Son illər dövlət mədəniyyət sahəsinin inkişafına, xüsusilə də muzey işinin yaxşılaşdırılmasına diqqət ayırır. Respublikada fəaliyyət göstərən muzeylərdə təmir-bərpa işləri aparılmaqla yanaşı, bir sıra muzeylər üçün yeni binaların tikilib istifadəyə verilməsi də bu həqiqəti bir daha təsdiqləyir. Digər tərəfdən, həm xarici görünüş, həm də maddi-texniki baza baxımından dünya standartlarına uyğun muzeylər tikilməkdədir. Təsadüfi deyil ki, bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev (2007-ci il) "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" xüsusi sərəncam da imzalayıb. “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planının təsdiq olunması haqqında" sənədə uyğun olaraq bu sferada bir sıra layihələr həyata keçirilir. Bu isə bir daha təsdiqləyir ki, yaxın gələcəkdə bu mədəniyyət müəssisələrimizin işində böyük dönüş yaranacaq. Sərəncamdan irəli gələn tədbirlər planında Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmiri, yeni avadanlıq və zəruri eksponatlarla təhcizatı nəzərdə tutulub. Eyni zamanda muzey fondlarının ölkəşünaslığa və diyarşünaslığa dair eksponatlarla zənginləşdirilməsi, muzey eksponatlarının beynəlxalq standartlara uyğun pasportlaşdırılması, elektron kataloqlara köçürülməsi və digər bu kimi məsələlər nəzərdə tutulub. Sözsüz ki, bunun üçün hər kəs sərəncamdan irəli gələn məsuliyyəti dərk edib, öhdəlikləri vaxtında və layiqincə yerinə yetirməlidir. Elə dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhəbərliyi ilə Muzey Mərkəzində Bakıda və regionlarda fəaliyyət göstərən muzey işçilərinin toplantısında da bu məsələ əsas müzakirə mövzusu oldu. Tədbiri giriş sözü ilə açan nazir bildirdi ki, bu məqsədlə prezidentə ünvanlanmış müraciət qəbul olunub: "Ulu öndərimizin siyasətini davam etdirən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin son 6 illik fəalityyəti müddətində muzey işi sahəsində imzalanan fərman və sərəncamlar Azərbaycanda muzey işini əsaslı şəkildə təkmilləşdirib.
2006-cı ildən etibarən Azərbaycanda Milli İstiqlal Muzeyi, Müasir İncəsənət Muzeyi, Azərbaycanda Olimpiya Hərəkatı Muzeyi, Neft Muzeyi, Etnoqrafiya Muzeyinin yaradılması və Xalça muzeyinin tikilməsi və nəhayət, "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" sərəncamlar muzey işinin inkişafına böyük təkan verib. Bundan başqa, ən qısa müddətdə Ədəbiyyat muzeyinin yenidən bərpası və yeni avadanlıqla təmin olunması, Xalça Muzeyi üçün yeni binanın tikilməsi bu sahədə çox ciddi irəlliləyişdir. Bildiyiniz kimi, prezident tərəfindən respublikada 4 ərazi qoruğunun yaradılmasına dair sərəncam imzalanıb. Demək istəyirəm ki, dövlət başçısının bu fəaliyyəti bizə gözəl örnək olmalıdır. Əgər cənab prezident bu sahəyə belə böyük diqqət yetirirsə, deməli, bizim tərəfimizdən də bu işə böyük dəstək göstərilməli, uyğun öhdəliklər vaxtında yerinə yetirilməlidir".
