Öz milli sənət meyarları çərçivəsini “dağıtmağa” qüvvəsi çatan, öz istedadı ilə zaman-məkan sərhədlərini aşan gerçək dühalara də çox az-az rast gəlinir. Əslində belə seçkin Allah bəndələrinin böyüklüyü, dahiliyi zamanında bilinmir. Amma buna heyrətlənməyə dəyərmi? Axı, qocaman dağa bənzər insanların böyüklüyünü onunla yanaşı olarkən dərk etmək o qədər də asan deyil. Dağın ətəyində dur, istədiyin qədər başını qaldır, boynunu geriyə qanır - xeyri yoxdur, onun buludlardan nəm çəkən zirvəsini görə bilməyəcəksən. Gərək dağdan uzaqlaşasan ki, onun möhtəşəmliyini, ucalığını dərk edəsən. Qara Qarayev də belə zirvələrdəndir. Yeri gəlmişkən, qədim türk kəlməsi olan qaranın bir mənası da elə böyük deməkdir.
   
    Belə deyirlər ki, bir dəfə Qara Qarayevlə böyük türk şairi Nazim Hikmət mühüm bir tədbirdə iştirak etməli olurlar. Tədbirin keçiriləcəyi konsert salonuna daxil olarkən «Bir məhəlləli iki oğlan» filmi ilə yaradıcılıq dostluqları başlamış zəmanəmizin iki böyük şəxsiyyətinin arasında bizlər üçün ənənəvi «buyur-buyur» başlayır. Qapıda Qara Qarayev şairə «Nazim əfəndi, buyur» söyləyir. Nazim Hikmət də «Xeyr, öncə siz içəri buyurmalısınız» deyir. Qara müəllim Nazim Hikmətin şəxsiyyətini və aralarındakı 16 il yaş fərqini nəzərə alaraq ona «Nazim əfəndi, xahiş edirəm, siz böyüksünüz» deyir. Nazim Hikmət isə «Əvvəlcə dahilər, sonra böyüklər» deyərək Qarayevi qucaqlayaraq irəli salır.
   Bəs nədəydi Qara Qarayevin dahiliyi?
   Ən birincisi, ondaydı ki, ilk milli operamızdan cəmi 10 yaş kiçik olan Qara Qarayev Azərbaycan musiqisinin imkanlarından yaradıcı şəkildə bəhrələnməyi bacaran ilk əsl simfonik musiqi bəstələmiş Azərbaycan bəstəkarıdır. Hərçənd məhz bu məharətinin, hünərinin üstündə onu millilikdən uzaqlaşmaqda qınayan, doğma xalqı ilə onun yaradıcılığı arasında sədd çəkməyə can-dildən cəhd edənlər az deyildi. Qara Qarayevi dar çərçivədə görmək istəyənlər unudurdular ki, məhz bizim böyük bəstəkarımız təkcə doğma musiqimizi deyil, ispan, alban, Afrika xalqlarının milli musiqisini eyni dərəcədə duymağı, onlardan bəhrələnməyi bacarırdı. O, alban musiqisi əsasında «Alban rapsodiyası»nı, ispan musiqisi təməlində «Don Kİxot» qravürlərini bəstələmişdi.
   Qara Qarayevi yaxından tanıyanlar, onun tələbəsi olmuş hər kəs etiraf edir ki, Qara müəllim həmişə yeniliyə, novatorluğa qəlbən, ruhən açıq olub. Çox zaman Qara Qarayevin bir müəllim kimi tələbkarlığından, tələbələri pillə-pillə yetişdirməsindən daha çox danışılır, nəinki keçdiyi bəstəkarlıq məktəbindən.
   Əvvəla, Qara Qarayev elə bir ailədə, elə bir mühitdə böyümüşdü ki, hətta valideynlərinin istəyini qəbul edib musiqiçi olmasaydı belə, əsl ziyalı kimi yetişəcəkdi. İstedad isə elə bir vergidir ki, onu hansı məcraya yönəltsən, nailiyyət qazanacaqsan.
