Biz xalq olaraq istiqlalımız uğrunda mübarizə apardıq. Onun uğrunda kifayət qədər şəhidlər verdik, sürgünlər, həbslər yaşadıq. Amma hər zaman inandıq ki, iqbalımız istiqlalımızdadır. Bu inamla ədəbiyyatımız da isiqlal savaşımızın yanında oldu. Tariximizin 1918-20-ci illərini yaddaşa çevirən ədəbiyyatımız 37-ci il repressiyasının güllələrinə tuş gəlsə də, əslində öz məfkurəsinə xəyanət etmədi. Azadlıq carçısı olan ədəbiyyatımız 1918-ci ildə qurulan respublikanın azadlıq işığını sonrakı nəsillərə daşıdı.
   
   Ədəbiyyatımızın 18-ci ili
   
   Azərbaycan Demokratik Respublikasının qurulmasına zəmin yarandığı dövrdə xalqımız tarixinin ən həyəcanlı günlərini yaşayırdı. Ədəbiyyat milli istiqlal günlərinə yaxınlaşmanın sevinci içində yaşayır, böyük ümidini bütün həssaslığı ilə tərənnüm edirdi. Soyuq Sibirin uzaq tundralarında, sovet cəlladlarının vəhşi işgəncələrinə davam gətirməyərək həlak olmuş şair Əliyusif hadisələrin inkişafını bu ilhamlı beytlərlə təsvir edirdi:
   
   Çox dolaşdım əski Şərqin ölü, hissiz yurdunu,
   Sübh olmuşdu, fəqət bir oyanan görmədim.
   Anlamazdı kimsə onun o şübhəli dərdini,
   Ağlamazdı ona kimsə, qəlbi yanıq görmədim.
   Dedilər ki, öksüz Şərqin xəzan görmüş bağında,
   Yeni başdan qızıl güllər, yasəmənlər açacaq,
   Yatmış yurdu qardaş kimi dirilt, qaldır, oyandır,
   Ürəyində sönməyəcək bir həqiqi od yandır!..
   
   Yaradıcılığa yeni başlayan digər şairləri də belə nikbin görüşlər və romantik hisslərlə həyəcanlı idilər. Az zamanda bir çox ədəbi məclislər açılır və jurnallar çap edilir. Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq və başqaları bir çox yeni əsərlər nəşr edirlər. Bunlardan Hüseyn Cavidin “Şeyx Sənan”ını, Məhəmməd Hadinin “Eşq ilahəsi”ni, Əhməd Cavadın “Qoşması”nı, Cəfər Cabbarlının “Qız qalası”nı və sairləri qeyd etmək olar.
   Milli şair Əhməd Cavadın 28 may İstiqlal günü münasibəti ilə hürriyyət ilahəsinə müraciət etdiyi “Nədən yarandım?” son dərəcə lirikdir.
   
   Sən qüdrətin aşıb coşan vaxtında,
   Mələklərin gülüşündən yarandın!
   Sehr dilli bir fırçanın əliylə,
   Ahuların duruşundan yarandın!
   Ay işığı gözəlliyin, qızlığın,
   Çiçəklərlə öpüşündən yarandın!
   
