Dünəndən etibarən paytaxtımız daha bir sirli ərəb ölkəsinin mədəniyyətinə və onun təmsilçilərinə qucaq açdı. Belə ki, “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində Muzey Mərkəzində İordaniya Haşimilər Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirildi.
   Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev cari ildə İslam mədəniyyətinin paytaxtı elan edilmiş Bakı şəhərinin bir-birindən maraqlı, silsilə tədbirlərə ev sahibliyi etdiyini bildirdi.
   Bugünlərdə yekunlaşan İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransının tarixi əhəmiyyətinə toxunan natiq, son illər Şərq xalqlarının mədəni irsinin öyrənilməsi istiqamətində atılan mühüm addımlardan danışdı, mədəniyyət günlərinin Azərbaycanla İordaniya arasında əlaqələrin inkişafına yeni töhfə verəcəyini vurğuladı: «Bu günlərdə şəhərimizin sakinləri və paytaxtımızın qonaqları İordaniya kino şirkətləri tərəfindən istehsal edilmiş filmlərə baxacaq, bu xalqın adət-ənənəsini, milli xüsusiyyətlərini özündə əks etdirən ekspozisiyalarla tanış olacaqlar. Təbii ki, bununla da dost İordaniya xalqının mədəniyyəti ilə iç-içə olacağıq».
   İordaniyanın Azərbaycandakı səfiri Adel Adaileh ilk dəfə keçirilən mədəniyyət günlərini yüksək qiymətləndirərək dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və danışıqların ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişafına əlverişli zəmin yaratdığını dedi: «İki ölkə arasında münasibətləri arzuolunan səviyyəyə çatdırmaq üçün Kral II Abdullah Azərbaycana, Prezident İlham Əliyev isə İordaniyaya səfər etmişdir. Ölkələrimiz iqtisadi, mədəni, ticari, informasiya və turizm sahələrində çox uğurlu əməkdaşlıq edirlər».
   Sonra iştirakçılar bu ölkənin milli geyimlərinə və “Ət-Tafilə dağları” mahnı-rəqs qrupunun çıxışına tamaşa etdilər, iordaniyalı rəssamların 49 əsəri və 30 foto işi ilə tanış oldular.
   Onu da qeyd edək ki, mədəniyyət günləri oktyabrın 22-dək davam edəcək.