Son illər ölkədə informasiya texnologiyaları sürətlə inkişaf edir. Bu inkişafın nəticəsidir ki, artıq respublikada bütün dövlət qurumlarının, o cümlədən nazirliklərin saytı fəaliyyət göstərir və onlar bu saytlar vasitəsilə gördükləri işlər barədə məlumatları nəinki ölkə daxilinə, hətta ölkə xaricinə də yaya bilirlər. Bu sıraya Mədəniyyət və Turizm Nazirliyinin də saytı daxildir. Artıq 2007-ci ildən istifadədə olan bu saytda nazirliyin fəaliyyətinə daxil olan bütün sahələr, tədbirlər və informasiyalar öz əksini tapıb.
Bu gün sözügedən qurumun saytı nümunəvi İnternet portalları sırasındadır. Təsadüfi deyil ki, «Netty» akademikləri rəsmi şəkildə 16 nominasiya üzrə il ərzində ən yaxşı saytların sırasında «Ən yaxşı dövlət saytı» nominasiyasında www.mct.gov.az/ ünvanında yerləşən Mədəniyyət və Turizm Nazirliyinin resursunu qalib seçib. Akademiyanın Analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov deyir ki, bu müsabiqə artıq 5 ildir keçirilir: «Müsabiqəyə təqdim edilən saytların resurslarına əvvəlcə ictimaiyyət, sonra isə akademiyanın üzvləri səs verir və beləliklə yerlər təyin olunur».
Qeyd edək ki, nazirliyin saytı nazirlik, mədəniyyət və incəsənət, turizm, mətbu orqanları və nəşrlər, layihələr və tenderlər, afişa, mediateka bölmələrindən ibarətdir. Nazirlik bölməsində nazir daxil olmaqla, qurumda çalışan əməkdaşlar haqqında məlumat verilməklə yanaşı, xəbərlər və tədbirlərlə bağlı məlumatlar yerləşdirilib. Saytın üstünlüyü həm də ondan ibarətdir ki, oxucu qaynar xətt vasitəsilə bütün sual, istək və təkliflərini bildirə bilir.
Mədəniyyət və incəsənət bölməsində Azərbaycan mədəniyyətinin tarixi, mədəniyyət xadimlərimiz, milli mətbəximiz, adət-ənənələrimiz, xalq yaradıcılığı, Azərbaycan filmləri haqqında ətraflı məlumatlar özünə yer alıb. Azərbaycan turizmi, viza qaydaları, turizm obyektləri, turlar, şəhərlər, flora və faunamızla bağlı bilgiləri isə turizm bölməsindən əldə etmək mümkündür.
Mədəniyyət və Turizm Nazirliyi haqqında elektron məlumatlar bu bölmələrlə məhdudlaşmır. Qabil müəllimin sözlərinə görə, qurumun köməkliyi ilə «Bakı İslam mədəniyyətinin paytaxtıdır», «baku-icc-2009.az.», «tourism.az», «gobustan», «epesteliiar irs» (tarixi əlyazmalar), İnternet portalları yaradılıb. Yaxın gələcəkdə mədəniyyət və turizm portalının yaradılması gözlənilir. Orda bütün muzeylər və turizm obyektləri öz əksini tapacaq». Bundan əlavə, turistlər üçün «Coğrafi naviqasiya sistemi» yaradılır. Operativ telefon məlumat sisteminin yaradılması isə başa çatmaq üzrədir. 147- əlaqə nömrəsi ilə istənilən şəxs nazirliyin şöbələri, mehmanxana, satış mərkəzləri ilə əlaqə saxlaya və şikayət və təkliflərini verə bilər.
Bir sözlə, bütün bunlar deməyə imkan verir ki, Mədəniyyət və Turizm Nazirliyi informasiya texnologiyaları sahəsində böyük uğurlara imza atmağa nail olub.
MEHPARƏ