   Həmin dövrdə yaranan ədəbiyyat erməni vandalizminin törətdiyi mart qırğınlarını da unutmurdu. İstedadlı nasir Seyid Hüseyn məlum hadisələrlə bağlı iki hekayə yazaraq çap etdirir."İsmailiyyə" hekayəsi "İstiqlal" qəzetində (1919,4 mart) "Həzin bir xatirə" adlı hekayə isə "Azərbaycan" qəzetində (1919, 20-26 avqust) çap edilmişdir. Seyid Hüseyn “İsmailiyyə” hekayəsi haqqında belə yazırdı: "İsmailiyyə - o milli əməllərimizin doğulduğu yer, o möhtəşəm bina, o Azərbaycan fikrini, Azərbaycan hürriyyət və istiqlaliyyəti-məfkurəsini bir ana kimi bəsləyib tərbiyə verən, millət arasında nəşr edən mərkəz, o gözəl və sevimli bina". Hekayədə "İsmailiyyə" canlı obraz, əsərin baş qəhrəmanı, namus rəmzi, mədəniyyət emblemi kimi təsvir edilmişdir. Ermənilər təkcə köməksiz, ixtiyar insanları deyil, məscidlərin, mətbəələrin, mədəniyyət abidələrinin də üzərinə hücuma keçmiş, onları məhv etməkdən, yandırıb-dağıtmaqdan çəkinməmişdilər. Seyid Hüseyn Azərbaycan oxucusuna "İsmailiyyə"ni memarlıq abidəsi, istiqlal məfkurəsinin beşiyi kimi təqdim edərək onu yandıranlara nifrət aşılamağa nail olmuşdur. Adı unutdurulmuş ziyalı-şairimiz Hacı Səlim Səyyah (1869-1933) əslən keşləli olsa da, Vilnüsdə anadan olmuş, on il Bakıda yaşamış (1873-1883), dörd il Qahirənin "Əl-Əhzəd" Universitetində oxumuş, Suriyada "Sehr-ül-hilayə" adlı kitabı çıxmışdır. 1900-cü ildə Bakıya qayıdan şair "Nəşri-maarif" xeyriyyə cəmiyyətində 1 saylı məktəbin direktoru olmuş, "Məktəb" adlı mətbəə açaraq 1915-17-ci illərdə iyirmiyədək şeir və nəsr kitablarını çap etdirmişdir. Mart hadisələri ərəfəsində Bakıda faciənin iştirakçısına çevirilən H.S.Səyyah bu mövzuda bir neçə şeir və məqalə yazmışdır. Bunlardan ən təsirlisi "Mart ayı" sərlövhəli təxmisidir. Şairin təsvir etdiyi hadisəni Şamaxı sakini Cəmo Cəbrayılbəyli FTK-ya verdiyi izahatında belə yazırdı: "1918-ci ilin martında ermənilər top mərmiləri ilə Cümə məscidini və onunla üzbəüz yerləşən mədrəsəni xarabalığa çevirdilər. O zaman məsciddə çoxlu qadınlar, uşaqlar, qocalar gizlənmişdi. Onların arasında şəhərin ən hörmətli ağsaqqallarından olan axund Molla Cəfərqulu da var idi. Erməni bandaları məscidə soxulur, axundu tapıb gözlərini çıxarırlar, dilini, burnunu və qulaqlarını kəsirlər, üzünün və başının dərisini diri-diri soyurlar. Sonra işgəncə ilə öldürürlər. Məsciddə gizlənən arvad-uşaqları isə qatillər diri-diri yandırırlar".
   Bu tükürpərdici dəhşətli mənzərə yazıçı təxəyyülünün məhsulu deyil, şahid ifadəsi, tarixi faktdır. Bu həqiqətlər amansızlığın və qəddarlığın miqyası baxımından yalnız erməni təfəkkürünün məhsulu, erməni cəza və işgəncə üsulunun növləridir. Dünyada analoqu olmayan, təkrarsız işgəncə növlərinin, vəhşilik nümunələrinin şahidi olan Hacı Səlim Səyyah "Mart ayı" şeirində yazırdı:

   Ermənilər əldə bomba, süngü, xəncərlər, bıçaq,
   Kəsdilər evlərdə minlərcə gəlin, arvad, uşaq,
   Südəmərlər nizə nukində çalardı əl-ayaq.
   Nalə, yalvarmaq bu qövmə hərgiz etməzdi əsər.
   
   Məhəmməd Hadinin "Şühadeyi hürriyyətimizin ərvahinə ithaf" şeiri mart soyqırımının birinci ildönümü münasibətilə yazılmış və "Azərbaycan" qəzetinin 31 mart 1919-cu il tarixli 147-ci sayında çap olunmuşdur. Şair soyqırımının qurbanlarını haqlı olaraq azadlıq uğrunda canından keçmiş şəhidlər adlandırır.
   
   Sizin məzariniz iştə qülubi-hürriyyətdir,
   Bu sözlərim ürəyimdən qopan həqiqətdir,
   Sizi unutmayacaq şanlı millətim əsla,
   Əmin olun buna, ey ziynəti cəhani-fəna,
   Sizinlə buldu bu millət həyati nur istiqbal.
   
   Müraciət etdiyimiz bədii nümunələrlə tarixi faktları, Fövqəladə Təhqiqat Komissiyasının topladığı və rəsmiləşdirdiyi materialları, sənədləri müqayisə və təhlil etdikdə belə qənaətə gəlmək olar ki, sənət əsərlərində həyat həqiqətləri daha inandırıcı, qabarıq və təsirli verilmişdir.
   Faciənin səbəbləri - kökü və məqsədi bədii əsərlərdə düzgün müəyyənləşdirilmiş, erməni vəhşiliyi, erməni qəddarlığı inandırıcı, tünd boyalarla əks etdirilmişdir. Zorakılığa, zülmə və amansızlığa nifrət, haqqa, ədalətə, hürriyyətə rəğbət hissinin aşılanması azərbaycanlıların soyqırımından bəhs edən bədii əsərlərin əsas qayəsini təşkil edir. Vətənpərvər ədiblərimizin ürək yanğısını, fəryadını sözündə, sətrində yaşadan bu əsərlərin arxiv qaranlığından çıxarılaraq milli istiqlal işığında mükəmməl tədqiqinə və təhlilinə hələ də ehtiyac duyulmaqdadır. Çünki yaxın tarixə kimi bu azad ədəbiyyatı arxivlərdə sovet ideologiyası unutdurmuşdu. Sovet istilası ədəbiyyatın maneəsiz irəliləməsi üçün əngəllər törətdi. Milli ruha yabançı olan kommunist hökuməti formaca milli olan ədəbiyyata beynəlmiləl proletar məzmunu verməyə çalışdı. Bununla barışmayanlar isə tezliklə 37-ci liln repressiyaları ilə üzləşməli oldular.

