Onların ailəsinin həyat yolu XX əsrin taleyi kimi mürəkkəb və ziddiyyətli olub. Sonralar o, dünyanın müxtəlif tribunalarından insanlıq və əmin-amanlıq haqqında danışanda adamlar onun dediklərinə diqqət kəsilirdilər. Çünki təlatümlü zamanın bütün sınaqları bu ziyalı ailənin taleyində dərin izlər qoymuşdu. Babası Mir Cəlal Paşayev Təbriz yaxınlığındakı doğma kəndlərindən Gəncəyə gələndə böyük Azərbaycan faciəsinin bir parçasını da ürəyində gətirmişdi. Bu ağrıda işıqlı bir ümid də var idi. O, bu ümidi övladlarına, qələm dostlarına, tələbələrinə yeganə sığınacaq yeri kimi gətirmişdi. Hətta şöhrətin zirvəsində olanda da bu bir azca işıq onun dünyagörüşünün üzərindən çəkirmirdi.
   
   «İnsanı sevmək və qorumaq lazımdır». Hamının çığır-bağırla dediyi bu sözü o, həmişə pıçıltı ilə dilə gətirərdi, heç vaxt şüara çevirməzdi. Sonralar onun övladları bu işığı və təmkini ali insan dəyəri olduğunu həyatda, elmdə, mədəniyyətdə həmişə təsdiq etməyə çalışdılar. Qəribədir, Mir Cəlal Paşayevin tələbələrində də bu istək və iradə var idi. Bəlkə də heç vaxt ağlına gəlməzdi ki, onun Azərbaycan ideyası, ziyalı dostları ilə bütün-tükənməyən mübahisələri, düşüncələri nə vaxtsa nəvəsi Mehriban xanım Əliyevanın dili ilə dünyanın böyük tribunalarından səslənəcək. Tariximizin çətin məqamlarında bu qətiyyətli qadın vətənin taleyi, həqiqətin sarsılmazlığı, mədəniyyətin silahdan qüdrətli olduğu haqda danışanda auditoriya onu alqışlarla qarşılayırdı. Çünki o, öz çıxışları ilə azadlıq, bərabərlik, sülh və ədalətin böyük mədəniyyətin gücü ilə bərqərar olacağına inam yaradır.
   Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakıda ziyalı ailəsində dünyaya göz açıb. O zamanın Bakısını bir anlığa göz qabağına gətirsək, əlvan bir palitradakı rənglərin harmoniyasını görərik. Sonra isə soyuq xəzrisi, ilıq gilavarı ilə nəfəs alan bir Bakı tablosu gələcək gözümüzün qabağına. Burada - Şərqlə Qərbin qovuşduğu torpaqda həyat eşqi ilə dolu bir ovqat var idi. Ziyalı ailələrində intellektual söhbətlərlə yanaşı, elm adamlarına xas olan lirik bir ab-hava da hökm sürürdü. Anası Aida xanım şərqşünas- alim kimi nəhəng mədəni irsin incəlikləri haqqında söhbət salanda, ailədə hamı ona diqqət kəsilərdi. Bu, sirli-sehrli Şərq, onun simvolları, hikmətləri ailə üzvlərini elə bil ovsunlayırdı. Həyatda isə XX əsrin uğultusu nikbinlik, xoş gələcək vəd edirdi.
   Hətta Tibb Universitetində də bu istedadlı və qətiyyətli tələbə qızı Şərq və Qərb mədəniyyətinin gözəl bilicisi kimi tanıyırdılar. Sonra o, elmin dərinliklərinə yiyələnmək üçün Moskvaya yollanır. Seçenov adına Moskva Tibb Akademiyasında təhsilini davam etdirir. Nəhəng bir dövlətin paytaxtı öz tarixi, Şərqə və Qərbə açılmış qapıları, keçmiş və gələcək haqqındakı mülahizələri ilə gənc tələbə qızın həyatında həlledici bir məqama çevrilir. O, Şimaldan boylanır Azərbaycana. Tez-tez babası Mir Cəlal Paşayevin keçdiyi ömür yolu haqqında düşünür. Kitabxanaların və muzeylərin qoruduğu tarixin məqsədi və mənası ilə bağlı özünə suallar verir. Bu sualların cavabları isə azad və firavan görmək istədiyi Azərbaycanın qisməti ilə bağlı idi.
   Zaman isə haqqın xeyrinə işləyirdi. Çünki zamanın mahiyyəti budur. XX əsrin sonunda dünyanı ideologiyalara təriqətlərə, irqlərə bölən divarlar uçuldu. Azərbaycan öz azadlığını qanlı köynəyi və iradəsi ilə əldə etdi. Artıq xalqımızın tarixində yeni bir zaman başlayırdı. O, bu zamanın mahiyyəti, dəyərləri haqqındakı düşüncələrini öz işi ilə gerçəkləşdirmək istəyirdi.
   1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunur. 1996-cı ildə Mehriban xanım Azərbaycan mədəniyyətinin geniş təbliğ edilməsi məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan «Azərbaycan - İrs» jurnalını təsis edir. Bu, dənizin və dağların əhatəsində yaşayan nəhəng küləklərlə üzbəüz qalan bu xalqın yaratdığı mədəni kodların, işarələrin dünyaya açılması üçün bir addım idi. Dəniz, dağ, külək, ilmə, misra, insan müəyyən mənada həm doğma, həm də fərqli obrazlardı. Onlarda mədəniyyətin dramatik uçuşu ilə yanaşı, həm də praqmatik bir sakitlik var. Əkilən torpaqlarımızda, süfrəyə gələn ruzumuzda, bir neçə nəslin simasını cəmləyən kitablarda, hərb ilə sülhün arasında yanmayan səhifələrdə həyat dərsi almış xalqın taleyi var. Yəqin Azərbaycan ideyası da elə bu qüvvənin təsiri ilə yaşayır. Və bəlkə də «Azərbaycan - İrs» jurnalı bu həqiqətin ilk müjdəçisi idi.
   2004-cü ildə ulu öndərimizin irsini tədqiq edən Heydər Əliyev Fondu yaradıldı. Bu, xalqımızın gələcəyinə, mənəvi sərvətlərimizin qorunmasına, folklor və musiqi ənənələrin təbliğinə hesablanmış bir addım idi. 2008-ci ilin dekabrında Bakıda Şərqdə ilk dəfə olaraq açılan Muğam Mərkəzi H.Əliyev Fondunun reallaşdırdığı ən möhtəşəm layihələrdən biri oldu.
   İnsan özünü xeyirxah işi ilə təsdiq edir. Bu özünütəsdiqdə xalqın keçdiyi mənəvi yolun işığı var. Alimlər, siyasətçilər, yazıçılar bu yolun yüksəlişi ilə yanaşı, sakit bir axarda inkişaf imkanlarına müxtəlif yozumlar veriblər - onların hər birində Azərbaycanın bir parça həqiqəti var. Bu həqiqət bizimlə birgə böyüyür, ruhi, mənəvi ölçülərdən keçib, inqilablar, mübarizələr, mühacirətlər görüb. Əlyazmalarımızın, muğamlarımızın qorunması, mədəniyyətimizin dünyada təbliği, əslində tarix qarşısında verilən böyük bir hesabatdır.
   2005-ci ilin parlament seçkilərində M.Əliyeva Milli Məclisin deputatı seçilir.
   Mehriban xanım Əliyeva «Yüzilliyin mesenatları» Beynəlxalq Xeyriyyə Fondunun «Yaqut Xaç» ordeninə layiq görüləndə bir vaxtlar Moskvada oxuduğu illərdə onu dərindən düşündürən insan və cəmiyyət haqqındakı mülahizələrini və arzularını dilə gətirdi.
   «İnsanı sevmək və qorumaq lazımdır». Bu, onun babası Mir Cəlal Paşayevin yadigar qoyduğu dəyər idi. Elə bu dəyərlə bağlı fəlsəfi düşüncələri, elmi araşdırmaları 2005-ci ildə onu fəlsəfə elmləri namizədi, alimlik dərəcəsinə yüksəldir.
   2004-cü ildə Mehriban xanım Əliyeva YUNESKO-nun, 2006-cı ildə isə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb.
   Dünya miqyasında tanınan və dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən mükafatlandırılan Mehriban xanım Əliyevanın həyatda ən böyük mükafatı ali ideallara ləyaqətlə xidmətidir.    

Qorxmaz Şıxalıoğlu