Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Gəncə şəhərinə səfər edib. Azərbaycanın ən böyük sənaye mərkəzlərindən biri olan Gəncədə son illərdə aparılan quruculuq işləri şəhərin həyatına inkişaf, tərəqqi və müasirlik gətirib. İki min ildən çox yaşı olan Gəncə bu gün qədimliklə müasirliyin qovuşduğu bir məkana çevrilib.
   Dövlətimizin başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev meydanına gedərək, ulu öndərin abidəsinin önünə gül dəstəsi qoyub.

   
   “Ramada Plaza” mehmanxanasının tikintisi ilə tanışlıq
   
   Ölkə başçısı Gəncədə “Ramada Plaza” mehmanxanasının tikintisinin gedişi ilə tanış olub.
   İ.Əliyevə təməli 2005-ci ilin mayında qoyulmuş binada inşaat işlərini bu ilin ikinci yarısında başa çatdırmaq nəzərdə tutulduğu barədə məlumat verilib. Ümumi torpaq sahəsi iki hektar olan 12 mərtəbəli mehmanxanada 200-ə qədər nömrə olacaq. Nömrələrin 160-ı birotaqlı, 34-ü isə ikiotaqlıdır.
   “Çıraq” MMC-nin sifarişçisi olduğu mehmanxananın birinci mərtəbəsində üzgüçülük hovuzu, trenajor zalı, biznes mərkəzi, mağazalar, qadın və kişi bərbərxanaları olacaq. İkinci mərtəbədə konfrans zalı, milli və Avropa mətbəxinə aid yeməklərin təqdim olunacağı iki restoran yerləşəcək. Mehmanxananın 3-10-cu mərtəbələrində nömrələr, 11-12-ci mərtəbələrdə kafe, bar, VİP restoran və digər istirahət obyektləri fəaliyyət göstərəcək. Ərazidə ikimərtəbəli 6 kottec də inşa olunacaq. 150 nəfərin işlə təmin olunacağı mehmanxananın ərazisində voleybol meydançası, tennis kortun, açıq üzgüçülük hovuzun, yay kafesi, uşaqlar üçün əyləncə şəhərciyi və avtomobil dayanacaqlarının yaradılması da nəzərdə tutulub.
   Tikintidə Yaponiya, Almaniya, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrdən gətirilən inşaat materiallarından geniş istifadə olunur. Binada Yaponiya istehsalı olan beş müasir lift quraşdırılacaq. Buradakı bütün kommunikasiya qurğuları ən müasir standartlara cavab verir. Göygöldən içməli su xətti çəkiləcək.
   Mehmanxananın həyətində 5 min kvadratmetr sahədə yaşıllaşdırma işləri aparılmış, 6 min kvadratmetr xüsusi qranit piltə döşənmiş, əkilmiş gül və bəzək kolları Hollandiya və İrandan gətirilib. Müasir işıqlandırma sistemi isə Türkiyə istehsalıdır.
   
    Xatirə lövhəsi
   
   Prezident İlham Əliyev 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və hökumətinin yerləşdiyi binada - Azərbaycan Dövlət Aqrar Universitetinin girişində xatirə lövhəsinin açılışında iştirak edib.
   Dövlətimizin başçısı üzərində “Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və hökuməti 16 iyun 1918-ci ildən 16 sentyabr 1918-ci ilə qədər bu binada fəaliyyət göstərib” sözləri yazılmış lövhənin üstündən örtüyü götürüb.
   Xatırladaq ki, Azərbaycanın müstəqil dövlət olması ilk dəfə məhz bu binadan radioqram vasitəsilə bütün Avropa ölkələrinə elan edilib.
   
