İyunun 10-da Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 2010-cu ildə zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatının 135 ili tamam olur: “1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.
Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olmuşdur. XlX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində “Əkinçi” ənənələrini davam etdirən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” və digər nəşrlər insanları yüksək ideallar uğrunda mübarizəyə səsləmiş, milli oyanış və özünüdərk prosesinin aparıcı nümunələri kimi tanınaraq şöhrət qazanmışlar. Azərbaycan mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr vermişdir”.
Sərəncamda daha sonra vurğulanır ki, müstəqillik qazandıqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikasında söz və məlumat azadlığının təmin edilməsi prioritet vəzifə kimi müəyyənləşdirilib: “Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.
Azərbaycan dövlətinin artan imkanları milli mətbuatımızın inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır”.
Sərəncamda Azərbaycan milli mətbuatının 135 illik yubileyi ölkəmizdə geniş qeyd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırılıb.
Prezident Administrasiyası həmçinin bir ay müddətində jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.