Bir qrup jurnalist və millət vəkili əsgərlərlə görüşmək üçün cəbhə bölgəsinə səfər ediblər.
   Bununla bağlı mətbuat konfransı keçirən iştirakçılar cəbhə bölgəsindəki əsgərlərin vəziyyətinin yaxşı olduğunu, onların keyfiyyətli yemək və təmiz paltarla təmin olunduqlarını dedilər.
    Millət vəkili Aydın Həsənov da əsgərlərin problemlərinin olmadığını və onlarda döyüş əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd etdi: “12 jurnalistlə birgə əsgərlərin yaşadıqları yerdə olduq. Onlarla yemək yedik. Keyfiyyətli yeməkləri, gözəl qış paltarlarının olması bizi sevindirdi. Komandirlərlə əsgərlər arasında gözəl münasibətlər var. Onlar əsgərlərə ata qayğısı ilə yanaşırlar... Mən hərbi təhsil alan tələbələrlə də görüşdüm. Gözəl şəraitdə təhsil alırdılar. Bir sözlə, şəraitləri gözəl idi. Demək istəyirəm ki, hərbi sahəyə hərtərəfli yardım göstərilir, ordumuzda nizam-intizam güclüdür. Biz əminik ki, ordumuz hər zaman döyüşə hazırdı”.
    Millət vəkili Baba Tağıyev də əsgərlərin hərtərəfli təmin olunduğunu qeyd etdi: “N saylı hərbi hissədə görüşlər keçirdib əsgərlərimizlə söhbət apardıq. Görüşlərin məqsədi gördüklərimizi ictimaiyyətə çatdırmaqdır. Azərbaycan əsgərinin döyüşə hazırlığı mükəmməldir. Yaşam şəraitli, yeməyi, geyimi tələb olunan səviyyədə təmin olunub. Ərzaqları isə çox keyfiyyətli idi. Azərbaycan ordusu sürətlə inkişaf edir. Zabitlərlə də əsgərlərin münasibətləri çox gözəldir”.
    Onu da nəzərinizə çatdıraq ki, konfrans iştirakçıları mütəmadi olaraq əsgərlərlə görüşlərin davam edəcəyini və cəbhə bölgəsindəki vəziyyətlə ictimaiyyəti məlumatlandıracaqlarını qeyd etdilər.
  
   ELMİN