Qoca Şərqin güzgüsü - Mirzə Cəlil
  
   Mirzə Cəlil vətən sevgisində doğulmuş bir qəhrəmandır. Bu sevgi onu o qədər ucalara qaldırmışdı ki, o zirvədən hər şeyi olduğu kimi görmüş, eybəcərlikləri ustalıqla qələmə almış, ifşa edə bilmişdir. Milli şüurun oyanışında, milli ruhun formalaşmasında Cəlil Məmmədquluzadə və onun «Molla Nəsrəddin»i əvəzsiz məktəb rolu oynamışdır. Mirzə Cəlil qaranlıqda işıq axtara-axtara bütün ömrü uzunu yol gedir və işığı yalnız xalqın maariflənməsində görürdü. Təsadüfi deyil ki, bədii ədəbiyyatımızda Azərbaycanın xəritəsi ilk dəfə Mirzə Cəlilin əsərlərində əks olunmuşdur.  

   On illər boyu Mirzə Cəlil yaradıcılığına həm elmi tədqiqat, həm bədii cəhətdən dönə-dönə müraciət olunmuşdur. Bu baxımdan hörmətli alimimiz Allahverdi Nehrəmlinin «Cəlil Məmmədquluzadə yaradıcılığı elə böyük məktəbdir ki, ona hər yeni nəslin öz qayıdışı, öz baxışı olacaqdır» fikri çox aktual səslənir.
   Dəyərli alimlərimizdən Abbas Zamanov, Qulam Məmmədli, Mir Cəlal Paşayev, Turan Həsənzadə bir çox elmi məqalələrini Mirzə Cəlilə həsr etmişlər. Abbas Zamanov böyük ədib haqqında deyib: «Mirzə Cəlil əsərlərini ürəyinin qanı ilə yazırdı».
   Mirzə Cəlili oxuya-oxuya, özü də bu məktəbin davamçısı olmuş Mir Cəlal Paşayev ədibin yaradıcılığına iyirmi böyük elmi məqalə həsr etmişdir. Yazıçı-alim məqalələrinin birində deyir: «Mirzə Cəlil ədəbiyyatımıza «xırda adamları», onların dərdini, ürək döyüntülərini gətirdi. Xalqın dərdini qələmə almaq - vətənə, xalqa sonsuz məhəbbətdən doğur».
   Mirzə Cəlil irsinin araşdırılması sahəsində böyük xidməti olan akademik İsa Həbibbəyli öz elmi-publisistik yaradıcılığını əsasən Mirzə Cəlilə həsr etmiş, ədib haqda bir neçə kitab çap etdirmişdir.
   Filologiya elmləri namizədi Allahverdi Məmmədlinin mətbuatda çap olunan məqalələrindən başqa, iki böyük əsəri «Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq» və «Yüz ilin ədəbi abidəsi» diqqəti daha çox cəlb edir. Tədqiqatçı Mirzə Cəlil yaradıcılığına yeni yanaşma tərzi ilə də diqqətəlayiqdir.
   Cəlil Məmmədquluzadə yaradıcılığının Azərbaycançılıq ideyasının bədii ifadə üsulları A.Məmmədlinin tədqiqatında daha çox orijinal yöndə əks etdirilir. «C.Məmmədquluzadə milli olduğu qədər bəşəri idi. Şərqli olduğu qədər Qərbli idi. Yeni dünyanın yeniliyini duyan və bu yenilikdən aralı düşməyin millət üçün faciəsini dərindən dərk edən vətəndaş-sənətkar, ölçüyəgəlməz üslubi məqamları ilə bizi heyrətə salan ustad olmuşdur. Bir də ona görə ki, onun «yaradıcı dühası və əməli fəaliyyəti bir çox sahələri əhatə etmişdir: maarif, bədii ədəbiyyat, jurnalistika, ictimai-siyasi və fəlsəfi fikir, ədliyyə, tərcümə, kitab mədəniyyəti... Bu sahələrin hər birinin arxasında Azərbaycan xalqının narahatlığı dayanır».
   Bu yazımla əlaqədar Mirzə Cəlilin 100 illik yubileyi münasibəti ilə çap olunan əsərləri gözdən keçirərkən böyük şairimiz Rəsul Rzanın «Azərbaycan» jurnalında dərc edilmiş silsilə şeirləri diqqətimi cəlb etdi:
  
