TÜRKSOY-un “25-ci il qala konsertləri”nin növbəti proqramı Ankarada gerçəkləşdi

Xəbər verdiyimiz kimi, TÜRKSOY təşkilatı Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə silsilə konsert proqramları hazırlayıb. TÜRKSOY-un Xalq çalğı alətləri orkestrinin “25-ci il qala konsertləri”nin ilk proqramları sentyabrın 27-28-də Qazaxıstanın Taldıkurqan və Almatı şəhərlərində keçirilmişdi.
10 türkdilli ölkə və diyardan musiqiçilərin yer aldığı orkestrin bu silsilədən növbəti musiqi axşamı oktyabrın 3-də Ankarada gerçəkləşdi. Konsert möhtəşəm ifalarla yadda qaldı. 2016-cı ildə qurulan və ənənəvi milli alətlərdə ifa edən kollektiv dinləyiciləri türk diyarlarında unudulmaz sənət səyahətinə çıxardı.
Qeyd edək ki, 3 oktyabr “Türkdilli xalqların həmrəyliyi günü”dür. 2009-cu ilin 3 oktyabrında Naxçıvanda türkdilli dövlət başçılarının görüşündə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş və bəyannamə imzalanıb. 2010-cu ildə türkdilli dövlət başçılarının İstanbulda keçirilən X zirvə toplantısında bu tarix “Türkdilli xalqların həmrəyliyi günü” kimi təsis olunub.
Gecədə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirdi ki, qurum türk respublikalarının müstəqilliklərinin 25-ci ildönümü ilə bağlı müxtəlif layihələr həyata keçirir: “Qardaş xalqlarımız müstəqilliklərini elan etməsindən cəmi 25 il keçməsinə baxmayaraq, həqiqətən, çox əhəmiyyətli və çox çətin tarixi dövrdən keçiblər. Hazırda özünə inamı qazanan və dünya siyasət arenasında yerlərini alan ölkələrimiz müstəqillik və azadlığa tam mənasıyla sahibləniblər. Bizlər xalqlarımızın könül birliyi və qardaşlığını gücləndirmək, ortaq türk mədəniyyətini gələcək nəsillərə ötürmək və dünyaya tanıtmaq məqsədilə bu fəaliyyətləri davam etdiririk. 3 oktyabr - Türk dünyası həmrəylik və əməkdaşlıq günümüz mübarək olsun! Türk respublikalarının suverenliyi və müstəqilliyi, türk xalqlarının qardaşlığı əbədi olsun. İnsanlığa və mədəniyyətə bənzərsiz dəyərlər qazandırmış mədəniyyət və sənətimiz daim parlasın"".
Tədbirə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, TÜRKSOY-a üzv ölkələrin Ankaradakı səfirləri, TÜRKPA baş katibi, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti və çox sayda qonaq qatılmışdı.
Konsertdə özbək mahnısı “Ahastə”, qırğız xalq dastanı “Kurmanbek”, Azərbaycan xalq mahnısı “Sarı gəlin” və digər ifalar səsləndirildi. İfalar auditoriya tərəfindən böyük coşqu ilə qarşılandı.
TÜRKSOY Xalq çalğı alətləri orkestrinin “25-ci il qala konsertləri” növbəti dəfə 5 oktyabrda Girnə şəhərində (Şimali Kiprdə) keçiriləcək. Konsert silsiləsi 7 oktyabrda İzmirdə yekunlaşacaq.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar