Lənkəranda keçirilən kollegiya iclasında bölgədəki mədəniyyət müəssisələrinin işi müzakirə olundu
Mədəniyyət və Turizm Nazirliyinin rayonlarda regional kollegiya iclaslarının keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib. Bu iclasların bölgələrdə təşkil edilməsi yerli mədəni həyatın inkişafına müsbət təsir etməklə, fikir mübadiləsi və mədəniyyət müəssisələrinin fəaliyyətinə nəzər salmaq etibarı ilə səmərəli nəticələrə səbəb olur. Növbəti kollegiya iclası isə bu dəfə Lənkəran şəhərində buş tutdu. İclasda cənub bölgəsinə daxil olan Lənkəran şəhər, Cəlilabad, Lerik, Yardımlı, Astara, Masallı rayon Mədəniyyət və Turizm şöbələrinin fəaliyyəti hərtərəfli müzakirə olundu. Kollegiyada həmçinin mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, avadanlıqların müasirləşdirilməsi, bölgə turizminin hazırkı vəziyyəti və perspektivləri, kadr potensialının gücləndirilməsi, mədəni sərvətlərin mühafizəsi kimi günün vacib məsələləri barədə ətraflı söz açıldı. Lənkəran Şəhər İcra Hakimiyyətinn akt zalında keçirilən kollegiya iclası bölgədə mədəniyyətin inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından işgüzar səviyyədə keçdi.
Əbülfəs Qarayev: “Mədəni xidmət müasir insanın maraqlarına, tələblərinə cavab verməlidir»
Əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iclas iştirakçılarını salamlayaraq, son illərdə dövlət səviyyəsində mədəni inkişafa göstərilən böyük dəstəkdən söz açdı.
Kollegiyanın Lənkəranda keçirilməsini bölgənin mədəni həyatına diqqət kimi qiymətləndirən S.Mikayılov bu faktın ümumi mədəni inkişafa müsbət təsir etdiyini bildirdi.
İclasda adıçəkilən rayonların icra başçıları da iştirak edirdi.
Mədəniyyət və turizm naziri Ə.Qarayev kollegiya iştirakçılarını salamladıqdan sonra regionlarda belə iclasların keçirilməsinin ənənəyə çevrildiyini vurğuladı.
“Hesab edirəm ki, aparılacaq müzakirələr mədəniyyət müəssisələrinin fəaliyyətinə geniş nəzər salmaqla bərabər, onların öz işlərinə daha səmərəli yanaşması baxımından əhəmiyyətli olacaqdır». Ə.Qarayev bütün bunların günün və eyni zamanda bütün sahələr üzrə uğurlu islahatlar, yenidənqurma siyasəti aparan dövlətimizin tələbi olduğunu önə çəkdi.
«Bu gün hər bir sahə üzrə böyük proqramlar, layihələr həyata keçirilir. Bu da təbiidir. Cənab prezident İlham Əliyev ulu öndər H.Əliyevin «böyük azərbaycançılıq» siyasətini uğurla davam etdirir və bu siyasət müstəqil ölkəmizin əsas prioritetidir. Cənab prezidentin apardığı siyasət ona xidmət edir ki, bü gün hər bir kəs yeniləşməni, rifahı həm özündə, həm də ümumilikdə ətrafında hiss etsin. Və bu siyasətin əsasları «Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində uğurla həyata keçirilir. Bu gün regionlarda aparılan abadlıq işləri, infrastrukturun yenilənməsi prosesi sürətlə həyata keçirilir. Bunlar onu göstərir ki, cənab prezident İ.Əliyev istər mənəvi, istər sosial inkişafa nə qədər həssaslıqla yanaşır. Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin son iclası Azərbaycanda həyata keçirilən sosial islahatlara həsr olunmuşdu. Burda bir daha bəyan edildi ki, bu islahatlar, sosial sahə, regionların hərtərəfli inkişafı daim diqqət mərkəzində olacaq. Bu diqqət xalqın mədəni, təhsil, səhiyyə kimi sosial inkişafını təmin etmək məqsədi daşıyır. Cənab prezidentin 2003-cü il prezident seçkilərində irəli sürdüyü və platformasının əsasını təşkil edən «mən hər bir azərbaycanlının prezidenti olacağam» fikri artıq günümüzün reallığına çevrilib. Cənab prezident ən ucqar bölgələrdə olur, infrastrukturun inkişafına diqqət ayırır və bizdən də yerlərdə mədəni və digər sosial sahələrin inkişafını tələb edir.
Biz işimizi tədbirdən-tədbirə qurmamalıyıq. Çalışmalıyıq ki, mədəni proses hər gün, daima, bütün vətəndaşlarımızın həyatını əhatə edərək davam etsin. Mədəni xidmət müasir insanın maraqlarına, tələblərinə cavab verməlidir».
Üç il əvəl Mədəniyyət və Turizm Nazirliyi yaradılarkən dövlət başçısı İlham Əliyevin irəli sürdüyü konsepsiyanı bir daha xatırladan Ə.Qarayev bildirdi ki, burada həm mədəniyyətin, həm turizmin qarşılıqlı inkişafı nəzərdə tutulurdu. Mədəni potensialı turizm imkanları ilə dünya üzrə tətbiq etmək və əksinə, turizm potensialını mədəni zənginliyimiz hesabına genişləndirmək yolunda böyük işlərin görüldüyünü söyləyən nazir, artıq turizmin sosial deyil, bir sənaye forması olduğunu bildirdi.
«Cənub bölgəsində mövcud turizm potensialı ölkənin digər bölgələrinin imkanlarından heç də geri qalmır. Bölgənin turizm imkanlarından nə qədər istifadə edilir, infrastruktur yetərincə qurulubmu, bu infrastruktur insanların gündəlik həyatına daxil olubmu - bütün bunlar hamımızı düşündürən məsələlərdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Lənkəran şəhər, Cəlilabad, Lerik, Astara, Yardımlı, Masallı rayonları Mədəniyyət və Turizm şöbələri tərəfindən mədəniyyət müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların fəaliyyətinin canlandırılması, mədəni sərvətlərin qorunması yönündə müəyyən işlər görülüb. Xidmət səviyyəsi, mədəniyyət ocaqları ilə turist obyektlərinin qarşılıqlı münasibətləri bugünkü kollegiyamızın mövzusuna çevriləcək. Burada səslənəcək fikirlər, mülahizələr, sadalanacaq nöqsanlar, hesab edirəm ki, məhz işimizin düzgün qurulması yönündə səmərəli olacaqdır. Konkret olaraq fəaliyyətimizin gücləndirilməsi istiqamətlərini müəyyənləşdirmək baxımından bu iclasın xüsusi əhəmiyyəti olmalıdır».
Sonra söz Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Azər Əhmədzadəyə verildi. O, kollegiyanın müzakirə mövzusu olan Lənkaran şəhər, Yardımlı, Cəlilabad, Lerik, Astara, Masallı rayonlarının mədəniyyət və turizm şöbələrinin fəaliyyəti ilə bağlı geniş təhlili məruzə ilə çıxış etdi. Məruzədə mədəniyyət müəssisələrində mövcud nöqsanlar konkret faktlarla sadalandı. Hər bir rayon Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətinə ayrıca toxunulan məruzədə regionun ümumi problemlərindən doğan nöqsanlarla yanaşı, spesifik və subyektiv fəaliyyətdən doğan çatışmazlıqlar da qeyd olundu. Məruzəçi qeyd etdi ki, Lənkəran Dövlət Dram Teatrı, Astara və Lerik Rayon Mədəniyyət evləri əsaslı təmir edilərək, müasir texnika ilə təchiz edilib. Lerik Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib. Cəlilabad Mədəniyyət Evinin tamaşa zalı əsaslı təmir edilməklə, yeni inventarla təchiz edilib. Yardımlı rayonunda Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni bina tikilib, «Nizami» adına kinoteatr əsaslı təmir edilib. Masallı rayonunda 12 yeni katabxana binası inşa edilmişdir. Lənkəranda «Qafqaz» istirahət mərkəzi istifadəyə verilib. Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Masallı rayonlarında Heydər Əliyev muzeyləri tikilir.
Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihələrdə bölgədəki mədəniyyət müəssisələrinin fəal iştirak etdiyini vurğulayan məruzəçi, mədəniyyət və turizm şöbələrinin ümumi nöqsan və həll edilməmiş problemlərinin olduğunu hər rayon üzrə ayrıca və konkret faktlarla diqqətə çatdırdı.
Problemlərin yerindəcə həlli
Regionlarla iş sektorunun müdiri Azər Əhmədzadənin məruzəsindən sonra nazir Ə.Qarayev məruzədə tam əksini tapmamış bir neçə məsələnin geniş müzakirə predmeti olduğunu söylədi. O, bildirdi ki, arxeoloji abidələrin qorunması istiqamətində daha geniş işlər görülməlidir.
