Hər zaman xalqın sevimli bəstəkarı olaraq yaşayan Ələkbər Tağıyev. Vəfatından 35 il vaxt keçsə də, onun bəstələdiyi mahnılar sevilir, ifa olunur və tanınır...
Sentyabrın 29-u axşam Heydər Əliyev Sarayından şəhərə pərvazlanan incə duyğulu, həzin və şaqraq musiqilər də zalda əyləşən tamaşaçıları keçmişə, unudulmaz mahnıların yarandığı, sevildiyi ilk illərə qaytarmışdı. Havada da bir Ələkbər Tağıyev əhvalı var idi o gün. Bəstəkarın bu dünyaya gözünü yumduğu gün kimi - çiskinli, mahnılarındakı kimi romantik. Onu bəzən Azərbaycanın ən romantik bəstəkarı adlandırırlar. Təkcə “Sən gəlməz oldun”u yetər ki, bu fikri isbat etsin. Onun hər mahnısı bir nağıl idi. “Qəşəngdir”i dinləyərkən insan təbiətə həsr edilmiş hekayə dinləyir sanki. “Azərbaycan”, “Mən bu elin qızıyam”, “Azərbaycan oğluyam” və digər mahnılar isə əsl vətənpərvər insanın duyğularının tərənnümüdür. Musiqi və mətnin bir-birini tamamladığı an ərsəyə gələn sənət əsəri əbədiyaşarlıq qazanır. O, səhnədə dueti dəbə gətirən bəstəkar kimi də xatırlanır.
Gecə Əməkdar artist Yadigar Muradovun ifasında “Mənim dünyam” mahnısının sədaları ilə başlandı. Daha sonra Əməkdar artist Azad Şükürov səhnəyə çıxaraq Ələkbər Tağıyevin həyat və yaradıcılığı haqqında məlumat verdi.
Musiqi və xatirələrlə bol gecə öz axarı ilə davam etdi. Konsert proqramında xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, əməkdar artistlər Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, Zakir Əliyev və başqaları iştirak edirdilər. Unudulmaz bəstəkarla bağlı xatirələrini bölüşən Nisə Qasımova, Flora Kərimova bildirdilər ki, bu gün səhnədə vəfa borcumuzu yerinə yetiririk. Ələkbər Tağıyevin mahnılarını görkəmli müğənnilər ifa edib, bu mahnılar nəsildən nəslə ötürülərək daim konsert salonlarında, el şənliklərində səslənir. Gecədə çıxış edən gənc ifaçılar bildirdilər ki, bu gün onların mahnı janrında ifalarının xalq tərəfindən sevilməsində Ələkbər Tağıyev bəstələrinin öz yeri var.
Müğənniləri səhnədə Nəsib Məhərrəmovun rəhbərliyi ilə “Şuşanın səsi” instrumental ansamblı müşayiət edirdi. Gecəyə ifaçıların birgə ifasında sözləri Xalq şairi Səməd Vurğuna məxsus olan “Azərbaycan” mahnısı ilə yekun vuruldu. Bütün zalın ifaçılarla birgə oxuduğu bu mahnı Ələkbər Tağıyev ruhuna ehtiram idi.
Lalə Azəri