Beynəlxalq maliyyə böhranı nəticəsində Brodveydə müzikllər kütləvi şəkildə bağlanır. «RİA Novosti» agentliyi qeyd edir ki, aktyorlar işlərini itirir, dekorasiyalar satılır, tamaşaçılar isə sonuncu dəfə ulduzları səhnədə görməyə tələsirlər.
  
   Son bir ay ərzində Brodveydə 16 şou bağlanılıb. Son bir il ərzində isə 37 tamaşa ən məşhur teatr avenyusunun repertuarından çıxarılıb. Minlərlə aktyor küçəyə atılıb.
   Aktyor Mark Eperson deyir ki, vaxtilə anşlaq və gurultulu alqışlarla qarşılanıb və bunun nə olduğunu yaxşı bilir: «Amma mən adi anlamda məşhurluq qazanmamışam. Bu səbəbdən də 16 yaşlı uşaq kimi yenidən kastinq keçməyə məcbur olacağam. Sözsüz ki, bundan sonra kimsə Brodveydə yeni şou qurmaq istəsə».
   Prodüserlər müzikllərin bağlanmasını biletə tələbatın kəskin şəkildə aşağı düşməsi ilə izah edirlər. Prodüser Erik Falkenşteyn müzikl istehsalının çox bahalı bir iş olduğunu vurğulayıb: «Şounu yaradaraq heç olmasa bir müddət səhnədə qalmaq üçün on milyonlarla dollar tələb olunur. Bir həftə ərzində bir neçə yüz min dollar qazanmaq lazımdır. Onun da böyük hissəsi bilet satışından əldə olunur. Hazırda isə bilet satışı ən azı iki dəfə azalıb».