“Qloballaşma şəraiti mədəniyyətlərinin dialoqu” adlı forum ötən il Moskvada keçirilmiş elmi konfransın davamıdır
   
   Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə iyunun 29-30-da Bakıda “Qloballaşma şəraiti mədəniyyətlərinin dialoqu” mövzusunda forum keçiriləcək. 
    2009-cu ilin iyununda Moskvada keçirilmiş elmi konfransın məntiqi davamı kimi nəzərdə tutulan bu beynəlxalq forum görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq.
   Elmi müstəvidə fəlsəfi araşdırmaların yer alacağı forumda AMEA və Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun tanınmış alimləri “Beynəlxalq elmi əməkdaşlığın və Azərbaycanda ictimai elmlərin inkişaf yollarının bəzi problemləri”, “Qloballaşma, terrorizm və dialoq”, “Mədəniyyət, sivilizasiya, qloballaşma. Heydər Əliyev. İnsan və siyasətçi”, “Müasir cəmiyyətdə demokratik dəyərlərin şəxsi ölçüləri”, “Demokratiya, kütlə cəmiyyəti və bir daha tarixdə şəxsiyyətin rolu haqqında”, “Qloballaşma şəraitində təfəkkür mədəniyyətinin qarşılıqlı əlaqəsi”, “Sivilizasiyaların əvəzlənməsi dövründə yeni nəslin təhsil və estetik tərbiyə problemləri”, “Müasir Azərbaycanda vətəndaş mədəniyyəti və vətəndaş dəyərləri” və s. mövzularda çıxış edəcəklər.
   İkigünlük forumun qonaqları Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.