“Bu konsertlərdən zövq aldıqdan sonra biz, sözsüz ki, Azərbaycan musiqisi ilə daha yaxından tanış olmağa səy göstərəcəyik”
Xəbər verdiyimiz kimi, bu günlərdə ABŞ-ın bir neçə şəhərində böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yeni versiyada - konsert-tamaşa şəklində uğurla təqdim olunub. Konsertdə Xalq artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar artist Fərqanə Qasımova çıxış edib. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən gerçəkləşdirilib. Konsertlərdə məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.
Konsertlər ABŞ-ın Kaliforniya ştatındakı nüfuzlu Berkli Universitetinin, Sietl şəhərindəki Vaşinqton Universitetinin və Enn Arbor şəhərindəki Miçiqan Universitetinin geniş konsert zallarında keçirilib. Hər şəhərdə dörd tamaşa təqdim olunub və amerikalılar tərəfindən heyranlıqla qarşılanıb.
Layihənin ən önəmli simalarından biri, görkəmli muğam ustası Alim Qasımovdur. On il əvvəl o, “Leyli və Məcnun”un yeni versiyasının yaradılması barədə öz fikrini məşhur violonçel ifaçısı Yo-Yo Ma ilə bölüşüb, məhz o zamandan da Üzeyir bəyin ilk operası, Azərbaycan musiqisinin incisi olan “Leyli və Məcnun” ABŞ-ın ən nüfuzlu musiqiçilərinin diqqət mərkəzindədir. Alim Qasımovun bənzərsiz səsi və sənəti “Leyli və Məcnun” layihəsinin ərsəyə gəlməsini və onun uğurunu şərtləndirən ən başlıca amillərdəndir.
“Sietl Tayms” qəzetində dərc olunan məqalədə qeyd olunduğu kimi: “Azərbaycan musiqiçiləri Alim Qasımov və Fərqanə Qasımovanın “İpək Yolu” ansamblının müşayiətilə ifa etdikləri musiqi cazibədar və heyrətedicidir”.
Mark Morris müasir xoreoqrafiya dünyasında ən tanınmış sənətkarlardandır. “Nyu-York Tayms” qəzeti onu “hazırda fəaliyyət göstərən ən uğurlu və ən çox təsir göstərən xoreoqraf” adlandırıb. O, son 36 il ərzində 150-dən artıq layihə reallaşdırıb. M.Morrisin “Leyli və Məcnun” operasına marağı 2007-ci ilə təsadüf edir. O zaman Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı Alim və Fərqanə Qasımovlarla birgə ilk dəfə olaraq bu operanın yeni, yığcam versiyasını ABŞ-da, Kanadada, Avropanın və Asiyanın bir neçə ölkəsində ifa etmişdi. Morris o zamandan həmin ifaya rəqsin əlavə olunmasını düşünürmüş. Nəhayət, 2016-cı ildə həmin layihə gerçəkləşdi.
Bu ilin mart ayında Mark Morris Bakıya gəlib, Alim Qasımov və digər musiqiçilərlə görüşüb, Azərbaycan musiqisi və mədəniyyəti ilə tanış olub. Həmin səfərdən sonra “Leyli və Məcnun” layihəsi öz əsas, həlledici mərhələsinə qədəm qoyub. Konsertlərdən öncə Nyu-York şəhərində bir həftə ərzində məşqlər keçirilib, Alim Qasımovun və Mark Morrisin birgə səyləri sayəsində muğam ilə rəqsin mükəmməl vəhdəti əldə olunub. “Leyli və Məcnun”un tamaşalarından əvvəl Azərbaycan xalq musiqisinin səslənməsinə qərar verilib. Hər tamaşanın əvvəlində gənc muğam ifaçıları, muğam müsabiqəsinin laureatları Kamilə Nəbiyeva və Mirələm Mirələmov öz məharətli ifaları ilə tamaşaçıları sanki muğamın sirli-sehrli dünyasına dəvət ediblər. Alim Qasımovun ansamblının üzvləri - Əməkdar artist Rauf İslamov (kamança) və Zəki Vəliyevin (tar) məharətli və professional ifalarını da xüsusilə qeyd etmək lazımdır.
“Leyli və Məcnun” layihəsində Böyük Britaniyalı rəssam Hovard Hockin də iştirak edib. Hockin qədim Şərq miniatürlərinin dərin araşdırılması əsasında səhnənin tərtibatını, rəqqasların və musiqiçilərin geyiminin dizaynını hazırlayıb.
Layihədə, həmçinin tanınmış azərbaycanlı musiqişünas, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetində müəllim kimi fəaliyyət göstərən Aida Hüseynova iştirak edib. O, layihənin elmi məsləhətçisi kimi tamaşalardan əvvəl “Leyli və Məcnun” əsərinə həsr olunmuş simpoziumlarda məruzələrlə çıxış edib. Bütün şəhərlərdə tamaşaçılara təqdim olunan bukletlərdəki mətnin müəllifi də A.Hüseynovadır. Onun təşəbbüsü ilə bukletlərə tanınmış Azərbaycan rəssamı Sənan Səmədovun “Muğam triosu” rəsmi daxil edilib.
“Leyli və Məcnun” operasının Mark Morris tərəfindən hazırlanan yeni versiyası Azərbaycan musiqisi, mədəniyyəti üçün önəmli, tarixi bir hadisədir. Məhəmməd Füzulinin şeir dünyası, Üzeyir Hacıbəylinin musiqisi, Alim Qasımovun sənəti, ulu muğamımız - Azərbaycan mədəniyyətinin bütün bu inciləri ABŞ-ın ən nüfuzlu konsert salonlarında musiqisevərlərə çatdırıldı, ən mötəbər ictimai dairələrdə marağa və müzakirələrə səbəb oldu. İlk tamaşadan sonra “Nyu-York Tayms” qəzetində dərc olunan məqalə belə tamamlanır: “Konsertlərdən zövq aldıqdan sonra biz, sözsüz ki, Azərbaycan musiqisi ilə və Üzeyir Hacıbəylinin musiqisi ilə daha yaxından tanış olmağa səy göstərəcəyik”. Bu da yəqin ki, layihənin ən önəmli, ən vacib nəticəsidir.