   Qoca Şərqin güzgüsü idi Mirzə Cəlil,
   Kim baxmadı o həqiqət güzgüsünə?!
   Həqiqəti açıq demək asan deyil,
   O, bu yolda hər əzaba gərdi sinə.

  
   Böyük yazıçı olmaq üçün təkcə xalq həyatı ilə yaşamaq, xalqın faciələrini görmək, duymaq və onun halına yanmaq kifayət etməzdi. Bunun üçün əsaslı bilik almaq, dünya ədəbiyyatı və ictimai fikir tarixini öyrənmək, qabaqcıl, mütərəqqi fikir və cərəyanların irtica əleyhinə necə mübarizə etdiyini, hansı çətinliklərə rast gəldiyini, hansı yollardan keçdiyini bilmək lazım idi. Bütün ictimai quruluşlarda cəmiyyətə işıq verən, xalq üçün yaşayıb yaradanlara həmişə təzyiq olmuşdur. Məlum sovet ideologiyasında Mirzə Cəlil həyat və yaradıcılığına münasibətdə çox ciddi, qaranlıq məsələlər olub. Bunlardan biri Mirzə Cəlilin dinə münasibətidir. Bəzən Mirzə Cəlili ateist adlandırıblar. Bu, tamamilə səhv fikirdir. Bunu sübut etmək üçün təkcə onun «Niyə məni döyürsünüz?» felyetonunu oxumaq yetərlidir.
   Şura hökuməti Mirzə Cəlilin ümid etdiyi kimi olmadı, əksinə, 1925-1927-ci illərdən başlayaraq millətin ziyalıları təzyiq və təqiblərə məruz qaldılar. Bu sərt küləklər Mirzə Cəlil və onun yaratdığı «Molla Nəsrəddin» jurnalından da yan keçmədi. Böyük şəxsiyyət, həmişə xalqına, vətəninə xidmət amalı ilə yaşayan ədibimiz mənəvi repressiyalarla üzbəüz qaldı. Bu hadisələr Mirzə Cəlilin əsəblərinə təsir etməyə bilməzdi. 1930-cu illərdə Mirzə evin «soyuqluğu»nu bəhanə edib öz əlyazmalarını sobada yandırdı.
   Cəlil Məmmədquluzadə yaradıcılığında elə bir əsərə rast gəlməzsən ki, orada böyük istedadla vətəndaşlıq vəhdət təşkil etməsin. Hörmətli akademik İ.Həbibbəylinin göstərdiyi kimi:
   «Cəlil Məmmədquluzadə - Molla Nəsrəddin - Mirzə Cəlil ayrı-ayrı tələffüz qaydalarına tabe olan sözlərdir. Lakin onların hamısı bir mətləbi dolğun şəkildə ifa edir: Vətəndaş yazıçı».
   Ulu öndər Heydər Əliyev böyük Mirzə Cəlil və onun «Molla Nəsrəddin»inə belə dəyər vermişdir: «Biz Cəlil Məmmədquluzadəyə sadəcə bir ədəbiyyatçı kimi, yazıcı kimi, publisist kimi yox, eyni zamanda böyük ictimai xadim və böyük siyasətçi kimi yanaşmalıyıq. Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamişdır. Bu, təkcə ədəbiyyatda, mədəniyyətdə deyil, siyasətdə də, ictimai həyatımızda da böyük xidmətdir».
  
   Yeganə MƏmmədova, C.Məmmədquluzadənin ev-muzeyinin böyük elmi işçisi