdur. Çünki onlar, elmi istilahla desək, yalnız «ictimai binanın içərisindəki fərdi yaşayış fəzasına», mülkiyyətçi hüququna malikdirlər. Buranı sökməyə, dağıtmağa, yaxud yenidən qurmağa isə səlahiyyət verilmir. Ona görə də ictimai binalarda yaşayanlar nəinki qanunsuz yenidənqurma işləri apara, həm də oradakı kommunikasiya xətlərini, istilik, elektrik, qaz və sair sistemləri özbaşına dəyişdirə bilməzlər.
Şəhərsalma və arxitektura mütəxəssislərinin sözlərinə görə, ictimai yaşayış binalarındakı mənzillərin qorunub saxlanması MİS-lərin (“JEK”) üzərinə düşsə də, onlar bunu maliyyə çatışmazlığı üzündən həyata keçirə bilmirlər.
Hazırda kondaminimum, yəni mülkiyyətçilərin birliyi deyilən bir qurum var. Bu qurum keçmiş sovetlər zamanındakı kooperativlərə oxşayır. Lakin bunun da fəaliyəti hiss olunmur. İndi ictimai binalarda yaşayan sakinlərin təxminən 70 faizi mənzillərini özəlləşdirsə də, özəlləşməni tamamilə başa çatmış hesab etmək olmaz. Məhz bu səbəbdən də MİS-lər hələ də öz fəaliyyətlərini davam etdirirlər. Maraqlıdır ki, qonşu Gürcüstanın paytaxtı Tbilisidə MİS-lər çoxdan ləğv olunsa da, bu tələskənlik özünü doğrultmayıb. Qonşularımızın təcrübəsi göstərir ki, MİS-ləri əvəz edə biləcək təzə qurumlar yaradılmadan mövcud qurumları ləğv etmək heç bir səmərə verməz.
Bütün bu deyilənlər bir daha sübut edir ki, ictimai birgəyaşayış mədəniyyəti ümummilli mədəniyyətin tərkib hissəsi olmalıdır.
Cəlal Tağıyev