Ölkəmizə səfərə gələn Suriya Prezidenti Heydər Əliyev Fondunda da olub
   
   İyulun 8-də Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd Azərbaycana rəsmi səfərə gəlib. Qarşılanma mərasimindən sonra prezidentlər arasında geniş tərkibdə danışıqlar olub. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Suriya Prezidenti Bəşşar əl-Əsədin iştirakı ilə Azərbaycan-Suriya rəsmi sənədlərinin imzalanması mərasimi olub.
   
   Mərasimdə digər sahələrlə yanaşı, mədəniyyət sahəsində də bir sıra sənədlər imzalanıb.
   Sonra Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsəd Heydər Əliyev Fondunda olublar. Qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış fondun məqsədləri və fəaliyyəti barədə məlumat verilib.
   Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Suriya prezidentini və xanımını ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar və fotoşəkillərlə tanış ediblər.
   Dövlət başçısı bildirib ki, bugünkü qüdrətli və zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla uğurla irəliləyir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, xalqımızın «ümummilli lideri» adını qazanmışdır. Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
   Suriya prezidenti və xanımı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin verdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olublar, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıblar.
   Suriya Prezidenti Bəşşar əl-Əsəd fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb. Suriya prezidentinə və xanımına hədiyyələr təqdim olunub.
   Dövlət başçıları və xanımları Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxıblar.
   
   FƏXRİYYƏ