İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq rəssamı Toğrul Nərimanbəyovun 80 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 2010-cu ilin avqust ayında müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ Xalq rəssamı Toğrul Fərman oğlu Nərimanbəyovun anadan olmasının 80 ili tamam olur. Toğrul Nərimanbəyov mahir boyakar, monumentalçı və teatr rəssamı kimi öz fitri istedadı sayəsində mədəniyyətimizin inkişafına dəyərli töhfələr verib. Onun əsərləri müxtəlif muzey və kolleksiyalarda nümayiş etdirilərək gənc rəssamlar nəslinin formalaşmasına müsbət təsir göstərməkdədir.
   Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Toğrul Nərimanbəyovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.