Sentyabrın 23-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzlə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin Dövlət Federal Elmi-tədqiqat müəssisəsi Rusiya Kulturologiya İnstitutu arasında əməkdaşlıq üzrə müqavilə imzalanıb.
Belə müqavilələrin Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini vurğulayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu anlaşmalar ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyətə malikdir.
Son illər Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirildiyini diqqətə çatdıran nazir qeyd etdi ki, teatr binaları, mədəniyyət ocaqları, tarixi abidələr yenidən bərpa edilir və ölkəmizin turizm potensialı daha da möhkəmləndirilir. Görülən işlərin nəticəsində cari ildə Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Hazırda respublikanın mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparılır və onlar müasir avadanlıqla təchiz olunur.
Nazir vurğuladı ki, bu müqavilə hər iki ölkədə kulturologiya elminin inkişafına, mədəniyyət sahəsində elmi tədqiqatların aparılmasına təkan verəcək. Respublikamızda kulturologiya elminin inkişafına xüsusi şərait yaradılıb. Artıq iki ildir nazirliyin nəzdindəki 3 qurum birləşdirilərək Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz kimi fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi olkəmizdə mədəniyyətin, mədəniyyətşünaslığın inkişafı üçün müasir dövrün tələblərinə uyğun elmi baza yaratmaqdır.
Dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri dəstəklədiklərini bildirən Rusiya Kulturologiya İnstitutunun direktoru Kiril Razloqov vurğuladı ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələr bundan sonra daha da genişlənəcək.
Qonaq bildirdi ki, bu saziş birgə tədqiqatların, layihələrin aparılmasına, konfransların, tədbirlərin keçirilməsinə, mütəxəssis hazırlığına təkan verəcək.
Sonda əməkdaşlıq üzrə müqaviləni Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbəri Vilayət İsmayılov və Rusiya Kulturologiya İnstitutunun direktoru Kiril Razloqov imzaladılar.
MEHPARƏ