Məlum oldu ki, bu abidələrin qorunması üçün ayrılan mühafizəçilərin sayı kifayətedici deyil. 1968-ci ildə arxeoloji abidələrin son siyahıya alınmasından sonra üzə çıxarılan abidələr 10 dəfə çox olduğundan indiki nisbətdə ayrılan mühafizəçilərin sayı yetərli deyil. Nazir rayonlarda kinoteatr sisteminin də mövcud vəziyyətinə münasibət bildirdi. Məlum oldu ki, indi hər rayona bir kinoteatr düşür, onların bina vəziyyəti qənaətbaxış olmamaqla, hər hansı kino-yayım aparılmır.Nazir həmçinin bölgə turizminin vəziyyəti ilə maraqlandı. Bölgədə 67 mehmanxana və mehmanxana kompleksinin fəaliyyət göstərdiyi barədə nazirə məlumat verildi və məlum oldu ki, bu obyektlərdən 30-u Mədəniyyət və Turizm Nazirliyindən müvafiq lisenziya almayıb. Səbəb isə həmin obyektlərin digər müvafiq müəssələrdən icazə almamasındadır. Nazirin diqqət yetirdiyi məruzə ətrafı məsələlərin müzakirəsindən sonra çıxış üçün söz rayon Mədəniyyət və Turizim şöbələrinin rəhbərlərinə verildi. Onlar görülmüş işlərlə yanaşı, mövcud problemləri kollegiyanın diqqətinə çatdırdılar.
Mədəniyyət və Turizim şöbələrinin rəhbərlərinin hesabatından sonra nazir bu hesabatlara münasibətini bildirdi. O, həmçinin Lənkəranda turizm-informasiya mərkəzinin işi, Lənkəran Dövlət Dram Teatrının bir sıra avadanlıqlarla, real fəaliyyət göstərən klubların isə musiqi alətləri və səsgücləndiricilərlə təminatı, Astara rayonunun gənc istedadlarına diqqətin artırılması və bu rayonun tarix-diyarşünaslıq muzeyinin bina təminatının dövlət proqramına salınması, Cəlilabad rayonu Göytəpə qəsəbə Mədəniyyət Evinin münasib məkana köçürülməsi, Masallı Rayon Mədəniyyət Mərkəzi üçün ayrılmış binanın təmiri, Yardımlı və Lerik rayonları üzrə turizm əhəmiyyətli bir neçə məsələnin nəzarətə götürülməsi, o cümlədən bir sıra mədəniyyət müəssisələrinin müəyyən problemlərinin yerindəcə həlli ilə bağlı müvafiq göstərişlər verdi.
Kollegiya üzvlərinin ümumi rəyindən sonra isə müzakirələrin yekunlaşdırılması qərara alındı. Yekun nitqi ilə mədəniyyət və turizm naziri Ə.Qarayev çıxış etdi:
«Bu kollegiya iclasında biz regionun mədəniyyət müəssisələrinin fəaliyyətinə geniş şəkildə baxa bildik. Uğurlarla yanaşı, nöqsanların, problemlərin də olduğunu gördük. Bizim müzakirələrin də məqsədi bu idi ki, vəziyyətə real qiymət verib, düzgün fəaliyyət istiqamətlərini müəyyənləşdirək. Bu gün yerlərdə ilk əvvəl parklar, mədəniyyət müəssisələri, mədəniyyətlə bağlı xidmət sahələri təmir-bərpa edilir. O yerlər ki, gələn qonaq ilk əvvəl onlarla maraqlanır. Ümumiyyətlə, regionun özünəməxsusluğu onun mədəni dəyərləri, təbiəti, yaradıcı potensialı ilə müəyyənləşdirilir. Məhz buna görə sizin üzərinizə düşən vəzifə məsuliyyətlidir. Cənub regionu dövlətimiz üçün çox strateji əhəmiyyət kəsb edir. Çalışmalıyıq ki, hər bir insan özünün mədəni mövcudluğunu hiss etsin. Bu baxımdan dəfələrlə regionda müxtəlif mədəni layihələr təşkil edilib, müsabiqə və festivallar keçirilib. Mədəniyyət müəssisələrimizin əhatəli fəaliyyəti həm də gələcək nəsillərə mədəni dəyərlərimizin, dövlətimizin Azərbaycançılıq ideologiyasının ötürülməsi deməkdir. Regionun potensialı turizmin inkişafına səbəb olacaq. Bizim vəzifəmiz odur ki, turizmin müasir səviyyədə inkişafı üçün zövqsüz tikililərin, aşağı xidmətin qarşısını alaq.
Bu gün Azərbaycan mədəniyyəti dünyaya çıxır, bu uğurlar bizi sevindirir. Və bu uğurların bünövrəsində yerlərdəki mədəniyyət faktoru dayanır. Siz də dünyada qazandığımız uğurları yerlərdə təbliğ etməyə çalışmalısınız. Hesab edirəm ki, regiondakı mədəniyyət müəssisələrinin əksəriyyəti yetərincə fəaliyyət göstərir. Çatışmazlıqlar var və onlar aradan qaldırılmalı, müasir tələblər səviyyəsində fəaliyyət göstərmək istiqaməti seçilməlidir. Burada səslənən təkliflər, xahişlər, sözsüz ki, nəzərə alınacaq, kollegiya üzvlərinin təhlilinə veriləcək və qərar qəbul ediləcək.
Biz, cənab prezident İ.Əliyevin ümumi siyasətini mədəni sferada layiqincə yerinə yetirməliyik. Bu yolda hamınıza uğur arzulayıram».
S.Nağıyev