Sirr deyil ki, bu gün bəşəriyyət mədəniyyətlərarası dialoq sığalı ilə sivilizasiyaların toqquşması xofundan yaxa qurtarmağa çalışır. Deməli, biz Azərbaycan mədəniyyətinin varlıq faktını, özünü isbat dairəsini daha da genişləndirməli, qloballaşdırıb, dərinləşdirməliyik.
Bəlkə də elə bu səbəbdəndir ki, bu gün mədəniyyət mətbuatın, ümumilikdə KİV-in ən çox müraciət etdiyi mövzulardandır. Amma burada kəmiyyətlə yanaşı, keyfiyyət faktı da üzə çıxır. Yəni, mövzu mədəniyyətdən gedirsə, onu təbliğ edənin - əlinə qələm alıb söz deyən şəxsin də ideya, fikir, mənəviyyat çəkisi önəm daşıyır. Elə «Mədəniyyət» qəzeti olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirdiyimiz məlum müsabiqəmiz də bu önəm və ehtiyacdan yarandı. Artıq ikinci dəfə baş tutan və hər dəfə ətrafına ölkənin ən nüfuzlu, zəhmətkeş qələm sahiblərini, mədəniyyət yazarlarını toplayan yarışma bu missiyanın öhdəsindən gələ bildi.
Bu fakt aprelin 15-də M.F.Axundov adına Milli Kitabxanada düzənlənən mərasimdə gerçəkləşdi. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” qəzeti redaksiyası tərəfindən keçirilmiş “Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi reallaşdı.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başda olmaqla, nazirlik aparatı, tanınmış ziyalılar, mədəniyyət və ədəbiyyat sahəsinin nümayəndələri, ölkənin aparıcı mətbu orqanlarının baş redaktorları və mədəniyyətimizi mövzu edən səbəbkarlar - yəni həmkarlarımız iştirak edirdi.
Mərasimi giriş sözü ilə açan qəzetin baş redaktoru Nigar Mənsimli bu gün Azərbaycan mədəniyyətinin hər kəsin gözləri qarşısında inkişaf etməkdə, zənginləşməkdə, şöhrət sədalarının respublikamızın sərhədlərini aşmaqda olduğu faktlarını xatırlatdı. «Təbii ki, mədəni həyatımızda baş verən bütün uğurlu işlərin arxasında dövlətimizin başçısı cənab İlham Əliyevin diqqəti, biri-birindən maraqlı təşəbbüsləri durur. Bu gün Azərbaycan Qərb və Şərq mədəniyyətlərinin mərkəzinə çevrilməkdədir. Beynəlxalq miqyaslı, böyük əhəmiyyətli mədəniyyət layihələrinin respublikamızda keçirilməsi bunun bariz nümunələrindəndir. Belə mötəbər tədbirlərə ünvan ola bilmək üçün neçə illərdir ki, dövlətimiz mədəniyyətimizə sərmayə qoymaqdadır. Biri-birinin ardınca mədəniyyət obyektləri təmir edilir, yenidən qurulur, yeniləri tikilir və müasir standartlara uyğun avadanlıqla təchiz olunur. Düşünürəm ki, onların adını sadalamağa ehtiyac yoxdur. Mədəniyyət mövzusunda yazan sizlər - yəni həmkarlarımız - yəqin ki, möhtəşəm Heydər Əliyev Sarayının, Muğam Mərkəzinin, Rus Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, təmirdən yenicə çıxmış və yeni tikilmiş digər mədəniyyət ocaqlarımızın açılış mərasimlərində iştirak etmiş, canlı şahidlər olmusunuz.
Sözsüz ki, mədəni həyatımızda quruculuq işləri hələ davam etdirilir və qarşıda bizləri çox sürprizlər gözləyir. Hələ biz çox fundamental işlərin, layihələrin, mötəbər açılışların iştirakçıları olacağıq».
Belə bir müsabiqənin təşkilinin Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan mədəniyyətində baş verən prosesləri izləyən və onu geniş ictimaiyyətə çatdıran kütləvi informasiya vasitələrinin fəaliyyətinə verdiyi önəmin təzahürü olduğunu diqqətə çatdıran nazir Əbülfəs Qarayev müsabiqəyə marağın artmasından məmnunluq ifadə etdi.
Rəhbərlik etdiyi nazirliyin fəaliyyətinin mətbuat üçün açıq olduğundan, mətbuatla əməkdaşlıq kursunun vacibliyindən söz açan natiq cəmiyyətin informasiya ilə təminatında KİV-in müstəsna rolunu qeyd etdi: «Bu gün mədəni həyatımızda baş verənlərin cəmiyyət tərəfindən maraqla qarşılandığı, xalqımızın hər şeydən məlumatlı olduğu sevindirici haldır. Cəmiyyətin məlumatlandırılması işində mətbuat, jurnalistlər əvəzsiz rol oynayır. Tərəddüdsüz deyə bilərəm ki, mədəniyyət mövzusu daha maraqla qarşılanan, daha dərindən araşdırılan bir sahədir. Bu, çox təbiidir. Çünki cəmiyyət inkişaf edir və bu fondda hamı mədəni siyasət prosesini izləyir. Bu gün hörmətli prezidentimiz İlham Əliyev Azərbaycan mədəniyyətinin daha dinamik inkişafı və dünya arenasında təbliği işinə çox böyük diqqət göstərir. Ölkənin mədəniyyət ocaqları təmir edilir, mədəniyyət və incəsənət xadimləri dövlət rəhbərinin xüsusi qayğısı ilə əhatə olunur. Milli musiqinin, teatrın, kinonun, rəssamlığın və mədəniyyətimizin ayrılmaz hissəsi olan digər sahələrin inkişafına yönəlik addımlar atılır. Təbii ki, bütün bu işlərin qavranılması və təbliğində mətbuatın öz rolu var. Mən buna sevinirəm və bu müsabiqədə qalib adını qazanan dəyərli, istedadlı yazarları təbrik edirəm. Çox şadam ki, bu müsabiqə növbəti dəfə Mətbuat Şurası ilə birgə keçiriləcək və daha çox jurnalist dostlarımızı əhatə edəcək».
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov müxtəlif sahələrdə belə musabiqələrin keçirilməsinin əhəmiyyətindən söz açdı: ”Azərbaycan bu gün inkişaf edir. İnsanlar cəmiyyətdə cərəyan edən prosesləri maraqla izləyir. Cəmiyyətdə məlumatlanma ehtiyacı yaranıb. Bu məsuliyyətli işi - cəmiyyətin məlumatlandırılmasını - Azərbaycan jurnalistikası həyata keçirir. Mən istərdim ki, başqa nazirliklər də Mədəniyyət və Turizm Nazirliyi kimi, jurnalistlər arasında belə musabiqələr keçirsin”. Ənənə halını almış bu müsabiqənin məqsədi respublikanın kütləvi informasiya vasitələrində mədəniyyət mövzusunun geniş və yüksək peşəkarlıqla işıqlandırılmasına, mədəni sərvətlərin yeni forma və üslublarla əks etdirilməsinə nail olmaq üçün ölkə jurnalistlərini bu işə daha məqsədyönlü cəlb etməkdən ibarətdir.
Ötən ilin ikinci yarısından start verilmiş müsabiqəyə respublikanın müxtəlif televiziya, radio, qəzet və jurnallarından 170-ə yaxın iş təqdim olunmuşdur. Tanınmış yazıçı və jurnalistlərdən ibarət münsiflər heyəti - Vaqif Bəhmənli, Rəşad Məcid, Ümid Rəhimoğlu, Maarif Soltan, Nigar Mənsimlinin yekdil rəyi ilə isdedadlı qələm ustaları aşağıdakı nominasiyalar üzrə qalib adını qazandılar. Qəzet və jurnallar üzrə R. Hüseynzadə (“Qafqaz plyus” jurnalı) və S. Mürvətqızı (“525-ci qəzet”) I yerə , H. Nizamiqızı («Mədəniyyət» qəzeti”) və E. Qasımova («Füyuzat» jurnalı) II yerə, C. Səlimqızı (“Mərkəz” qəzeti) və T.Məhərrəmova («Kaspi» qəzeti) III yerə layiq görüldülər.
Televiziya və radiolar üzrə I yeri D. Hacıyeva («Almanax» verilişi - İctimai Televiziya), II yeri R. Ələkbərov («Kinozal» proqramı - Xəzər TV) və V. Məmmədov («Mən aktyor olmaq üçün doğulmuşam» sənədli film - «Kəpəz» televiziyası), III yeri Əli Əlioğlu («Sözdən səsə» verilişi - Azərbaycan Radiosu) qazandılar.
Qaliblərə diplom və pul mükafatları təqdim olundu.
Beləcə, ikinci dəfə baş tutan yazar yarışması Azərbaycan mədəniyyətinin təəssübünü çəkən və bunu mövzu edən bir qrup jurnalisti fərqləndirdi.
“Mədəniyyət”