Yan Artyus Bertranın və Lük Bessonun ekoloji-təbliği «Home» filmi bu gün - Ümumdünya Ətraf Mühit Günü dünyanın 87 şəhərində eyni zamanda nümayiş olunacaq. Bu barədə «Ekologiya və dünya» saytı xəbər verir.
Vəhşi təbiəti çəkən məşhur fotoqraf Artyus Bertranın və dünya şöhrətli rejissor Bessonun kinolayihəsinin arxasında 15 illik iş, dünyanın 100-dən çox ölkəsində çəkilən 500 fotoşəkil, 3 milyon tirajla satılmış kitab, 100 pulsuz open-air sərgisi, 100 milyon ziyarətçi və nəhayət, tamaşaçı auditoriyası 5 milyon nəfər olan 4 sənədli film durur.
Film təbiətin gözəlliyini və insan fəaliyyəti nəticəsində dəyən ziyanın, dağıntıların miqyasını göstərir. Filmin yaradıcıları bildirirlər ki, adamlar bu filmə baxandan sonra dərs götürəcəklər: «Sənaye istehsalı nəticəsində dünyaya vurulan sağalmaz yaralar, müharibələrin, ekoloji faciələrin nəticələri tamaşaçıya planetdə yaranan real vəziyyəti göstərir».
Yan Artyus Bertran müsahibələrindən birində bildirib ki, onun üçün ən emosional an planetimizin kosmosdan çəkilən şəkli olub: «Bizim planetə kosmosdan baxanda görürsən ki, hər şey əlaqəlidir. Biz hansı qitədə, hansı şəhərdə yaşamağımızdan asılı olmayaraq, qardaş və bacılarıq. Yer bizim ümumi evimizdir və biz onu bir yerdə qorumalıyıq».