Əlibaba Məmmədov respublikamızın görkəmli sənətkarlarındandı. O, milli-mənəvi dəyərlərimizdən: muğam irsinin qorunması, yaşadılması və yeni ifaçılıq nəslinin yetişdirilməsində böyük xidmətlər göstərib. Onun bu xidmətləri Heydər Əliyev Fondunun təsis etdiyi «Qızıl çinar» beynəlxalq mükafatına layiq görülüb. Mükafat fondun yaranmasının beş illiyi münasibətilə bu il mayın 10-da «Buta» sarayında keçirilən mərasimdə məşhur muğam ustasına təqdim olunmuşdu.
   
   Muğam və xalq mahnılarımızın təşəkkül tapmasında xidməti olan ustad sənətkarlar çoxdu. Onlardan biri də hamımızın çox yaxşı tanıdığı xalq artisti Əlibaba Məmmədovdu. Bu gözəl sənətkarın adı xatırlananda ilk anda «Humayun» muğamı yada düşür. Çünki bu təsnifin ən gözəl ifaçısı o, olub. Belə demək mümkünsə, o, sənət aləmində ilk vaxtlar məhz bu təsniflə tanınıb.
   Əlibaba Məmmədov xeyli vaxtdı Bülbül adına Orta İxtisas Musiqi Məktəbində çalışır. Gənc nəslə muğam və xalq mahnılarından dərs deyir. Onlara bu ecazkar sənətin incəliklərini və sirrini yorulmadan, böyük həvəslə öyrədir.…
   Biz onun ifasında «Bayatı-Şiraz», «Cahargah», «Şur» və digər muğam və xalq mahnılarına qulaq asmışıq. Onun lent yazıları muğam və xalq mahnıları, təsniflər televiziya və radionun «Qızıl fond»unda saxlanılır.
   Erkən yaşlarından yaradıcılığa meyl edən sənətkar bir çox mahnı bəstələyıb. Xüsusilə Əliağa Vahidin sözlərinə xeyli mahnı yazıb. Həmin mahnıları görkəmli müğənnilərdən Zeynəb Xanlarova və digər tanınmış sənətçilər dönə-dönə ifa ediblər.
   Ötən əsrin axırlarında milli musiqiyə - muğamlarımıza, xalq mahnılarımıza bir laqeydlik, biganəlik baş qaldırdı. Bir çox görkəmli sənətkarlar kimi Əlibaba Məmmədov da o biganəlik və laqeydlik burulğanında özünü itirmədi. İnamından, əqidəsindən və öz dəst-xəttindən dönmədi. O, çox yaxşı bilirdi ki, muğam böyük bir xalqın, millətin ruhudur. Müstəqil dövlətçiliyimizin bərpa edilməsi ilə milli musiqiyə qarşı olan soyuqluq da tədricən aradan qalxdı. Bu mənada Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək yerinə düşər. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva milli musiqimizə - muğama və xalq mahnılarına böyük diqqət göstərdi və qayğı ilə yanaşdı. Bu, həqiqətən yaşlı sənətkarların hədsiz sevincinə səbəb oldu. Fondun təşəbbüsü ilə respublikamızda muğam festivallarının keçirilməsi ənənəyə çevrildi. Ötən ilin sonunda Bakıda Beynəlxalq Muğam Mərkəzi açıldı. O vaxt Ə.Məmmədov demişdi: «Beynəlxalq Muğam Evinin tikilməsi hamımızın ürəyincə oldu. Şükür, indi biz sənətçilərin də bir yerdə əyləşib sənət düşüncələrimizi bölüşəcək yerimiz var».
   2009-cu ildə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması şəhərdə müxtəlif tədbirlərin keçirilməsi zərurətini yaratdı. Buna parlaq nümunə Novruz bayramı günlərində Beynəlxalq Muğam Festivalının keçirilməsi oldu. Müxtəlif ölkələrdən görkəmli muğam ifaçılarının, sənətşünasların Bakıya toplaşması və paytaxtımızda düzənlənən muğam festivalı respublikamızın mədəni həyatında əlamətdar hadisəyə çevrildi.
   Onu da deyək ki, muğam festivalından əvvəl Bakıda respublika muğam ifaçılarının müsabiqəsi keçirildi. Müsabiqədə münsiflər heyətinin üzvləri sırasında Əlibaba Məmmədov da var idi. O, muğam sənətinin bilicisi kimi gənc ifaçıların düzgün seçilməsində çox ədalətli qərar verirdi.
   Ömrünün müdrik çağlarını yaşayan xalq artisti, prezident təqaüdçüsü, muğam və təsniflərimizin gözəl ifaçısı Əlibaba Məmmədov həqiqətən xalqımızın sevimli sənətkarıdır.
   O, hələ gənclik illərindən hər bir muğamı, təsnifi və xalq mahnısını fərqli şəkildə, öz dəst-xətti ilə oxuyaraq dinləyicilərin qəlbini fəth etmişdir. Eyni zamanda milli musiqimizin təbliğində, inkişafında və gələcək nəsillərə çatdırılmasında göstərdiyi təşəbbüslər, atdığı addımlar təqdirəlayiqdir. O, ömrünü bütövlükdə milli musiqimizin inkişafı və qorunmasına həsr edib. Sənətdə ucalan, xoşbəxtlik tapan Ə.Məmmədov bu keyfiyyətlərinə görə «Qızıl çinar» beynəlxalq mükafatına layiq görüldü.…
   Mükafatın təqdimetmə mərasimində o, təşəkkür əlaməti olaraq, hiss və duyğularını belə ifadə etdi: “Mən çox şadam ki, bu mükafat mənə Ulu Öndərimizin doğum günündə təqdim olunur”.…
   Əlibaba Məmmədov xoşbəxt sənətkadır. Çünki ömrünü bütövlükdə böyük sənətə həsr etmiş insan xoşbəxt olmaya bilməz. …
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar