İsveçin populyar ABBA qrupunun muzeyi 2009-cu ildə dünya turuna çıxacaq. «Gigwise»nin verdiyi məlumata görə, eksponatlar arasında qrup üzvləri Born Ulveus, Benni Andersson, Aqneta Feltskuq və Anni-Frid Lünqstadın şəxsi əşyaları və səhnə kostyumları, eləcə də onların musiqi alətləri var.
İlk sərgi musiqiçilərin vətənində - İsveçdə keçiriləcək. Muzeyin Stokholmda açılması planlaşdırılır. Ziyarətçilərin diqqətinə təkcə musiqiçilərin əşyaları deyil, eləcə də onların audio və video yazıları təqdim olunacaq. Lakin təşkilatçılar hələlik muzeyi yerləşdirmək üçün uyğun bina tapa bilməyiblər. Bundan əlavə, ekspozisiyanın açılışının dəqiq vaxtı da müəyyən edilməyib.
Dünya turnesi barədə qərar «Mamma Mia!» filminin uğurundan sonra qəbul edilib. Bu film üzərində ABŞ və Böyük Britaniyadan olan mütəxəssislər komandası işləyib. Britaniya tarixində ən çox pul yığan bu film ABBA-nın mahnıları əsasında hazırlanan eyniadlı müzikl əsasında çəkilib.
Filmə musiqi müşayiəti qismində ABBA-nın 24 kompozisiyası seçilib. Lakin «Mamma Mia!»nın saundtrekinin yazısı kimi diskə cəmi 18 mahnı salınıb. Bu ilin dekabr ayına qədər filmin saundtrekinin 4 milyondan çox nüsxəsi satılıb.
ABBA kvarteti 1970-ci ildə yaradılıb və 1982-ci ilə qədər fəaliyyət göstərib. Qrupun «Ring Ring» adlı ilk albomu 1973-cü ildə çıxıb. 2005-ci ildə isə «ABBA The Complete Studio Recordings» diski buraxılıb. Xüsusi buraxılışa ABBA-nın 9 studiya albomu, eləcə də konsertləri yazılan 2 DVD disk daxildir.