Hörmətli Tofiq Bakıxanov!
Siz xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan böyük nəslin ənənələrini  ləyaqətlə davam etdirərək Azərbaycan musiqi mədəniyyətinə gözəl töhfələr vermisiniz…  Yaratdığınız baletlər, musiqili komediyalar, simfoniyalar, konsertlər, simfonik muğamlar, romanslar və mahnılar musiqi  mədəniyyətimizi zənginləşdirən dəyərli sənət nümunələridir…
Heydər Əliyev

Tofiq Əhmədxan oğlu Bakıxanov. Əsilzadələr nəslinə mənsub olan bu imza doğma Azərbaycanda olduğu kimi, Rumıniya, Avstraliya, İsveç, İngiltərə, Şotlandiya, Türkiyə, İran, Kipr və digər Şərq və Avropa ölkələrində də tanınır, onun öz əsərləri, müəllif konsertləri ilə musiqi ictimaiyyəti və geniş dinləyici auditoriyası tərəfindən böyük rəğbətlə qarşılanır.
T.Bakıxanovun əsərləri xəlqilik və millilik zəminində köklənmişdir. Bəstəkarın beynəlxalq musiqi festivallarında, mötəbər musiqi məclislərində, tədbir və konsertlərdə səslənən əsərləri professional sənət adamları tərəfindən böyük maraq və alqışlarla müşayiət olunur.
Klassik Azərbaycan musiqisinin əvəzsiz inciləri sayılan «Şur», «Kürd ovşarı» (F.Əmirov), «Rast» (Niyazi), «Bayatı-Şiraz» (S.Ələsgərov) - simfonik muğam ənənəsinin davamı olaraq, T.Bakıxanovun «Nəva», «Humayun», «Rahab», «Şahnaz», «Dugah» simfonik muğamları - (beşlik) meydana gəldi. Müqtədir bəstəkar xatirələrindən birində yazır:
«Musiqi aləmində hamı bilir ki, bizim evimiz sözün əsl mənasında Şərq konservatoriyasının, bir növ, filialı idi. Mən böyük həvəslə qüdrətli söz-sənət ustadlarının söhbətlərinə qulaq asar, bütün deyilənləri uşaq yaddaşımda saxlayardım. İndiyədək beynimdən silinməyən və atamın - Əhmədxan Bakıxanovun muğam dərsinin sirli-sehrli aləmi  mənə bütöv bir dünya bağışlayıb. 30-cu illərin axırlarında kadrlarımızın azlığından çox narahatçılıq çəkən dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyov  bir gün atamla söhbətində dedi: «Mən məsləhət görürəm ki, sənin övladların… Avropa alətləri üzrə təhsil alsınlar… Bu, Üzeyir bəyin uzaqgörənliyinə daha bir sübutdur. Məhz onun göstərişi və təşəbbüsü ilə mən… skripkaçı oldum».


Beləliklə, Tofiq Bakıxanov Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki onillik musiqi məktəbinə (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) daxil olur. Bəstəkarın ilk ixtisas müəllimi dövrünün məşhur pedaqoqu Nison İliç Tsimber də öz şagirdi haqqında razılıqla deyərdi: «Tofiq Bakıxanov sinfimdə ən yaxşı oxuyan, öz üzərində məsuliyyət hiss edən, nümunəvi şagirdlərimdən hesab edilir… Üzeyir bəy Hacıbəyov Tofiqin ifasında Mendelsonun konsertinə, «Arşın mal alan» musiqili komediyası əsasında yazılan «Fantaziya»ya qulaq asandan sonra, Tofiqin parlaq gələcəyi olduğunu söylədi».


Əlimizdə olan materiallardan, yazılan xatirələrdən məlum olur ki, Tofiq Bakıxanov hələ musiqi məktəbində oxuyarkən, onun böyük konsert salonlarında, professional səhnədə və müsabiqələrdə iştirak etməsinin əsas səbəbkarı, məşhur Azərbaycanın pianoçusu Kövkəb xanım Səfərəliyevanın dəstək və səyi ilə bağlıdır.


Tofiq Bakıxanov 1948-ci ildə ADK nəzdindəki onillik musiqi məktəbini bitirdikdən sonra təhsilini davam etdirmək məqsədi ilə ADK-da professor S.L.Bretanitskinin sinfinə daxil olur. 1953-cü ildə isə ali təhsilini (professor A.Amintonun sinfini) başa vurur.


