Bu günlərdə TÜRKSOY-un xətti ilə Türkiyənin Mersin şəhərində beynəlxalq opera sənəti festivalı keçirilib. Festivalda ölkəmizi Opera və Balet Teatrının gənc solisti Çinarə Şirinova təmsil edib.
   
   Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan təmsilçisi ilə yanaşı, festivala Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Xakasiya, Qaqauz Yeri (Moldova) və Şimali Kiprin opera teatrlarının aparıcı solistləri də qatılıblar. Festivalın açılışı günü Çinarə Şirinova Mersin Simfonik Orkestrinin müşayiəti ilə P.Maskaninin “Kənd namusu” operasından Santutsanın ariyasını ifa edib. Onun çıxışı tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
   Ç.Şirinova klassik operalardan parçalarla yanaşı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını səsləndirib. Çinarə İstanbul, Mersin, İzmir və Ankaranın opera teatrlarından dəvətlər alıb. Onun çıxışı TÜRKSOY-un baş katibi Düsen Kaseinov tərəfindən də yüksək qiymətləndirilib.