   Nizami Gəncəvinin abidəsində aparılan yenidənqurma işləri
   
   Dövlət başçısı səfər çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin qədim Gəncənin mərkəzindəki abidəsində aparılan yenidənqurma işləri ilə də tanış olub.
    1949-cu il aprelin 30-da tuncdan qoyulmuş bu möhtəşəm abidənin Daşkəsən mərmərindən hazırlanmış postamenti artıq köhnəlib. Hazırda postamentin mərmər örtüyü yenisi ilə əvəzlənir, abidənin ətrafında abadlıq işləri aparılır, müasir işıqlandırma sistemi quraşdırılır, yeni oturacaqlar qoyulur.
   Bu ay başlanmış yenidənqurma işlərinin iyunun 15-də - Milli Qurtuluş Günündə başa çatdırılması nəzərdə tutulub.
   Dövlətimizin başçısı Gəncədə aparılan abadlıq və quruculuq işləri ilə bağlı əlavə tapşırıq və tövsiyələrini verib.
   
   Göygöl rayonunda mədəniyyət və istirahət parkınınn açılışı
   
   Mayın 25-də Göygöl rayon mərkəzində mədəniyyət və istirahət parkının açılışı olub.
   Prezident İlham Əliyev açılışda iştirak edib.
   Əsaslı təmirinə bu il başlanılan parkın ərazisi 3 hektardır. Burada rayon sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Müxtəlif mərasimlərin keçirilməsi üçün 300 nəfərdən çox tamaşaçı tutan Yaşıl Teatr parka xüsusi gözəllik verir. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün parkda gənclər evi, stolüstü oyunlar zalı, tir fəaliyyət göstərir.
   Bundan başqa, parkın ərazisində 200 kvadratmetr sahəsi olan idman meydançası, uşaqlar üçün xüsusi attraksionlar quraşdırılmış əyləncə meydançası da vardır.
   Parkın ərazisinin 2 hektarında yaşıllıq sahələri salınmış, 2 mindən çox bəzək kolu və ağac əkilmiş, kənardan münbit torpaq gətirilmişdir. Yaşıllıq sahəsini suvarmaq məqsədi ilə bura ayrıca su xətti çəkilmiş, parkda müasir işıqlandırma sistemi quraşdırılmış, 250 dekorativ işıq dirəyi qoyulmuşdur.
   
   Prezident İlham Əliyevin Şəmkir rayonuna səfəri
   
   Prezident İlham Əliyev Göygölə səfərini başa çatdıraraq Şəmkir rayonuna gedib.
   Dövlətimizin başçısı əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Şəmkirin mərkəzi parkındakı abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
   Prezident İlham Əliyev abidənin ətrafında yaradılan şəraitlə tanış olub.
   Burada əsaslı quruculuq və abadlıq işləri aparılıb, şəhərin bu hissəsi sakinlərin mənalı istirahət ocaqlarından birinə çevrilib. Mərkəzi parkda salınan geniş yaşıllıq zolaqları həm şəhərin simasına xüsusi yaraşıq verir, həm də ulu öndərin xatirəsinin əbədiləşdirildiyi bu məkana xoş ovqat gətirir.
   
   Mədəniyyət evinin qarşısındakı istirahət parkı
   
   Prezident İlham Əliyev Şəmkir Mədəniyyət evinin qarşısında istifadəyə verilmiş istirahət parkı ilə tanış olub.
   Genişmiqyaslı abadlıq işlərinin görüldüyü bu park maraqlı dizaynı ilə diqqəti cəlb edir. Xüsusi dekorativ bitkilərin, gül kollarının əkildiyi parkda musiqili fəvvarə quraşdırılıb, Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan şəxslərin abidələri ucaldılıb.
   Dövlətimizin başçısı parkı gəzib, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin və şair Əhməd Cavadın piano arxasında gərgin işinin əks olunduğu kompozisiyaya və aşıq Teymurun xatirəsinə yaradılmış guşəylə tanış olub.
   
   Gədəbəydə Aşiq Musiqi Məktəbənin təməli qoyuldu
   
   Bölgəyə səfəri çərçivəsində Gədəbəy rayonunda da olan İlham Əliyev mayın 26-da Aşıq Musiqi Məktəbənin təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı əvvəlcə ikimərtəbəli, klassik üslubda tikiləcək binanın layihəsi ilə tanış olub, gilizi təmələ buraxıb.
   El aşıqları ilə söhbət edən dövlətimizin başçısı onlarla xatirə şəkli çəkdirib.
   
   “Mədəniyyət”