Ənənəvi opera günləri İstanbulda möhtəşəm konsertlə yekunlaşıb

Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un bu il 19-cu dəfə keçirilən “Opera günləri” layihəsi Azərbaycanın dünya şöhrətli müğənnisi Rəşid Behbudovun və Şimali Kiprin opera sənətkarı Cemaliye Kıyıcının xatirəsinə həsr olunub. Türk dünyasının tanınmış opera sənətçilərini bir araya gətirən ənənəvi layihənin iki konserti oktyabrın 8-9-da Şimali Kiprdə gerçəkləşmişdi.
Oktyabrın 11-də XIX TÜRKSOY Opera günlərinin son konserti İstanbulda “Grand Pera” səhnəsində keçirilib. Konsert Rəşid Behbudovun ölməz sənət irsinə ithaf olunub.
İstanbul Dövlət Opera və Balet Teatrı orkestrinin müşayiəti ilə səhnəyə çıxan türk xalqlarının tanınmış vokalçıları izləyicilərə möhtəşəm musiqi axşamı bəxş ediblər.
Konsert proqramında Türkiyədən Hüseyn Likos, Şimali Kiprdən Emre Özarabacı, Azərbaycandan Xalq artisti Azər Zeynalov və Əməkdar artist Afaq Abbasova, Rusiya Federasiyasının Saxa Yakutiya Respublikasından Marqarita Martınova və Aleksandr Yemelyanov, Başqırdıstandan Elvira Fatihova, Qırğızıstandan Almazbek İstambayev və Ayzirek Momunova, Qazaxıstandan Ayzada Kaponova iştirak edib. Gecədə V.A.Motsart, C.Verdi, Ü.Hacıbəyli və başqa görkəmli bəstəkarların məşhur əsərləri səslənib.
Konsertdən sonra çıxış edən TÜRKSOY baş direktorunun müavini Fırat Purtaş artıq 19 ildir ki, düzənlənən opera günlərinin türk xalqları arasında mədəni əməkdaşlıqda, onların musiqi sənəti irsinin dünyaya tanıdılmasında əhəmiyyətini vurğulayıb.
Opera sənətçilərinin orkestr ilə cəmi bir dəfə məşq etmək imkanlarının olduğunu deyən F.Purtaş, elə bu səbəbdən klassik əsərlərdən ibarət bir repertuar hazırlandığını bildirib. O, eyni zamanda türk dünyasında milli operaların çox zəngin olduğunu da diqqətə çəkərək qeyd edib ki, TÜRKSOY bu tədbirləri keçirməklə sənətkarlar arasında təcrübə mübadiləsinə də zəmin yaratmağa çalışır.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar