Tanınmış muğam ifaçısı, Əməkdar artist, Qədim musiqi alətləri ansamblının solisti Teyyub Aslanovun yeni musiqi albomu muğamsevərlərin ixtiyarına verilib. “Aman təklik əlindən” adlı albomda eyniadlı xalq mahnısı, “Bayatı-kürd” muğamı, “Bayatı-Şiraz” təsnifi, “Mahur” kompozisiyası ilə yanaşı bəstəsi Polad Bülbüloğluna məxsus “Dilin can incidəndir” mahnısı da yer alıb. Xanəndəni əməkdar artistlər Əliağa Sədiyev (tar), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara) və Elnur Mikayılov (kamança) müşayiət edir.
Özünəməxsus ifa tərzi ilə dinləyicilərin qəlbinə yol tapan xanəndənin albomu muğam irsimizə töhfə ilə yanaşı, musiqisevərlərə də xoş anlar bəxş edəcək. Qeyd edək ki, yaxın aylarda Teyyub Aslanov pərəstişkarlarını solo konsertlə sevindirəcək.
Lalə