Yazıçı Hüseyinbala Mirələmovun “Görkəmli adamların həyatı” seriyasından olan “Heydər Əliyev” əsəri müsabiqənin birincisi oldu
  
   Azərbaycan dövləti ədəbiyyata, mədəniyyətə, incəsənətə daim diqqət və qayğı göstərir. Keçən ilin iyul ayında respublikanın Mədəniyyət və Turizm Nazirliyinin ədəbiyyat sahəsində ən yaxşı əsərlər üçün təsis etdiyi “Qızıl Kəlmə” mükafatı da bu diqqət və qayğının daha bir bariz nümunəsidir. Mükafatı təsis etməkdə məqsəd yüksək bədii və sənətkarlıq keyfiyyətinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin daha səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaqdır. Qeyd edək ki, mükafatın 2 ildən bir ən yaxşı nəsr, poeziya, tənqid, ədəbiyyatşünaslıq və publisistika, eyni zamanda orijinaldan bədii tərcümə əsərlərinə verilməsi nəzərdə tutulub. Müsabiqədə öz əsərləri ilə iştirak edənlərin neçə aydan bəri davam edən həyəcanı, nəhayət, başa çatdı. Müsabiqənin yekunları R.Behbudov adına Mahnı Teatrında keçirilən tədbirdə elan edildi.
  
   Mükafat komissiyasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdimat mərasimində çıxış edərək bildirdi ki, “Qızıl Kəlmə” ədəbi mükafatının təqdimat mərasiminin bu gün - ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilməsi heç də təsadüfi deyil. Bu böyük düha Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ədəbiyyata və mədəniyyətə çox böyük diqqət yetirmiş, xalqımızın dünya xalqları içərisində öz layiqli yerini tutmasında adıçəkilən sahələrin əvəzsiz rol oynadığını daim nəzərə almağı tövsiyə etmişdir. Natiq, Heydər Əliyevin, müstəqilliyin ilk illərində respublikamızda iqtisadi vəziyyətin ağır olmasına baxmayaraq, ədəbiyyat və incəsənət sahəsində çalışan insanlara daim qayğı göstərdiyini və onun bu siyasətinin hazırda möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.
   Sonra nazir yeni “Qızıl Kəlmə” mükafatının bu ilk təqdimatında komissiya üzvlərinin çox böyük iş gördüklərini, obyektivlik nümayiş etdirdiklərini və qalibləri yalnız əksər səs çoxluğu ilə müəyyənləşdirdiklərini qeyd etdi. Təqdim edilən əsərlərin hamısının maraqlı olduğunu vurğulayaraq, qalib olmayan, lakin fərqlənən müəlliflərin də adlarını çəkdi. O, həmçinin bildirdi ki, Azərbaycan Yazıçılar Birliyindən təqdim olunan əsərlərin müəllifləri qaliblər sırasında üstünlük təşkil edir və bu, AYB-nin peşəkarlıq səviyyəsinin, nüfuzunun göstəricisidir.
   Çıxış edən millət vəkili Nizami Cəfərov mükafatın ayrı-ayrı şəxslərin timsalında bütövlükdə Azərbaycan ədəbiyyatına verildiyini diqqətə çatdırdı, dövlətin ədəbiyyata qayğısının zəruriliyini vurğuladı:”Bu gün qalib gələn müəlliflərin əsərləri bizim ədəbiyyatımızın uğurlarıdır”.
   Bundan sonra qalibləri mükafatlandırma mərhələsi başlandı. Qeyd edək ki, təsis olunan mükafatın qalibləri dörd nominasiya üzrə müəyyənləşdrilib. Nazir Əbülfəs Qarayevin sədrlik etdiyi, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, millət vəkilləri Sabir Rüstəmxanlı və Nizami Cəfərov, AYB-nin katibi Rəşad Məcid, şair Çingiz Əlioğlu, professor Nizaməddin Şəmsizadə, şair Vaqif Bəhmənli, tənqidşi Vaqif Yusiflinin daxil olduğu mükafat komissiyasının münsiflər heyəti 3 nominasiyada mükafatların hər birini iki nəfər arasında paylaşdırıb. Ədəbi tənqid və publisistika üzrə isə qalib olaraq bir nəfər müəyyənləşdirilib.
   Xatırladaq ki, müsabiqəyə dörd nominasiya üzrə 38 əsər təqdim edilib. Onlardan 12-si nəsr, 12-si poeziya, 11-i publisistika və ədəbi tənqid, 3-ü isə bədii tərcümə əsəri olub. Yeddi müəllif mükafata layiq görülüb, 2 müəllifə isə «Şans» ödülü, həvəsləndirici mükafatı verilib.
   Sonra mükafatların təqdimat mərasimi başladı. Publisistika sahəsində “Qızıl Kəlmə” mükafatının ilk qalibi “Görkəmli adamların həyatı” seriyasından olan “Heydər Əliyev” əsərinə görə müəllif - Milli Məclisin üzvü, yazıçı-dramaturq Hüseynbala Mirələmov oldu. Mükafatı qalibə komissiyanın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim etdi. Məhz bu əsərinə görə aldığı “Qızıl Kəlmə” mükafatının onun həyatında çox əlamətdar bir hadisə olduğunu vurğulayan yazıçı Hüseynbala Mirələmov ümummilli lider Heydər Əliyevin onun taleyində həmişə böyük rolu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Mən bu mükafatı da ulu öndər Heydər Əliyevdən yazdığım əsərə görə aldığım üçün böyük qürur hissi keçirirəm”.
   Nəsr sahəsində yazıçı - Milli Məclisin üzvü Aqil Abbasa “Dolu” romanına, yazıçı- dramaturq Elçin Hüseynbəyliyə “On üçüncü həvari - Don Juan” romanına, poeziya sahəsində şair Zakir Fəxriyə “Qalmaz belə, qalmaz dünya” əsərinə, Taleh Həmidə dördcildliyinə, bədii tərcümə sahəsində Saday Budaqlıya M.Bulqakovun “Master i Marqarita” romanına, Məmməd Oruca G.Lətifxanovun “Azər və Aida” romanının tərcüməsinə görə “Qızıl Kəlmə” mükafatı təqdim olundu. Yunis Oğuz “Nadir şah”, Səlim Babullaoğlu isə “İlyas Göçmənin şəkil dəftəri” əsərlərinə görə həvəsləndirici «Şans» ödülü mükafatına layiq görüldülər. Beləcə, ədəbiyyat aləminə yenicə gəlmiş “Qızıl Kəlmə” ədəbi mükafatı öz ilk sahiblərini tapdı. Eləcə də cəmiyyətdə elə ilk gündən nüfuzlu mükafata çevrilən “Qızıl Kəlmə”nin uğurlu estafeti başlanmış oldu.
  
   Sabutay