Əməkdar incəsənət xadimi, bəstəkar, pedaqoq Məmməd Quliyev musiqi mədəniyyəti xəzinəmizi maraqlı əsərlərlə zənginləşdirib. Yaradıcılığında xalq musiqisinə böyük önəm verən sənətkar eyni zamanda musiqiçi nəsillərinin yetişdirilməsində yaxından iştirak edib.
Məmməd Mehdi oğlu Quliyev 9 fevral 1936-cı ildə Göyçay rayonunda anadan olub. Erkən çağlardan tar ifaçılığına maraq göstərir, oxuduğu orta məktəbin tədbirlərində və el şənliklərində yaxından iştirak edir. Bakı şəhərində istedadlı uşaqlar arasında keçirilən sənət olimpiadasına qatılır və mükafata layiq görülür.
Orta təhsilini başa vurduqdan sonra Bakı Musiqi Texnikumunun tar ixtisasına qəbul olunur. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Qara Qarayevin sinfində oxuyur və 1963-cü ildə təhsilini başa vurur.
Məmməd Quliyevin diplom işi kimi yazdığı simfoniya dövlət imtahan komissiyası tərəfindən yüksək qiymətləndirilir. İlk uğur onun simfonik musiqi sahəsində gələcək taleyini müəyyənləşdirir. Təzə-təzə yaradıcılıq yoluna qədəm qoyan bəstəkarın maraqlı və yüksək bədiiliyi ilə seçilən əsərləri diqqət çəkir. Hətta respublika hüdudlarından kənarda musiqi ictimaiyyətinin marağına səbəb olur. Əsərləri ümumittifaq müsabiqələrində, qurultay və plenumlarda uğurla səsləndirilir.
Sənətkarın simfoniyaları, instrumental konsertləri, irihəcmli xor əsərləri, o cümlədən şair Fikrət Qocanın sözlərinə yazılan “Dədə Qorqud diyarı” kantatası, M.Füzulinin sözlərinə “Şəbi-hicran” lirik poeması, Xocalı soyqırımına həsr etdiyi “Simfoniya - rekviyem”, “20 Yanvar” şəhidlərinə həsr etdiyi “Rekviyem” və çoxsaylı kamera-instrumental əsərləri musiqi ictimaiyyəti və dinləyicilər tərəfindən maraqla qarşılanıb.
O, sonrakı mərhələdə vokal musiqi janrına da müraciət edir. Səs və simfonik orkestr üçün yazdığı “7 Azərbaycan xalq mahnısı” məcmuəsində xalq mahnılarından (“Dəli ceyran”, “Süsən-sünbül” və s.) geniş şəkildə yararlanır, onların melodiya və formasını götürərək özünəməxsus şəkildə orkestrləşdirir.
M.Quliyevin 20 pyesdən ibarət olan “Fortepiano üçün albom” əsəri də orijinallığı ilə seçilir. Bəstəkar burada müxtəlif lad-məqamlardan istifadə edərək hər muğamı bir pyes şəklində təqdim edir. M.F.Axundzadənin “Aldanmış kəvakib” povesti əsasında “Aldanmış ulduzlar” adlı satirik operasını yazır. Qeyd edək ki, əsər bu janrın yeganə nümunəsi hesab edilir.
Pedaqoji fəaliyyətlə də məşğul olan M.Quliyev uzun müddət A.Zeynallı adına Bakı Musiqi Kollecində gənc musiqiçilərin yetişməsinə töhfələr verib.
Musiqişünas Zümrüd Dadaşzadə görkəmli bəstəkarın şair Ələkbər Salahzadənin sözlərinə bəstələdiyi “Nizami” oratoriyasında yeni ifadə vasitələrinə müraciətini, vokal-səhnəciklərində ilk dəfə qroteskdən istifadə etdiyini qeyd edib. Bildirib ki, M.Quliyev həmişə mürəkkəb, ciddi vəzifələrin həlli üzərində çalışıb. Bu səbəbdən də musiqinin miqyaslı janrlarına üz tutaraq daim müvafiq ifadə vasitələri arayıb. Bəstəkarın ən böyük uğuru 1977-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulan “Aldanmış ulduzlar” operası olub.
Məmməd Quliyev 2 oktyabr 2001-ci ildə, 65 yaşında vəfat edib.
Savalan Fərəcov