Mədəniyyət Nazirlərinin III İslam Konfransı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) təklif etdiyi “İslam mədəniyyətinin paytaxtları” ilkin proqramını təsdiqləyən qətnamə qəbulundan sonra ənənə halını alan layihəyə uyğun olaraq  hər il quruma üzv ölkənin bir şəhəri rəmzi olaraq İslam Mədəniyyətinin Paytaxtı elan olunur.

Proqrama əsasən, hər hansı bir şəhərin İslam Mədəniyyətinin Paytaxtı kimi qeyd edilməsi üçün həmin şəhər regional miqyasda mühüm tarixi keçmişi, İslami və bəşəri mədəniyyətə verdiyi elmi, incəsənəti, ədəbi töhfələrinə görə xüsusi yer tutmalı, hazırkı dövrdə isə elmi-tədqiqat mərkəzləri, əlyazma fondlarına, arxeoloji bazaya və möhtəşəm mədəni tədbirlər təşkil edə biləcək qurumlara malik olmalıdır.

Bu tələblərin əsas şərt olduğu layihə 15-17 dekabr 2004-cü ildə Əlcəzairdə keçirilmiş Mədəniyyət Nazirlərinin IV İslam Konfransının 2005-2014-cü illər üçün nəzərdə tutulmuş “İslam Mədəniyyətinin Paytaxtları” proqramını təsdiqlədi.
Bakının İslam mədəniyyətinin paytaxtı seçilməsi məsələsinə gəlincə isə, bu, Liviyanın Tripoli şəhərində keçirilən (2007-ci il 21-23 noyabr) Mədəniyyət Nazirlərinin V İslam Konfransında öz həllini tapdı. Belə ki, tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclas zamanı Bakı şəhərinin “İslam Mədəniyyətinin Paytaxtları” proqramında müəyyən edilən bütün meyarlara tamamilə uyğun gəldiyini təsdiqləyən geniş bir məruzə ilə çıxış edərək 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı kimi qeyd olunması təklifini irəli sürür.

Nazirin təklifi  iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul edilir  və Mədəniyyət Nazirlərinin VI Konfransının Bakıda keçirilməsi qərara alınır.
Mədəniyyətimizin İslam aləmində daha geniş və əhatəli tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edən böyük tədbirlə bağlı aparılan geniş iş nəticəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən geniş tədbirlər planı hazırlanıb .
Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədovdan aldığımız məlumata görə,  Azərbaycan mədəniyyətinin ən müxtəlif sahələrinin təmsil olunacağı “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” tədbirlərinin təntənəli açılış mərasimi fevral ayının 18-nə təsadüf edəcək.

İslam dünyasının ən böyük üç təşkilatının - İKT, İSESKO və İRSİKA-nın rəhbərlərinin adının qeyd olunduğu rəsmi nümayəndə heyətində Türkiyənin mədəniyyət və turizm nazirinin, eləcə də Samara vilayətinin, Türkmənistanın, İran və Gürcüstanın mədəniyyət nazirləri də təmsil olunacaq. 
Paytaxtımızı ziyarət edəcək dəvətlilər sırasında İzmir, Dakar, Neapol, Hyuston, Sarayevo, Varşava və Kuala-Lumpur şəhərlərinin merləri də var.
Şöbə müdiri açılış mərasiminə qatılacaq rəsmi nümayəndə heyətinin ilk olaraq (18 fevral, saat 10.00) Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcəklərini dedi: “Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüş və mətbuat konfransının ardınca qonaqların Bakı şəhərinə gəzintisi təşkil olunacaq.

Proqrama daxil olan  tədbirlərindən biri də (saat 15.00)  Muzey Mərkəzində gerçəkləşəcək. Burada Bakı şəhəri haqqında foto və rəsm sərgisinin açılışı, eləcə də “Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” İnternet saytının və Azərbaycana həsr olunmuş sənədli filmlərin təqdimatı keçiriləcək.
Proqram çərçivəsində Azərbaycan Xalçası və Xalq Tətbiqi sənəti Dövlət Muzeyinə ekskursiya da təşkil olunacaq”.

Təntənəli açılış mərasiminin axşam saatlarında (19.00) Heydər Əliyev Sarayında olacağını vurğulayan nazirlik rəsmisi tamaşaçılar üçün geniş və maraqlı konsert proqramının hazırlandığını da bildirdi.
Açılış tədbirlərinin davamı olaraq fevralın 19-na da maraqlı proqram hazırlanıb. Həmin gün qonaqların Şirvanşahlar Sarayı, Qız qalası və Azərbaycan Tarixi Muzeyinə ekskursiyaları təşkil olunacaq. 
M.F.Axundov adına Milli Kitabxanada baş tutacaq “Qədim Bakı” kitabının təqdimatının ardınca qonaqlar Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Mir bir gecə” baletinə tamaşa edəcəklər.

Həmidə