Professor Əşrəf Abbasov yazır:«Tofiq Bakıxanov yaxşı ifaçılıq texnikası ilə silahlanmış istedadlı musiqiçidir. Ansambl sahəsində ifaçılıq təcrübəsi var. Radio Verilişləri Komitəsinin solisti kimi Tofiq Bakıxanov Azərbaycan bəstəkarlarının skripka üçün yazdıqları bir çox əsərlərin ilk ifaçısıdır».
Tofiq Bakıxanovun bəstəkarlığa meyli daha güclü idi. O, hələ tələbə ikən (1953) «Elegiya» - skripka ilə orkestr üçün əsər bəstələyir və məlum olur ki, bu hüznlü, lirik əsər müharibədə (1941-1945) həlak olmuş gənc və istedadlı bəstəkar Məmməd İsrafil-zadənin xatirəsinə ithaf olunmuşdur.
Dahi Üzeyir bəy Hacıbəyovun musiqi xəzinəsindən pərvazlanmış gənc Tofiq Bakıxanovun bəstəkar olmaq arzusu onu 1953-cü ildə ikinci dəfə dünyaşöhrətli Qara Qarayevin sinfinə doğru səsləyir. «Mənim xoşbəxtliyim onda oldu ki, müəllimim Qara Qarayev idi».


Tofiq Bakıxanov yaradıcılığının ikinci dövrü, Azərbaycan bəstəkarlıq məktəbinin ən yüksək mərhələsinə təsadüf edir. Həmin illərdə (1957) Tofiq Bakıxanov Azərbaycan gənclərinin ikinci festivalının təşkilat komitəsi tərəfindən birinci dərəcəli diploma layiq görülür.


Bu zəhmətkeş və əməksevər bəstəkar gənclik illərindən bu günədək skripka və fortepiano üçün 3 sonata, 8 simfoniya, 5 simfonik muğam, müxtəlif alətlər ilə simfonik orkestr üçün 24 konsert, 5 proqramlı simfonik poema, simfonik orkestr üçün süita, üvertura, çoxlu sayda mahnı və romans, 3 balet, görkəmli bəstəkar Nəriman Məmmədovla müştərək 3 musiqili komediya qələmə almışdır.


2008-ci il  bəstəkarın sanki musiqi ictimaiyyəti və geniş tamaşaçı qarşısında hesabat ilidir. Belə ki, uzun fasilədən sonra M.F.Axundov adına Opera və Balet Teatrında bəstəkarın «Xəzər balladası», eləcə də «Xeyir və Şər» baleti öz səhnə təcəssümünü tapmışdır.
Tofiq Bakıxanov musiqi sahəsində həyatın nəbzini tutan ustad bəstəkarlardandır. Həqiqətən də sənətkarın yaratdığı sənət nümunələri Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə daxil edilmişdir.


2006-cı ildə bəstəkarın, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən 75 illik yubiley məclisində, Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin yubilyara göndərdiyi təbrik məktubunda oxuyuruq: «Hörmətli Tofiq müəllim!.. Siz müasir Azərbaycan musiqi sənətini, bəstəkarlıq məktəbini zənginləşdirən, onun ənənələrini ləyaqətlə davam etdirən dəyərli sənətçilərdən birisiniz. Milli musiqi sənətimizin inkişafında bir bəstəkar və pedaqoq kimi layiqli payınız vardır. Çoxillik yaradıcılıq irsiniz musiqinin əksər sahələrini əhatə etmişdir. Hansı musiqi janrına müraciət etməyinizdən asılı olmayaraq, həmişə öz yaradıcılıq prinsiplərinizə, özünəməxsus ifadə xüsusiyyətlərinə sadiq qalmısınız. Bakı Musiqi Akademiyasındakı uzunmüddətli səmərəli fəaliyyətiniz bunun bariz nümunəsidir».
Göründüyü kimi, ömrü daim yenilik axtarışlarında keçən böyük pedaqoq, məhsuldar bəstəkar, professor Tofiq Əhməd xan oğlu Bakıxanovun əbədiyaşar musiqisi sahili görünməyən geniş ümmanlara bənzəyir.

Gülzar İbrahim qızı,
filologiya elmləri namizədi,
Hökumə Əliyeva,
sənətşünaslıq namizədi