Ə. Qarayev yaxın gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan layihələrdən və bu sahədə qarşıya çıxan nöqsanlardan da söz açdı: "Aşıq musiqisini YUNESKO-nun mədəni irs siyahısına daxil etmək istəyirik. Növbəti planda isə xalçalarımız dayanır. Azərbaycanın daxilində olan mədəni sərvətlər artıq bizə məxsus deyil, bunlar bəşəriyyətin xəzinəsinə daxil olan incilərdir. Bu o deməkdir ki, biz bəşəriyyətin və dünya ictimaiyyətinin qarşısında məsuliyyət daşıyırıq. Amma burada bir sual yaranır: biz bu inciləri nə dərəcədə qoruyub istifadə edirik. Və ya bizim mədəniyyət ocaqlarımız, muzeylərimiz, muzey mərkəzlərimiz və digər mədəniyyət strukturlarımız aşıq musiqisinin YUNESKO-nun mədəni irs siyahısına salınmasına nə qədər hazırdır? Dünyanın hər yerindən aşıq musiqisi ilə maraqlanmaq istəyən adamlar onun məkanına gəlmək istəyəcəklər və nə görəcəklər? Aşıq sənətini əks etdirən muzey bərbad haldadır, eksponatlar həddindən artıq azdır. Əgər dünyaya açılmaq istəyiriksə, biz buna hazır olmalıyıq. Muğamı bərpa etdik, dünyaya tanıtdıq, Muğam Mərkəzi tikdik və s. Bu gün Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlər göz önündədir. Bütün görülən bu işlər Azərbaycanın dünyada müasir imicinin formalaşdırılmasına xidmət edir. Azərbaycan zəngin mədəni irsi və tarixi olan ölkə kimi müasir üsullarla öz yaradıcılıq potensialını dünyaya çıxara bilir". Çıxışının sonunda yenidən sərəncamın əhəmiyyətini diqqətə çəkən nazir həmin sənədi onlara verilən böyük şans kimi dəyərləndirdi: "Cənab prezidentin muzeylərə verdiyi bu şansdan səmərəli istifadə etməli, hiss olunan dərəcədə irəliləyişə nail olmalıyıq. Regionlardakı muzeylərlə çox ciddi əlaqə yaradılmalı, bundan başqa, muzeylərin özləri də turist şirkətləri və media ilə yeni iş birliyi qurmalıdırlar. Əgər insanlar muzeylərə gəlmirsə, muzeylər insanlara doğru getməlidir".
Sonra Milli Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı çıxış edərək prezidentin imzaladığı sərəncamı vaxtında verilmiş sənəd kimi dəyərləndirdi: "Sənəddən irəli gələn vəzifələr 5 il müddətində icra olunmalıdır. Biz buna hazırıqmı? Regionlarımızda elə tarix-diyarşünaslıq muzeylərimiz var ki, eksponatları qənaətbəxş deyil. Bəzən onlar düzgün yerləşdirilmir, xronoloji ardıcıllıq gözlənilmir. Bu baxımdan muzey fondlarının qurulması, inventarlaşdırma işinin aparılması çox vacib məsələdir. Əgər bu sərəncam vaxtında yerinə yetirilsə, muzeylərimiz ən gözəl mədəniyyət müəssisələrinə çevrilər".
İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov isə prezidentin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" sərəncamından keçən (2007) müddət ərzində xeyli işlər görüldüyünü bildirdi: "Bu vaxt ərzində İncəsənət Muzeyində böyük təmir-bərpa işləri həyata keçirilib. Bundan başqa, dünyanın ən tanınmış muzeyləri ilə əlaqələr qurmuşuq. Əminəm ki, bu sənəd muzey sahəsində böyük işlərin görülməsinə zəmin olacaq".
Sonra Üzeyir Hacıbəyovun ev muzeyinin, Sumqayıt şəhərinin Tarix Muzeyinin, İqtisad Universitetinin Tarix Muzeyinin, Zaqatala rayonunun Tarix Muzeyinin, Cəbrayıl rayonunun tarix Muzeyinin direktorlarının çıxışları dinlənildi. Onlar muzeylərin vəziyyəti ilə yanaşı, mövcud problemləri də diqqətə çatdırdılar. Nazir Ə.Qarayev elə toplantıda yaranmış problemlərin həllinə kömək üçün lazimi şəxslərə göstərişlər verdi.
Toplantının sonunda nazir bir daha sərəncamın yerinə yetirilməsindən irəli gələn vəzifələrdən söz açdı. "Bizə verilən bu gözəl imkandan yararlanıb, muzeylərimizi ən yüksək səviyyəyə çatdırmalıyıq" deyən nazir bu yolda hər kəsə uğurlar arzu etdi.
Mehparə