Belə bir deyim var, bir millətin xarakterini bilmək istəyirsinizsə, onun musiqisini dinləyin. Azərbaycan musiqisi bitib-tükənməyən bir xəzinədir. Bu xəzinədən yararlanaraq onun xidmətində duran sənətkarlarımız dünən də var idi, bu gün də var və sabah da olacaq...
Musiqi alətini nə hazırlandığı material, nə də ona vurulan bər-bəzək uzun müddət yaşada bilər. Alətin ömrü, hörmət-izzəti yalnız onu dilləndirən ifaçının məharətində, ustalığındadır. Bu ustalıq da hər ifaçıya qismət olan xoşbəxtlik deyil.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Mirnazim Əsədullayev də uzun illərdir kamança ifaçılığı sənətimizə öz töhfələrini verən, həm ifaçı, həm də pedaqoq kimi musiqimizə yorulmadan xidmət edən sənətkarlardandır. Bu il 65 illik yubileyini qeyd edən musiqiçi ilə söhbətimizdə keçmişlə bu gün arasında körpü salmağa çalışdıq.
40 ilin sirdaşlığı
Mirnazim müəllim 40 ildən artıqdır könlünü kamança alətinə verib, sevincli-kədərli anlarını onunla bölüşüb. Müsahibələrində dəfələrlə qeyd edib ki, hələ də kamançanın borcunu qaytara bilməyib. Bəlkə də bu borcu qaytarmaq eşqidir ki, sənətkar ifaçılıqla yanaşı, həm də Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir, uzun illərdir sənətin sirlərini gənclərə öyrədir. Deyir ki, kamançanı qəmli alət hesab etsələr də, mən onu hər zaman optimist hislərlə səsləndirmişəm. O, atasının arzusu ilə sənətə gəlib, təəssüf ki, valideyni onun uğurlarını görə bilməyib. Bəlkə də kamançanı şövqlə dilləndirməyinin bir səbəbi də qəlbindəki “atamın ruhu görüb şad olsun” istəyidir.
Mirnazim Müştəba oğlu Əsədullayev 1951-ci ildə Bakıda anadan olub. 1969-1973-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda, 1976-1981-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Peşəkar ifaçı kimi 1969-cu ildən Azərbaycan Televiziya və Radiosunun Baba Salahov adına Xalq çalğı alətləri ansamblında, 1971-ci ildən isə teleradionun Xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib. Azərbaycanın görkəmli xanəndələri Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əbülfət Əliyev, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov və başqalarını dəfələrlə müşayiət edib. Konsert səhnələrində saysız-hesabsız çıxışları onun təkcə instrumental ifaçılıq bacarığını deyil, müşayiət məharətini də nümayiş etdirib.
“Tarla kamançanın həmahəngliyi üçün ifa bacarığı yetməz...”
Muğam üçlüyü tərkibində konsert və tədbirlərdə mütəmadi iştirak edən ifaçı qeyd edir ki, müşayiət zamanı tarla kamançanın həmahəngliyinə təkcə bacarıq yetməz, bu zaman gərək ürəklərin döyüntüsü də üst-üstə düşsün: “Musiqi, muğam olmasaydı, bugünkü uğurlarım da olmazdı. Məhz bu sənət sayəsində mən iki övladımı vətənə layiqli insan kimi yetişdirə bildim. Saysız tələbələrimin uğurlarına sevinirəm. Gələcək bu istedadlı kamança ifaçılarının əlindədir. Mən də gənc olmuşam və mənə də sənəti etibar edənlər olub”.
Sənətkarın yetişdirdiyi ən layiqli tələbələrindən biri isə bu gün atasının yolunu davam etdirərək dünyanın mötəbər səhnələrində Azərbaycan muğam sənətini təbliğ edən Toğruldur.
Mirnazim Əsədullayev 2000-ci ildə musiqi pedaqogikası sahəsindəki uğurlarına görə “İlin ən yaxşı pedaqoqu” fəxri fərmanı ilə təltif olunub, ifaçılıq fəaliyyətinə görə isə Azərbaycan Milli Mədəniyyətinin Təbliği Mərkəzinin “Uğur 2009” mükafatına layiq görülüb.
Sənətkar muğam üçlüyü ilə ABŞ, Kanada, Hindistan, Nepal, Türkiyə, Cənubi Koreya, Fransa, Almaniya, İspaniya, İsveçrə, İtaliya, Hollandiya, Belçika, Çexiya, Litva, Ukrayna və s. ölkələrdə konsertlər verərək Azərbaycan musiqi mədəniyyətini təbliğ edib.
“O, kamançanı deyil, mənim ürəyimi çalır”
İlk kamança müəllimlərini hörmətlə xatırlayan ifaçı bildirir ki, bu sənətin sirlərinə dərindən yiyələnməsində el şənliklərində iştirakı və tələbkar tamaşaçıların da rolu olub. Məhz bu ustalığın nəticəsi idi ki, vaxtilə mərhum Hacıbaba Hüseynov onun sənətini qiymətləndirərək demişdi: “O, kamançanı deyil, mənim ürəyimi çalır”...
Onun professional musiqiyə, Qərb, rus və Azərbaycan bəstəkarlıq məktəbinə bələdliyi, eyni zamanda muğam sənətini dərindən bilməsi, yazdığı metodiki vəsaitlər ixtisas və muğam fənlərinin tədrisində mühüm əhəmiyyət kəsb edir. Söhbət zamanı onu da öyrəndik ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə musiqi mədəniyyətimizə sədaqətlə xidmət edən sənətkarın həyat və yaradıcılığını əks etdirən kitab nəşrə hazırlanır.
Mahir ifaçılığı və usta pedaqoqluğu ilə sevilən sənətkarı 65 yaşı münasibətilə təbrik edir, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.
Lalə Azəri