   Sovetlər içində
   
   Lakin sovet ideologiyası milli Azərbaycan ruhunu çürütmək və burada “proletkult” deyilən bir mədəniyyət yaratmağa bütövlükdə nail ola bilmir. Ədəbiyyat əski ustadların əlində idi. Görünüşdə mövcud vəziyyətə uyğun olaraq, yeni hökumətin bəzən sərtliyini, bəzən də diplomatca yumşaqlığını dadan bu yazıçılar öz çətin və ağır yaradıcılıqları ilə məşğul idilər. Məsələn, tezliklə “Molla Nəsrəddin”i əlindən alınacaq Cəlil Məmmədquluzadə “Kamança” adlı bir pyes yazır. Erməni-müsəlman toqquşması əsnasında bir erməni kamançaçı ondan intiqam istəyən bir türkün əlinə keçir. Lakin sənətkar hər iki millət üçün ortaq olan bir musiqi çalmaqla düşməninin qəlbini yumşaldır və beləliklə, ölümdən qurtarır. Pyesi o zaman səhnəyə qoymurlar.
   Yazıçının “Anamın kitabı” adlı başqa bir əsəri də çox böyük rəğbət doğurur. Üç oğul müxtəlif məmləkətlərdə oxumuşlar: İran məktəbinin şagirdi molladır, özü ilə əski sxolastik zehniyyətini gətirmişdir. Türkiyə tərbiyəsi alan ikinci oğul Azərbaycan şivəsini İstanbul ağzı ilə dəyişdirməyi bir mərifət sayır. Rusiyada təhsil görmüş üçüncü oğul isə tamam başqa şeylərdən zövq alır. Ailədə ixtilaf başlayır. Bu qarışıqlıqdan bezmiş ixtiyar ana oğullarına öyüd verərək kitabından uzaqlaşmamağı tövsiyə edir. Cəmiyyəti öz ana kökündən ayırmaq istəyən kommunistlərə, xalqı “Anamin kitabı”na çağıran bu əsər xoş gələ bilməzdi və bu əsərin səhnə həyatına da qadağa qoyulmuşdur.
   Süleyman Sani Axundovun “Laçın yuvası” adlı pyesi də eyni aqibətlə üzləşmişdir. Əhvalat Qarabağda cərəyan edir. Azərbaycanlı gənc bir kommunist Qarabağın keçilməz meşələrindən birində yerləşən bəy qəsrini tutur. İnqilabçının nişanlısı olan qız ondan üz çevirir. Lakin ingilabçı uzun bir monoloqla qızı inandırmağa çalışır, inqilabın lazım olduğunu ona sübut etmək istəyir. “Yalnız bu yolla müsəlman məmləkətlər dünya imperializminin əlindən qurtulacaqlar” - deyir.
   Pyesin sosial səbəbə deyil, sadəcə siyasi taktikaya dayanan bu inqilabçılığı qırmızı senzuraya çox da xoş gəlməmişdi.
   Hüseyn Cavid Azərbaycanın sovetləşdirilməsindən sonra bir çox mənzumələr yazır. Bunlardan “Topal Teymur” və “Peyğəmbər” əsərləri sovet rəhbərlərini daha çox narahat edir. Şairin bu iki əsəri oxucularda olduqca dərin təsir buraxır. Öncə oynanılmasına icazə verilən “Topal Teymur” tamaşaçıları həyəcana gətirir. Dövlət teatrında pyes bir neçə dəfə oynanılır. Əhali türklüyün ümumi qəhrəmanı Teymurləng obrazını müsbət planda qəbul edir. Əsl həqiqəti sonradan başa düşən bolşeviklər pyesin göstərilməsini qadağan edirlər.
   Azərbaycan XX əsrin 20-ci illərində itirdiyi istiqlalına elə həmin əsrin sonlarında yenidən qovuşdu.
   İstiqlal şairinin o illərdə ürəyindən qopan misralar bu gün dillər əzbəridir:
   
   Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
   Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!..
   
   Sabutay