Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Andrey Petrov adına bəstəkarların beynəlxalq müsabiqəsinin münsiflər heyətinə sədrlik edib. Müsabiqənin münsiflər heyətində A.Knayfel, L.Desyatnikov, P.Karmanov, D.Yanov-Yanovski, A.Karalyov və İ.Drux kimi məşhur bəstəkarlar yer alıb.
Sankt-Peterburq Dövlət Filarmoniyasının böyük zalında keçirilən bağlanış mərasimində çıxış edən F.Əlizadə Rusiya və Azərbaycan arasında dərin köklərə malik, Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi korifeylərin əməyinə söykənən dostluğun əhəmiyyətindən danışıb.
Bildirilib ki, 10-cu dəfə təşkil olunan müsabiqəyə 12 ölkədən 108 partitura göndərilib. İqor Drux “Betelqeyze” əsəri ilə müsabiqənin qalibi olub. Simfonik musiqi üzrə laureat adına “Vulkan” simfonik lövhəsi ilə İsveç bəstəkarı David Ribe, “İnfiniti” əsəri ilə kanadalı Nurulla Xoca, həmçinin “Palladium” fortepiano konserti ilə Sankt-Peterburqdan Artur Vavel layiq görülüblər. Müsabiqənin laureatlarının əsərləri məşhur dirijor Arkadi Şteynluxtun idarə etdiyi Şostakoviç adına Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə ifa olunub.
Finalçıların əsərlərindən başqa, orkestrin ifasında A.Petrovun “Dünyanın yaranması” baletindən süita və F.Əlizadənin “Nağıllar” simfonik poeması da səslənərək dinləyicilərin zövqünü oxşayıb.
Qeyd edək ki, Firəngiz Əlizadə artıq ikinci dəfədir Rusiyada bəstəkarlar arasında keçirilən yeganə beynəlxalq müsabiqənin münsiflər heyətinə sədrlik edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar