62 ölkənin qatıldığı sərgidə Azərbaycan guşəsi xüsusi maraq doğurub

Mədəniyyət və Turizm Nazirliyi bir çox beynəlxalq mədəni tədbirlərin təşkilatçısı olmaqla bərabər, həm də müxtəlif ölkələrdə keçirilən sərgilərdə iştirak edir. Bu da sözsüz ki, Azərbaycan mədəniyyətinin, turizm imkanlarının beynəlxalq aləmdə təbliğinə töhfə verir.

Ölkəmizin iştirak etdiyi belə tədbirlərdən biri də “Womex” (World Music Expo) Dünya Musiqi Sərgisidir. 1994-cü ildə əsası qoyulan sərgi bu il oktyabrın 19-da İspaniyanın Santiaqo de Kompostela şəhərində keçirilib.
Məlumat üçün bildirək ki, “Womex” layihəsinin məqsədi müğənni, bəstəkar, prodüser və bu sahədə çalışan digər insanları, müxtəlif musiqi mədəniyyətlərini bir araya gətirməkdir. Sərgidə prodüser şirkətləri, prodakşn kompaniyaları və musiqiyə aidiyyəti olan digər qruplar öz stendlərini təqdim edir, təşkil olunan konsertlərdə musiqi mədəniyyətlərini nümayiş etdirirlər.
Builki tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun baş məsləhətçisi Nərgiz Abdullayeva və Türkiyənin “Vokaliz” Danışmanlıq Şirkətinin (şirkət Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə 2012-ci ildən əməkdaşlıq edir) direktoru İlkər Ersil təmsil edib.
Onlarla həmsöhbət olub, sərgi haqqında təəssüratlarını öyrəndik.
İlkər Ersil bildirdi ki, 22-ci dəfə keçirilən sərgiyə 62 ölkədən 280 guşədə 675 firma qatılmışdı. Sərgidə 56 konsert proqramı təqdim edildi. Hər il fərqli şəhərlərdə keçirilən tədbir həmin ərazinin turizm şəhəri kimi tanınmasına da kömək olur. Bu sərgi həm də mədəni mübadilə üçün imkanlar yaradır.
Tədbir çərçivəsində Azərbaycan musiqisinə və milli musiqi alətlərinə həsr olunmuş sərgi və ölkəmizin pavilyonu fərqli tərtibatı ilə tamaşaçıların böyük marağına səbəb olub. Ziyarətçilərə Azərbaycan milli musiqisinin təbliği məqsədilə kitablar, CD disklər paylanılıb, xüsusi hazırlanmış Azərbaycan loqosu ilə USB-lər və müxtəlif rəngli kəlağayılar hədiyyə olunub. Sərgi zamanı Azərbaycan pavilyonunda “Happy hour” (“Xoşbəxt saat”) adlı tədbir də keçirilib. Tədbir iştirakçılarına milli şirniyyatlarımız və şərablar təqdim edilib.
- Nərgiz xanım, Azərbaycan guşəsinə yaxınlaşan ziyarətçilər hansı məlumatları ala bilirdilər?
- Həmişəki kimi, ən böyük guşələrdən biri də Azərbaycana məxsus idi. Bizim stendi ziyarət edənlər həddən artıq çox idi və musiqi irsimizə böyük maraq göstərilirdi. Musiqi sənəti ilə maraqlanan mətbuat orqanlarından Azərbaycan musiqisi haqqında məqalələrin dərc edilməsi ilə bağlı təkliflər alırdıq. Muğam ifaçılığına həsr edilmiş guşədə jurnallar, məlumat kitabçaları qonaqlara paylanılırdı. Eyni zamanda 2017-ci ilin martında ölkəmizdə keçiriləcək növbəti beynəlxalq muğam festivalı haqqında da geniş məlumat verildi. Bundan əlavə, sərginin təşkilat komitəsi tərəfindən iştirakçılara paylanan xüsusi çantada bizim elanlarımız da yer almışdı. İspaniyada nəşr olunan “İnternational art menecer” jurnalında Azərbaycana dair bütöv bir səhifə ayrılmışdı.
- Azərbaycan guşəsi ötən illərdəkindən nə ilə fərqlənirdi?
- Bu il həm guşəmizin dizaynını, həm də ümumilikdə təqdimatı fərqli etmişdik. Hər il müxtəlif sahələri əhatə edirik. Qeyd etdiyim kimi bu il daha çox muğam sənətimizə yer ayırdıq. O səbəbdən də muğam ifaçılarımızın fotosərgisi və ifaları guşəmizdə yer almışdı. Böyük monitorda Azərbaycanda keçirilən musiqi tədbirləri, festivallar haqqında videoçarx nümayiş olunurdu. Ötən il “Natiq” ritm qrupu konsert proqramı ilə çıxış etmişdi. Bu il sərgi və Azərbaycan sənətçilərinin disk və albomlarını təqdim etdik.
- İlkər bəy, Azərbaycan stendinə ən çox hansı ölkələrdən ziyarətçi marağı vardı?
- Azərbaycan musiqisi, mədəniyyəti o qədər zəngindir və geniş təbliğ olunur ki, bundan əksər ölkələrin xəbəri var. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan musiqisinin dünyada təbliği üçün bir çox layihələr həyata keçirilir, musiqi albomları hazırlanaraq yayılır. Bununla belə, xarici ölkələrdə Azərbaycan musiqisini dinləmək, zövq almaq üçün istəyənlər çoxdur. Belə sərgilərdə də bizdən həmişə musiqi albomları istəyirlər. Biz bu il çox gözəl üçlü disk yaratdıq və onu payladıq. Onu da qeyd edək ki, ildən-ilə bu albomlar janra uyğun olaraq dəyişir. Məsələn, bir il caz, klassik musiqiyə aid nümunələr paylanırsa, növbəti dəfə daha da geniş janrları əhatə edirik. Həm də bu albomlar o qədər gözəl dizaynlı olur ki, hər il bizə bu məqsədlə müraciət edənlərin sayı çoxalır. Çalışırıq ki, təqdimatı gözəl edək və musiqimiz hər kəsin yaddaşında iz salsın. Çünki musiqinin keyfiyyəti önəmlidir.
- Deməli, “Womex” sərgisinə hər il yeni-yeni musiqi albomları aparırsınız...
- Bəli. Biz bir çox musiqi tədbirlərinin təşkilatçısıyıq. İnsanların tələbatını bilirik. Fərqli, ürəyəyatımlı musiqi olmasa, bizdən heç kim musiqi albomu istəməyəcək. Bu il xanəndə Teyyub Aslanovun yeni diskini də aparmışdıq və maraqla qarşılandı. Sərgi vasitəsilə Azərbaycan sənətçilərini tanıda bilirik. Məsələn, Alim Qasımovu dünyanın bir çox ölkələrində tanıyırlar. Mən Bakıda bir çox konsertlərdə olmuşam. Çoxlu istedadlı ifaçı var ki, həm onları, həm də bütövlükdə Azərbaycan musiqisini daha geniş tanıda bilərik. Növbəti sərgi gələn ilin oktyabrında Polşada keçiriləcək. Gənc ifaçılarla bağlı fərqli bir musiqi albomu hazırlamağı düşünürük.
- Bu fərqlilik nədən ibarət olacaq?
- Gələn il muğam ifaçılarının ayrı-ayrılıqda musiqi albomları, gənc muğam ifaçılarının təqdimatı, tərtibatın yenilənməsi və s. işləri nəzərdə tuturuq. Nəticənin yaxşı olacağına əminik. Növbəti il Bakı Musiqi Akademiyası, Milli Konservatoriya, Mədəniyyət və İncəsənət Universitetinin imkanlarını da təqdim etmək fikrindəyik. Bu təşəbbüs musiqi təhsili sahəsində mübadiləyə şərait yaradacaq. Gələn sərgidə muğam konsertinin reallaşmasını istəyirik. Builki sərgidə bu barədə qısa məlumat da vermişik.
- Sərgidə dünyanın musiqi mənzərəsi necə görünürdü?
- Afrika ritmləri ilə rok musiqisi, İsrail və muğam miks gecəsi maraqlı idi. Gecə saatlarında DJ-lər ölkələrin öz musiqilərindən ibarət konsertlər təşkil edirdilər. Çoxmədəniyyətli musiqilər daha maraqla qarşılanır. Konsert proqramlarında qruplar fransız-rus, Kolumbiya-ərəb musiqilərinin uğurlu sintezini təqdim edərək tamaşaçılara unudulmaz anlar yaşadırdılar. Hər kəs öz milli naxışını musiqidə birləşdirib qeyri-adi, insanların zövqünü oxşaya bilən bir əsər təqdim etməyə nail olur. Bizim guşəyə yaxınlaşan insanların əksəriyyəti Azərbaycanda konsert vermək, musiqimizlə tanış olmaq istəyirdi.

L.Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar