18-27 sentyabr tarixində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində rəngarəng konsert proqramları, müxtəlif tədbirlər keçirildi.
Bu sırada Xəzər Universitetinin iştirakı ilə təşkil edilən görüş-konsertlər də maraqlı anları ilə yadda qaldı.

Sentyabrın 23-də Üzeyir Hacıbəylinin ev-muzeyində keçirilən tədbirdə muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək dahi bəstəkara ümumxalq məhəbbətindən danışdı: “Azərbaycan xalqının Üzeyir bəy məhəbbəti, istəyi sönməz, tükənməz və əbədi bir məşəldir. Nə qədər Azərbaycan xalqı yaşayır, bu məhəbbət şölələnəcək”.
Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı görkəmli musiqiçinin çoxşaxəli yaradıcılığından, əsərləri əsasında çəkilmiş filmlərdən danışdı. Bildirdi ki, Üzeyir bəyin “O olmasın, bu olsun”, “Arşın mal alan” əsərləri əsasında lentə alınan filmlər 80-dən çox dilə tərcümə edilib, müxtəlif ölkələrdə nümayiş olunub.
Çıxışlardan sonra Xəzər Universitetinin Musiqi və incəsənət kafedrasının müdiri Zülfiyyə Sadıqova (piano), Bratislava Musiqi Akademiyasının doktorantı Fərhad Aşumov (skripka) Ü.Hacıbəyli, Q.Qarayev, L.Bethoven və başqa görkəmli bəstəkarların əsərlərindən fraqmentlər ifa etdilər.
* * *
Sentyabrın 27-də daha bir “Görüş-konsert” Xəzər Universitetində keçirildi.
Əvvəlcə Xəzər Universitetinin prorektoru İsaxan İsaxanov çıxış edərək görkəmli bəstəkarın Azərbaycan mədəniyyətinə, musiqi sənətinə bəxş etdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, dahi bəstəkarın vaxtilə qələmə aldığı “Leyli və Məcnun” operası müsəlman Şərqində böyük bir mədəni hadisə olub.
Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov dahi bəstəkarın milli kadrlara göstərdiyi qayğıdan söz açdı. Bildirdi ki, Azərbaycan Bəstəkarlar İttifaqı yarananda bu qurumun barmaqla sayılacaq qədər azərbaycanlı üzvü olub. Ü.Hacıbəyli qurumun sədri seçiləndən sonra milli kadrların sayı artır. Üzeyir bəy hər zaman tələbələrinə yaradıcılıq işində daima xalq irsindən yaralanmağı və folklora istinad etməyi tövsiyə edib. Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Cahangir Cahangirov və digər bəstəkarlar onun yolunu davam etdirərək Azərbaycan musiqisini dünyaya tanıdıblar.
Çıxışlardan sonra universitetin Kamera orkestrinin müşayiəti ilə Üzeyir Hacıbəylinin “Arazbarı”, Aqşin Əlizadənin “Cəngi”, Qara Qarayevin “Yeddi gözəl” baletindən Ayişənin rəqsi, Sərdar Fərəcovun “Oda alqış və sübh duası” , Arif Məlikovun “Qızların rəqsi”, Fikrət Əmirovun “1001 gecə” baletindən Şəhrizadın bayramı ifa olundu. Xəzər Universitetinin kafedra müdiri, dosent Zülfiyyə Sadıqova fortepianoda və Bratislava Musiqi Akademiyasının doktorantı Fərhad Aşumov skripkada L.Bethovenin 5-ci sonatası, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət” və “Pavana”, D.Şostakoviçin “Dörd prelüdü” və s. səsləndirdilər.

S.Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar