Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Bakı-İslam Mədəniyyətinin Paytaxtı -2009” mədəniyyət ilinin açılışı münasibətilə ölkəmizdə səfərdə olan İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşdü. Təşkilatla Azərbaycan arasındakı əlaqələrin müzakirə olunduğu görüşdə Bakıda İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı ilə bağlı məsələlər də müzakirə olundu.
Əbülfəs Qarayev qonağa “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində keçiriləcək çoxsaylı tədbirlər barədə ətraflı məlumat verərək, bu işlərin il ərzində davam etdiriləcəyini dedi. Nazir həmçinin İKT-yə üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının gündəliyinin artıq hazır olduğunu və bu istiqamətdə ciddi işlər görüldüyünü də diqqətə çatdırdı. «Növbəti iki il müddətində Azərbaycan bu konfransa sədrlik edəcək və bununla bağlı xüsusi plan hazırlanacaq. Biz Azərbaycanla İSESKO arasındakı əlaqələrə də xüsusi önəm veririk. “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində reallaşacaq tədbirlər bu əlaqələrin daha da genişlənməsinə xidmət edəcək».
İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri də öz növbəsində Azərbaycanın bu tədbirə yüksək səviyyədə hazırlaşdığını, Bakının İslam mədəniyyəti, İslam sivilizasiyası üçün mühüm məkan olduğunu bildirdi. Təşkilat rəhbəri həmçinin Azərbaycan ərazisinin müəyyən hissəsinin erməni işğalı altında olduğunu və İSESKO-nun bu vandalizm aktını pislədiyini dedi: «Bir çox tarixi abidələr, dini məbədlər, muzeylər, mədəniyyət və sivilizasiya məkanları dağıdılmışdır. Bu, yolverilməz addımdır. Çünki hər bir maddi-mədəniyyət nümunəsi onu yaradan xalqla yanaşı, bəşəriyyətin məhsuludur. İnanırıq ki, yaxın vaxtlarda işğal olunmuş Azərbaycan torpaqları azad ediləcək».