   Sonra da musiqi məktəbi, konservatoriya, Üzeyir bəyin bəstəkarlıq sinfi. Bəli, təməli Azərbaycan musiqisi üzərində qurulmuş konservatoriyanın ilk ən qüdrətli tələbələrindən biri olmaq, sevimli müəlliminin vəfatından sonra cavan bir oğlan ikən onun yaratdığı konservatoriyaya rəhbərlik etmək və bəstəkar-pedaqoq fəaliyyətini davam etdirmək. Zamanın, yaxud taleyin işi adlandırmağımız fərq etməz - bu, bir missiya idi! Sonra da bütün dünya simfonik musiqisində yeni bir səhifə Dmitri Şostakoviçin dərsləri. Milliliklə zəngin bir gəncin özünü, öz düşüncələrini musiqinin dil ilə daha səlist ifadə etmək istedadını cilalayan dahi bəstəkar.
   Dmitri Şostakoviçin Qara Qarayev barədə ayrı-ayrı illərdə söylədiyi, qələmə aldığı, bir neçə qiymətli fikri var. Həmin fikirlərdən birincisini D.Şostakoviç 1946-cı il aprel ayının 17-də Moskva konservatoriyasını bitirən məzun Qara Qarayevin xasiyyətnaməsində ifadə edib: «Qara Qarayevin böyük və parlaq bəstəkarlıq istedadı var. Ümumi inkişafı son dərəcə yüksək səviyyədədir. O, musiqi qabiliyyəti və musiqi mədəniyyəti olan bəstəkardır. O, alətşünaslıq, polifoniya və musiqi sənətinin digər bölümlərinə əla yiyələnmişdir. Qarayev gələcəyi şübhə doğurmayan, daim axtarışda olan bəstəkardır».
    «Yeddi gözəl»in musiqisi genişmiqyaslı və genişnəfəsli, əsl simfonik musiqidir. Balet bütöv, arasıkəsilməz və getdikcə yüksələn gərginlikli hekayət kimi qavranılır. «Yeddi gözəl» baleti bütün sovet musiqi sənətinin ortaq qazancı olub, bütün sovet teatrı repertuarını zənginləşdirir» («Pravda» qəzeti, 18 dekabr 1952-ci il).
   * * *
   «Mən o dərəcədə özümə güvənən deyiləm ki, Qara Qarayev kimi böyük bəstəkardan söhbət açarkən «mənim şagirdim» ifadəsini işlədim. Lakin mən həmin görkəmli musiqiçinin, eləcə də Azərbaycan simfonizminin digər tanınmış nümayəndəsi Cövdət Hacıyevin Moskva konservatoriyasında, başçılıq etdiyim bəstəkarlıq sinfində çalışıb yetkinləşdiyi ilə hər zaman öyünəcəyəm» («Bakinskiy raboçiy» qəzeti, 30 aprel 1968-ci il).
   Qara Qarayevin tələbələri - ondan bəstəkarlıq dərsi almaq şərəfinə nail olmuş tələbələri də öz müəllimləri barədə çox isti, hərarətli sözlər söyləyiblər və hələ də söyləyəcəklər. Onların hamısı Qara Qarayevin tədris üsulunu mənimsəyərək onun məktəbini yaşadan savadlı, bilikli bəstəkar-pedaqoqlardır.
   Bu gün dahi bəstəkar Qara Qarayevin doğum günüdür. Sanballı irihəcmli musiqi əsərlərinin, teatr tamaşalarına, kinofilmlərə yazılmış musiqilərin müəllifliyi ilə yanaşı, pedaqoqluğu, ictimai xadim kimi fəaliyyətini cəmi 64 illik ömrünə sığışdırmağı bacarmış, XX əsrin ən görkəmli dünya bəstəkarları sırasında yer tutan bir sənətkarın Azərbaycan sənətinə doğum günüdür. Bizim onun dahiliyini tam dərk etməyimizdə, musiqi düşüncəsinin fəlsəfəsini anlamağımızda hələ də açıq xanalar var...
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar